Manatın devalvasiyası yenidən gündəmdə

Manatın devalvasiyası yenidən gündəmdə

Vüqar Bayramov: “Manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarları ilə formalaşır”
 
ABŞ Federal Ehtiyat Sistemi iyulun 6-da Bakı vaxtı ilə saat 22:00-da ötən ay keçirdiyi iclasın yekunlarına dair açıqlama yayacaq. Bu açıqlamanın dünya valyuta bazarına təsir edəcəyi gözlənilir.
 
Qeyd edək ki, son iclasda FED balansını azaltmağa başlayacağı barədə məlumat yaysa da, prosesin nə zaman işə düşəcəyini bildirməyib. Analitiklər iyulun 6-da axşam bu barədə məlumat veriləcəyini gözləyirlər. Xatırladaq ki, iyunun 13-14-də keçirilən iclasda FED uçot dərəcəsini 1-1,25%-ə yüksəldib. Bununla yanaşı, FED-in iyulun 7-də monetar siyasət barədə planları, iyulun 12-də isə qurumun rəhbəri Canet Yellenin ABŞ Konqresində bu ilin ilk yarısının yekunları ilə bağlı açıqlamaları gözlənilir.
 
İnvestorlar FED-in balansın azaldılmasına sentyabrda başlayacağını, uçot dərəcəsini isə dekabrda yüksəldəcəyini gözləyirlər. Hazırda fyuçers kontraktları bu ehtimalın yüksək olduğunu göstərir. Həmçinin investorların diqqəti FED-in son aylarda düşməyə başlayan və 2% hədəfindən uzaqlaşan inflyasiya göstəricisi barədə fikirlərinə yönələcək. FED-in açıqlamalarının ABŞ dollarının cari məzənnəsinə ciddi təsir göstərəcəyi istisna edilmir.
 
Belə olan halda birbaşa olmasa da, dolayısı ilə Azərbaycan manatı üçün də təhlükə yaranır. Qeyd edək ki, iki gün öncə iqtisadçı ekspert Qubad İbadoğlu da açıqlama yayaraq, manatın devalvasiyası ehtimalını istisna etməmişdi. Ekspert bildirmişdi ki, son aylar manatın dollara nəzərən məzənnəsində sabitlik hökm sürsə də, bu, inzibati xarakter daşıyır: “Əslində ötən aylarda dollara tələbat və onun satışı müntəzəm olaraq artır. Manat yenə çətin durumdadır. Dövlət Neft Fondunun (DNF) son açıqlamasına görə, bu ilin iyununda DNF valyuta hərraclarında 373,2 milyon dollar satıb, halbuki aprel ayında bu göstərici 220 milyon, may ayında 250 milyon dollar olub. Göründüyü kimi, ötən ay ondan 2 ay öncə ilə müqayisədə dollara tələbat 41 faiz, 1 ay öncəyə nisbətən isə 33 faiz artıb və valyuta bazarında bir o qədər də çox dollar satılıb. Bu isə o deməkdir ki, valyuta tələbat dinamikası müsbətdir və artım davam edəcək, nəticədə manat yenə də devalvasiyaya uğrayacaq. İqtisadiyyatın sadə tələb və təklif qanunu bu məntiqi sübut etmək üçün yetərlidir”.
 
Hazırda FED-in gözlənilən açıqlamasının dünya valyuta bazarına təsiri və Azərbaycan manatının gələcəyi ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Vüqar Bayramov ABŞ-da uçot dərəcələrinin artırılması ilə bağlı iki zidd fikrin olduğunu vurğuladı: “FED son dövrlər uçot dərəcələrinin artırılması ilə bağlı daha tez-tez qərarlar qəbul edir. Nəticə etibarilə bu qurum dünya bazarında dolları stabilləşdirmək niyyətindədir. Ancaq hələlik uçot dərəcələrinin artırılıb-artırılmaması ilə bağlı fikir ayrılığı var. Əgər əvvəlki toplantılara FED faizlərin artırılması ilə bağlı yetkin rəylə gedirdisə, hazırda kəskin fikir ayrılığı var. Bu baxımdan, ABŞ Federal Ehtiyat Sisteminin hansı qərarı qəbul edəcəyini də proqnozlaşdırmaq çətindir. Güman olunur ki, il ərzində FED uçot dərəcələrini artırmaqda maraqlı olacaq və çalışacaq ki, artırsın. Ancaq FED-in buna gedib-getməyəcəyini proqnozlaşdırmaq çətindir. Çünki fikir ayrılığı var”.
 
