Marsda həyat axtaranları məyus edəcək xəbər

Marsda həyat axtaranları məyus edəcək xəbər

"The Guardian" qəzeti Mars planetində həyat axtaranları bir qədər dilxor edəcək məqalə ilə çıxış edib.
Məqalədə deyilir ki, Mars barədə əldə edilmiş son məlumat bundan əvvəl bu planetdə həyat əlamətlərinin olduğuna dair mülahizələrin üstündən xətt çəkə bilər.
 
Bəlli olub ki, "qırmızı planetin" səthi hər hansı yaşayan orqanizmi məhv edə biləcək zəhərli kimyəvi maddələrlə örtülüb.
Mars səthindən gətirilmiş maddələr üzərində aparılmış eksperimentlər göstərir ki, planetin qərq olduğu ultrabənövşəyi şüalar onun torpağını bakterisidə çevirir. Başqa sözlə bu şüalar Mars səthində mövcud olan istənilən həyat formasını məhv edə bilərdi.
 
"The Guardian" yazır ki, bu tapıntı Mars səthində aparılacaq gələcək təhqiqatlar üçün ciddi problemlər yaradır. Alimlər bu qənaətdədirlər ki, Marsda hər hansı həyat formasını aşkar etmək üçün planetin dərin qatlarını qazmaq lazım gələcək.
Onların fikrincə, ola bilər ki, torpağın altında mikroorqanizmlər və ya başqa həyat formaları öldürücü ukltrabənövşəyi şualardan qoruna bilir.
 
Edinburgh Universitetinin professoru, astrobioloq Jennifer Wadsworth bir neçə il bundan əvvəl Mars torpağı nümunələrində çox güclü oksidləşdirici kimi tanınan perxloratları aşkar etmişdi. Əslində bu fakt hələ 40 il əvvəl NASA-ya məlum idi, lakin elmi baxımdan yalnız 2015-ci ilədək təsdiqlənməmişdi.
 
2015-ci ildə Mars Reconnaissance Orbiter modulu Mars yarğanlarından süzülən yaş və duzlu mayenin perxlorat olduğunu aşkarlamışdı.
Lakin bir çox alimlər hələ də ümid edirdilər ki, nəzəri baxımdan yadplanetli bakteriyalar perxloratlı mühitdə ən azı torpağın dərin qatlarında yaşaya bilər.
 
Wadsworth və Edinburgh Universitetindən başqa bir astrobioloq Charles Cockell təcrübələrində Bacillus subtilis torpaq bakteriyalarından istifadə etmişdilər. Onlar sonradan bu bakteriya materialını perxloratla qarışdırıb ultrabənövşəyi şüaların təsirinə məruz qoyublar. Məlum olub ki, belə şəraitdə bakteriayalar ikiqat sürətlə məhv olub.
 
Bundan sonra alimlər təcrübələri dəmir və hidrogen oksidləri ilə təkrar ediblər, çünki bu oksidlər də Mars səthində mövcuddur. Bəlli olub ki, bu maddələr hər hansı canlı bakteriya üçün perxloratlardan da öldürücüdür.
 
Beləliklə, alimlər bu nəticəyə gəliblər ki, Mars səthində mövcud olan toksik maddələr hər hansı canlı orqanizmin yaşamasına imkan vermir.
 
NASA-nın California-dakı Ames Araşdırma Mərkəzindən Chris McKay deyib ki, təcrübə nəticələrində həm yaxşı, həm də pis xəbər var: "Yaxşı xəbər budur ki, biz bundan sonra Marsa canlı orqanizmlər göndərərkən həmin planetin olmayan ekosistemini poza bilmərik.
 
Bu da yaxşı xəbərdir ki, Marsa gedəcək astronavtların hər hansı xəstəliyə yoluxması şansının olmadığı üzə çıxıb. Pis xəbər isə odur ki, Mars planetində həyatı daha dərin torpaq qatlarında axtarmalıyıq."
 
2020-ci ildə Avropa Kosmik Agentliyi "qırmızı planetə" özügəzənini göndərməyi planlaşdırır. Bu özüyeriyən qurğu "mikroskopik marslıları" tapmaq üçün Mars səthini iki metr dərinliyində qaza biləcək.
 
London Universitetinin alimi Andrew Coates ExoMars proqramında görüntü komandasına rəhbərlik edir. O deyir ki, bu gün Mars səthinin həyat üçün son dərəcə sərt olması barədə faktlar məlumdur.
 
Alimin fikrincə, məhz buna görə də planetin səthaltı materialının öyrənilməsi son dərəcə mühümdür.
 
Coates inanır ki, hətta 2 millimetr dərinliyində torpaq da qatı öldürücü şüalardan qoruya bilir. 1, 5 metrlik dərinlik isə Günəşdən və qalaktikadan gələn ion radiasiyası üçün keçilməzdir.
 
Odur ki, Marsda həyat tapılacağına ümid edənlər, hələ bir qədər də məyus olmaya bilərlər.(bbc)
 

Google+ WhatsApp ok.ru