MÜBARƏK RAMAZAN AYI – İNSAN YETİŞDİRMƏ PROQRAMI

MÜBARƏK RAMAZAN AYI – İNSAN YETİŞDİRMƏ PROQRAMI

-- Proqram bundan ibarətdir ki...

Mübarək Ramazan ayı insan yetişdirmə proqramıdır. Proqram bundan ibarətdir ki, naqis insanlar bu ayda özlərini sağlam insanlara, sağlam insanlar isə kamil insanlara çevirsinlər. Mübarək Ramazan ayı nəfsin təmizlənməsi, eyib və nöqsanların aradan qaldırılaraq islah edilməsi, əql, iman və iradənin nəfsi istək və şəhvətlərə qələbəsi, dua, Haqqın pərəstişi, Haqqa doğru yüksəliş, ruhun təkamülə doğru aparılması və zərifləşdirilməsi proqramıdır. Əgər Ramazan ayı girdikdən sonra, insan otuz gün aclıq, susuzluq və yuxusuzluq çəkib gecə ibadətləri ilə ayı başa vursa və Fitr bayramına çatdıqdan sonra Şəban ayının son günü ilə müqayisədə bir zərrə belə dəyişilməyibsə, demək, bu aydan bəhrə aparmayıb. İslam insanların quruca ağızlarını bağlamalarını istəmir. Çünki onların ağızlarını bağlamaları ilə bağlamamaları İslam üçün fərq etmir. Məqsəd, insanların oruc tutaraq islah edilmələridir. Nə üçün hədislərdə deyilir ki, oruc tutanların çoxlarının orucdan olan bəhrə və nəsibləri aclıqdan başqa bir şey deyil?! Ağız halal yeməkdən ona görə çəkinir ki, insan həmin otuz gün ərzində dilini haram söhbət, qeybət, yalan, söyüş və digər rəzilliklərdən qorumağı məşq etsin.

Bir gün oruc tutmuş bir şəxs həzrət Peyğəmbərin (s) yanına gəlmişdi. Peyğəmbər (s) ona süd və ya nə isə digər bir yeməli şey təklif edir. Həmin şəxs deyir: “Ey Allahın Peyğəmbəri, orucam!” Peyğəmbər (s) buyurur ki, yox sən oruc deyilsən, götür iç. Həmin şəxs yenə də oruc olduğunu bildirir. Amma Peyğəmbər (s) yenə də onun süd içməsini israr edir. O, bir daha oruc olduğunu deyir. Əlbəttə, o, doğrudan da, öz fikrində oruc idi, amma zahiri oruc! Peyğəmbər ona belə buyurdu: Sən necə orucsan ki, bir saat bundan əvvəl mömin qardaş ya bacının ətini yeyirdin? (Yəni onun qeybətini etdin). Ət yediyini sənə göstərimmi? Qus!”

Həmin şəxs birdən qusdu və ağzından bir tikə ət düşdü. İnsanın oruc halda qeybət etməsinin mənası budur ki, o, cismində olan ağzını halal yeməkdən uzaqlaşdıraraq ruhunun ağzını haram yeməyə açır.

Nə üçün bizə deyiblər ki, insan bir yalan deyəndə onun ağzından göyün 7-ci qatına çatan pis bir qoxu çıxır və həmin qoxu mələklərə əziyyət verir? Sonra da deyirlər ki, nə üçün cəhənnəmdə bu qədər üfunət olur? Cəhənnəmdə olan üfunətlər bizim dünyada yaratdığımız üfunətlərdir, danışdığımız yalanlardır. Söyüşlər, qeybət və tənələr də belədir.

Töhmət vurmaq bütün bunların ən böyüyüdür. Çünki töhmət həm yalan danışmaq, həm də qeybət etməkdə olan rəzilətlərə malikdir. Qeybət edən şəxs həqiqəti danışır, amma pisliyə danışır. Yalançı da yalan danışır, amma pisliyə danışmır, özündən bir şey uyduraraq deyir. Amma töhmət vuran şəxs eyni zamanda həm yalan danışır, həm də qeybət edir, yəni iki böyük günahı birlikdə edir. (“Kamil insan”, Ustad Şəhid Mürtza Mütəhərri, səh.20-21.)

Bir sözlə, insan mübarək Ramazan ayında öyrənir ki, bir ay halallardan çəkinməyi məşq etməklə bir illik haramlardan da çəkinə bilər. Allahdan istəyirik ki, bizi Özünün həqiqi və müti bəndələrindən qərar versin!

(Maide.az)

 

Google+ WhatsApp ok.ru