Marketlərdə satılan düyüdəki “düyünlər”

Bazarlardan aldığımız və süfrəyə plov olaraq təqdim etdiyimiz düyülərin bir qismi plastik düyü imiş. Son günlər bu haqda məlumatlar və  şayiələr mətbuatın gündəmindən düşmür. Deyilənlərə görə, süni düyülər əsasən nişastadan və undan hazırlanır, tərkibinə sintetik materiallar və plastik maddələr də qatılır. Bu düyülər daha şəffaf olur və bişərkən dənəvər qalır, əzilib yapışmır, həlimli olmur.
 
İddialara görə, süni düyülər Azərbaycan bazarlarına da Hindistan, Pakistan düyüsü adı ilə ayaq açıb. Əslində isə bu düyülər Çindən gətirilir. 
 
“Yeni Müsavat”ın müxbiri paytaxtın bir neçə mağazasına baş çəkib. Kənd təsərrüfatı məhsullarının satıldığı bazarlarda düyülər açıq çəki ilə satılır. Satıcılar isə bu haqda eşitsələr də, onlarda belə məhsulun olmadığını bildirirlər. Onların sözlərinə görə, bu haqda məlumatı da ilk dəfə mediadan eşidiblər, lakin özləri də bu düyülərin fərqini bilmirlər. 
 
Marketlərdə isə müxtəlif düyü növləri “Tamaşa”, “Sultan Basmati”, “Məhəbbət”, “Şahənşah” və sair alıcılara təklif olunur. Satıcılar bu düyülərin saxta olacağını istisna edirlər. 
 
Alıcılar isə deyir ki, onlar artıq qəbul etdikləri qidaların heç birinin təbiiliyinə inanmırlar. Bu baxımdan düyülərin də saxta olması ehtimalı təəccüblü deyil. Alıcılardan yerli düyülərə üstünlük verdiklərini deyənlər də az olmadı. 
 
Qeyd edək ki, 8-ci kilometr bazarında müxtəlif növ düyülərin kiloqramı  2.5 manata satılır, marketlərdə isə 1 kiloluq düyü qutuları 3.5 manatadır. Bazarda yerli düyülərdən ən çox Astara düyüsünə təsadüf olunur, bu düyü 5 manata təklif olunur. Satıcılar deyir ki, yerli məhsul baha olduğu üçün alıcılar digərlərinə üstünlük verirlər. 
 
Ekspertlər isə süni düyülərin təbii düyü adı ilə satışa çıxarılmasını alıcıların aldadılması kimi dəyərləndirsələr də, bunun sağlamlıq üçün təhlükəli olmadığını bildirdilər. 
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında bu durumu istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirdi: 
 
“Süni düyünün olmasında təəccüblü heç nə yoxdur. Süni kürü də var, Azərbaycanda da istehsal olunur. Onun balıq kürüsü ilə heç bir əlaqəsi yoxdur. Müəyyən standartlar və texniki şərtlər əsasında istehsal olunur və satılır. Bu cür də süni düyü var. O da xüsusi texnologiya ilə istehsal olunur. Bu, mürəkkəb bir şey deyil, sadəcə, nişastadan, qırılmış düyülərin una çevrilib qatılmasından və digər qida maddələrindən hazırlanan süni düyü istehsalı mövcuddur. Lakin o düyülərin içində plastik olması, kimyəvi maddələrin olması istisna olunur. Belə bir şey mövcud deyil. Bu düyülər müxtəlif qida üçün yararlı olan maddələrdən hazırlanır və insan həyatı üçün təhlükəli deyil. Azərbaycanda da belə düyülərin olması istisna olunmur. Lakin istehlakçıların aldanmaması üçün gərək həmin düyünü satanlar onun süni düyü olması haqqında alıcıya məlumat versinlər. Əks halda, bu, istehlakçıların aldadılması kimi başa düşülür. Əgər müvafiq dövlət orqanları bu işə müdaxilə edərsə, 1500 manatdan 2000 manata qədər cərimə gözləyir. Bu cür düyülər bişərkən dənəvər dayanması ilə, öz şəffaf görkəmi ilə, yaxşı düyü kimi özünü imitasiya etməsi ilə xarakterizə olunur”. 
 
Ekspert bildirdi ki, Azərbaycanda bu düyünün satışda olması istisna olmasa da, heç bir düyünün üzərində süni düyü olması haqqında məlumata rast gəlinməyib: “Onların fərqinə gəlincə, ən yaxşı halda bu düyüləri cücərtməklə bilmək olar. Təbii düyü cücərir, süni düyü isə cücərmir. Bunu adi gözlə öyrənmək mümkün deyil, yalnız laborator yolla bunu müəyyən etmək olar. Necə ki, süni kürünü təbiidən ayırmaq çox çətindir. Hətta süni kürü öz dənəvərliyi və şəffaf görkəmi ilə təbii kürüdən yaxşı görünür. Süni düyünü də ilk baxışda fərqləndirməyin yolu yoxdur”. 
 
Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov isə “Yeni Müsavat”a danışarkən bildirdi ki, əhali yerli düyü növlərinə üstünlük versə daha yaxşı olar: “Hindistan, Pakistan və İrandan gələn düyü hələlik təbii düyüdür. Alıcılar sadəcə o biri düyüləri almasınlar. Çindən gələn düyülərə üstünlük verməsinlər. Düzdür, düyü plastikdən ola bilməz. Bu yanlış  informasiyadır. Süni düyü də təbii materiallardan hazırlanır, plastik deyil. Ancaq məsləhət görərdim ki, insanlar təbii düyüyə üstünlük versinlər. 
 
İndi artır yumurtanı da süni şəkildə hazırlayırlar. Amma siz yumurta yemək istəyirsiniz, yoxsa jelatin?Bunun fərqi var. Ona görə də normal düyü seçib almaq lazımdır. Azərbaycanda da düyü alarkən diqqətli olmaq lazımdır, onların arasında süni düyü də ola bilər". 
 
Baş kulinarın fikrincə, indi yerli biznesmenlər o həddə çatıblar ki, harada ucuz məhsul varsa, keyfiyyətinə baxmadan alıb gətirir, əhaliyə təklif edirlər: “Mən hətta qorxuram  ki, Çindən ucuz düyünü alıb gətirib, Hindistanın və ya İranın düyü firmalarının qablarına doldurub satsınlar. Ən yaxşısı yerli düyülərdir. Bizim çox gözəl Lənkəran-Astara düyümüz var, Şəki düyüsü var, çox ləzzətli və həlimlidir. Yerli məhsullara üstünlük vermək həmişə yaxşıdır. Məhsul sizin yaşadığınız yerə nə qədər yaxın olsa, təxminən 500 kilometr radiusunda yetişirsə, o sizə xeyirlidir. Ən yaxşı məhsul belə çox uzaqdan gəlirsə, bədənə düzgün məlumat vermir və xeyirli olmur. Mən məsləhətçi olduğum yerlərdə yerli düyüdən istifadə edilməsini məsləhət görürəm. Əgər biz yerli məhsula üstünlük versək, kəndli də daha çox onu əkər. O düyü də yerli əhaliyə bəs edər. İran düyüsü də bizə çox uyğundur. Hindistan və Pakistan düyülərinin də keyfiyyəti çox yaxşıdır”.  /

Google+ WhatsApp ok.ru