Marşrutsuz, asfaltsız qəsəbənin sakinləri: “”Dakar” rallisi də burada keçirilsin” - FOTOLAR

Bu yolları ilk görən düşünə bilər ki, bura hələ insan ayağı dəyməyib. Piyadaların hərəkəti üçün səki yoxdur, avtomobillər üçün olan yol isə heç Azərbaycanın ən ucqar dağ kəndlərindəki yollardan fərqlənmir. 
 
Söhbət heç də ucqar bir rayonun problemindən getmir. Haqqında danışdığımız yollar paytaxtdan bir neçə dəqiqəlik məsafədə yerləşən Sabunçu vağzalından Muxtarov qəsəbəsinə, Muxtarov qəsəbəsindən də Ramanaya aparır. Bu yollar köhnə aeroport yolu kimi də tanınır. Sakinlərin şikayətlərindən sonra bu mövzu haqda “Yeni Müsavat”ın ötən saylarında məlumat dərc etmişdik. Bundan sonra ötən il yolun çox qısa bir hissəsində “Azəryolservis” ASC tərəfindən təmir işləri aparıldı. Lakin bu işlər sadəcə yolun üstünü bəzəməkdən o tərəfə keçmədi.
 
Bu ilin qış aylarında vətəndaşlar yenə eyni palçıqlı, çala-çuxurlu yollarla mübarizə apararaq işə, evə, məktəbə getməyə çalışır. Bu yolda əvvəl asfalt örtüyü olub. Həmin yollar 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yeni inşa edilən məktəbə görə asfaltlanıb. İndi isə həmin o abad yoldan əsər-əlamət yoxdur. 
 
“Yeni Müsavat”a müraciət edən qəsəbə sakinləri deyir ki, bu yollarda “Dakar” rallisi keçirmək olar. 
“Ölkəmizdə “Formula 1” yarışları keçiriləcək. Şəhərin keçələrindəki vəziyyət buna imkan verir. Bizim məhəllə yolları isə “Dakar” rallisinin keçirilməsi üçün uyğundur. Bu yollarda avtobus necə hərəkət etsin? Sakinlər necə hərəkət etsin? Müvafiq qurumlara müraciət edirsən, amma deyirlər ki, nəzərdə tutulub, planlaşdırılır. Amma nəticə yoxdur”- deyə Muxtarov qəsəbəsinin sakinləri bildirir.
 
Asfalt örtüyünün dağılmasına səbəb qəsəbələrdə gedən tikinti işləri, ağır yük maşınlarının bu yollardan müntəzəm istifadə etməsidir. Daha sonra qeyd edilən ərazilərdə kütləvi şəkildə yeni evlərin tikintisi başlayıb. Aeroport yoluna buraxılmayan yük maşınları da alternativ yol olaraq buranı seçib. Bu yolun bir ucu da Zabrat qəsəbəsinə gedib çıxır.
Qəsəbənin yol problemi ilə yanaşı marşrut problemi də var. Elə marşrutu yoxdur da deyə bilərik. Çünki qəsəbədən yalnız bir marşurut keçir. Çala-çuxur yollarla işləyən 204 saylı marşrut Ramana kəndindən - kənd meydanından “Koroğlu” metrostansiyasına və geriyə işləyir. Bu marşrut isə təbii ki, qəsəbənin sakinlərinin təlabatını ödəmir. Muxtarov qəsəbəsində yaşayan sakinlər hər gün şəhərə gedən avtobuslara minmək üçün kilomertlərlə yolu piyada gələrək Sabunçu vağzalına gəlirlər. Buradan da şəhər istiqamətində hərəkət edən avtobuslara minirlər.  
 
Sakinlərin tələbatını ödəməyən marşurut yağış yağanda da çox zaman işləmir. Sakinlərin köməyinə isə qəsəbələrarası işləyən taksilər çatır. Bu taksilər bir nəfəri 1 manata avtobus dayanacaqlarına qədər aparır. Lakin bu qiymət hər gün bu yoldan istifadə edən sakinlərin büdcəsinə uyğun deyil.  
 
Sakinlər məcbur qalıb hər gün bu yoldan bir neçə kilometr piyada hərəkət edərək işə, məktəbə getməyə çalışırlar. Ramanadan- kənd meydanındakı sonuncu dayanacaqdan çıxan 204 nömrəli marşurut Muxtarov qəsəbəsinə çatanda artıq sərnişinlər avtobusun qapılarından sallanmış vəziyyətdə olurlar. Qəsəbə sakinləri alternativ marşurut olmadığından məcburən bu yolları piyada qət etməli olurlar. 
 
Bu qəsəbənin sakinləri 2014-2016-ci illəri əhatə edən Dövlət Proqramının problemə bir əncam çəkəcəyinə ümid edirdilər. Proqramda Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması nəzərdə tutulsa da Muxtarov və Ramana qəsəbələrinin sakinləri deyir ki, geridə qalan bu müddətdə yaxşılığa doğru heç nə dəyişməyib. Ölkədə iqtisadi vəziyyətin çətinləşməsi sakinlərin ümidini puç edib.
 
Ən azı qəsəbə sakinləri alternativ marşrut xəttinin qarşılaşdıqları çətinliyi az da olsa aradan qaldıracağına ümid edirlər. 
 
 






Google+ WhatsApp ok.ru