Masallı sakini: 'Su olmasa, əkin sahəm batacaq'

Masallı sakini: 'Su olmasa, əkin sahəm batacaq'

"Yer yanır. Sahələr quruyub. Yaxında 50 hektar tərəvəz sahəsi var. Orada bibər, badımcan, reyhan, pomidor və digər məhsullar əkilib. Demək olar ki, onlarla ailənin ruzisidir. Ən çətin vəziyyət ordadır. Su gəlmir".
 
Bunu Masallı rayonun Təklə kənd sakini Səmədağa Həsənov deyir. Onun sözlərinə görə, bu barədə müvafiq orqanlara bildirilib, amma heç kim tədbir görmür:
 
"İndi suya ehtiyacımız var, heç kim yaxına gəlmir"
 
"Bir həftədir əkin yanır. Ərazi nümayəndəsi də bilir. Suvarma idarəsi guya bizə kömək edir. Texnika göndərib su üçün yer qazsın, o da yoxdur. Əkin vaxtı gələndə deyirlər, əkin. Əkmişik. İndi suya ehtiyacımız var, heç kim yaxına gəlmir".
 
Kənd sakinin deməsinə görə, bütün pullarını əkinə qoyublar. Onun ehtimalına görə, sahə suvarılmasa, qazanc da olmayacaq:
 
 "Canımızı qoymuşuq sahəyə"
 
"Canımızı qoymuşuq sahəyə. Su Cəlilabaddan gəlirdi, dayanıb. Bir neçə kəndin əkin sahəsini Cəlilabad suvarır. Onlar da deyirlər ki, su özümüzə çatmır, sizə Masallı su versin.
 
Masallı su anbarından suyun gəlməsi üçün Əhmədli kəndində bəzi işlər gördülər. Həmin məqamda Cəlilabad su verdi, buna görə də Masallı suyun verilməsini dayandırdı. Kənd Təsərrüfatı Nazirliyinin Qaynar xəttinə müraciət edəcəyik. Məsələ həll olmasa, nazirliyə getməli olacağıq".
 
Kəndin başqa bir sakini Ramil Məmmədov da əkin sahələrinin suvarılmadığını deyir:
 
"Yaxın günlərdə su olmasa, əkin sahəm batacaq"
 
"Bir hektara yaxın tərəvəz əkmişəm. Badımcandır, pomidordur, digər məhsullardır. Bir həftədir su yoxdur, sahələr yanır. Yaxın günlərdə su olmasa, əkin sahəm batacaq. Həmin sahəyə 3 min manatdan çox vəsait qoymuşam. Ailədə 6 nəfərik. Həyat yoldaşım da xərçəng xəstəsidir. Yeganə qazanc yerimiz bu əkin sahəsidir. Bir ilə yaxındır sahədə əziyyət çəkirik. Məhsulu dərib, satmaq vaxtıdır. Su problemi çıxıb ortaya. Əlimiz hər yerdən üzülüb. Sahədə gözləyirik. Texnika gəlməlidir, kanalı qazmalıdır ki, su çıxsın. Göndərilən texnikalar da başqa yerdədir".
 
 
İcra hakimiyyətindən açıqlama
 
Masallı Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Adəm Məhərrəmov da həmin ərazidə su ilə bağlı problemlərin olduğunu qeyd edir: "Orda su azalıb. İki texnika göndərilib, kömək üçün. Sizə müraciət edən Təklə kənd sakini Səmədağa Həsənov deyir ki, texnikanı verin mənə, harada istəyirəm orda qazdıraram. Bu da mümkün deyil. Oralarda müəyyən yerlər var, 5-6 metrdə su çıxır. Texnika da həmin yerlərdə qazıntı aparır. Həmin əraziyə su Göytəpə su anbarından verilirdi. Həmin əraziyə su vermək üçün bizdə yol yoxdur".
 
Su idarəsindən cavab
Masallı Suvarma Sistemləri İdarəsinin rəisi Mahir Əliyev isə Göytəpə su anbarının quruduğunu söyləyir: "Ora su Cəlilabaddan gəlir. Cəlilabadda da su anbarları quruyub. Göytəpə çayı o ərazidən gəlir, suyu da oradan verirlər. Bizlik deyil. İndi orda quyu qazırlar". /azadliq.org/
 

Google+ WhatsApp ok.ru