 
İqtisadçının sözlərinə görə, FED dolların stabilləşməsində maraqlıdır, bunun əksinə, Ağ Ev dolların ucuzlaşmasında maraqlıdır: “Ağ Ev dolları ucuzlaşdırmaqla ABŞ-ın ixrac imkanlarını artırmağa çalışır. Tramp administrasiyasının yanaşması ondan ibarətdir ki, ucuz dollar Amerika üçün daha geniş ixrac imkanları deməkdir. Ucuz dollar Amerikada idxalın azaldılması baxımından da bir hədəf olaraq görülür. FED-in arqumenti isə ondan ibarətdir ki, əvvəlki dövrlərdə dollar stabil olub. Bu, ABŞ iqtisadiyyatına heç də mənfi təsir göstərməyib. Əksinə, Birləşmiş Ştatlar iqtisadiyyatına müsbət təsir göstərib. O baxımdan, ABŞ-da Ağ Evlə FED arasında fərqli fikirlər var. Dolların stabilləşməsi bütün hallarda gözləniləndir. Çünki son dövrlərdə dollar Avropaya nisbətən dəyər itirib. FED bu kontekstdə dolların stabilləşməsinə çalışacaq”.
 
V.Bayramov onu da vurğuladı ki, indiki dövrdə Azərbaycan manatına FED-in qərarlarından daha çox Mərkəzi Bankın qərarları təsir edir: “Xüsusən də manat bazası ilə bağlı Mərkəzi Bankın addımları milli valyutanın məzənnəsinə daha çox təsir göstərir. Təbii ki, FED-in qərarlarının da müəyyən təsirləri var. Lakin biz ötən iki qərarın nəticələrini qiymətləndirsək görərik ki, psixoloji təsirlər olsa belə , ciddi iqtisadi təsirlər olmadı. FED-in uçot dərəcələrinin artırılması ilə bağlı qərarından sonra manatın ucuzlaşması qeydə alınmadı. Bu da onunla bağlıdır ki, FED-in qərarı iqtisadi təsirdən daha çox psixoloji təsir göstərir. Manat bazası kiçik olduğundan psixoloji təsirlər belə dollara tələbin artmasına gətirib çıxarmır. Səbəb odur ki, manatın məzənnəsinə Mərkəzi Bankın təsir imkanları genişdir. Digər tərəfdən, neftin qiymətinin azalması və idxalın məhdudlaşması da prosesə birbaşa təsir göstərir. Eyni zamanda 2017-ci ilin sonunadək biz avqustun ikinci yarısında, sentyabrın birinci yarısında və dekabr ayında dollara tələbin artacağını proqnozlaşdırırıq. Birinci dövrdə dollara tələbin artması birbaşa yeni dərs ilinin başlaması ilə bağlı məktəb ləvazimatlarına olan tələbin artması ilə bağlıdır.
 
Məlum olduğu kimi, məktəb ləvazimatlarına olan tələb idxal hesabına həyata keçirilir. Bu da dollara tələbin atmasına səbəb olur. Hərracda satılan dolların təxminən 90 faizinin idxal üçün istifadə olunduğunu nəzərə alsaq, idxalın artması dollara tələbin artmasına gətirib çıxarır. Dekabr ayında yenidən dollara tələb artır. Çünki bayramlar var və bu səbəbdən idxala tələb artır. Xarici səfərlərin sayı çoxalır. Eyni zamanda dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərinin artması da ilin sonunda dollara tələbin artacağını deməyə əsas verir. Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərməsi isə birbaşa manat bazasının və Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mərkəzi Bank artan tələbi ödəməklə mövcud məzənnədəki intervalı qoruyub saxlaya bilər. Və ya artan tələb fonunda Mərkəzi Bank hərraclarda təklifi artırmayacaqsa, o zaman məzənnəyə təsir göstərəcək. Yəni məzənnə birbaşa Mərkəzi Bankın qərarları ilə formalaşır”. (musavat) /
 

Google+ WhatsApp ok.ru