Manat yenə ‘öləcək’-ekspert həyəcan təbili çalır

Manat yenə ‘öləcək’-ekspert həyəcan təbili çalır

‘Yeni Sabah.az ’ ‘Manat yenə ‘öləcək’-ekspert həyəcan təbili çalır’ sərlövhəli məqalədə manatın dəyərdən düşə bilməsi ehtimalları araşdırılır.
 
Müəllif bu məsələni iqtisadçı-ekspert Natiq Cəfərli ilə gündəmin müzakirəsinə daşıyır.
 
“2019-cu ilin noyabr ayından 2020-ci il fevralın 1-nə kimi olan dövrdə ölkədə fiziki şəxslərin cəmi əmanətləri 222 milyon 625 min manat, xarici valyutadakı əmanətləri isə 495 milyon 747 min manat azalıb. Milli valyutadakı əmanətlər isə 273 milyon 121 min manat artıb”. Bunu N.Cəfərli bildirib.
 
N.Cəfərliyə görə, valyutada əmanətlərin azalmasına səbəb valyuta əmanət faizlərinin azalmasıdır.
 
Ekspertin fikrincə, manatla əmanətlərin az da olsa artması məzənnənin inzibati qaydada iki ildən çox sabit qalması, manatla əmanət faizlərinin nisbətən yüksək olması və bütün əmənətlərin sığortalanması haqqında hökumətin verdiyi qərar idi.
 
N.Cəfərli bildirir ki, martın 4-də bütün əmanətlərə tədbiq edilən sığorta müddəti bitir, amma hökumətdən heç bir açıqlama, mövqe yoxdur.
 
Ekspert əlavə edir ki, neftin qiyməti düşür, hazırda 52 dollar civarındadır: “Sırf iqtisadi amilləri götürsək qiymət 40-45 dollara qədər düşməlidir, çünki dünyada iqtisadi aktivlik kəskin azalır, virus təhlükəsi artıqca daha da azalacaq. Hətta virus təhlükəsi yaxın 2 ayda nəzarət altına alınsa belə, dünyada iqtisadiyyatın özünə gəlməsi azı 6-8 ay çəkəcək”.
 
N.Cəfərlinin deməsinə görə, belə vəziyyətdə manata təzyiqlər artsa da hökumət həmən devalvasiya qərarı verməyəcək, azı may-iyun ayına qədər gözləyəcək: “Amma neft 50 dollardan aşağı düşüb o zamana qədər elə qalsa 10-15%-lik devalvasiya qaçılmaz olacaq”.
 
Ekspertin fikrincə, hökumət bu illər ərzində çox primitiv, dayanıqsız, xarici şoklardan və neftdən təhlükəli həddə asılı olan bir iqtisadi model qurub və hamını bu bəsit modelin girovuna çevirib.
 
N.Cəfərli hesab edir ki, əmanətlərin tam sığortalanması qərarı uzadılmasa əhalinin bir qismi öz əmanətlərini, əsasən də manatla olan əmanətlərini banklardan geri çəkməyə başlayacaq, bu isə zorla ayaqda duran bank sektoruna ciddi ziyan vuracaq.
 

Google+ WhatsApp ok.ru