Mübariz Qurbanlı: “Dini sahədə mövcud olan `beşinci kolon`ları iflasa uğrada bilmişik”

“Azərbaycanın qərəzli təftişçiləri qismində çıxış edən dövlətlərin müəyyən sahələrdə əldə etməyə müvəffəq olmadığı nailiyyətlər var ki, ölkəmiz onların artıq uğurlu modelini yaradıb. Məsələn, multikulturalizm və tolerantlıq sahəsində ABŞ başda olmaqla Qərb dünyası Azərbaycandan çox şeyi öyrənməlidir və ölkələrində bu sahədə mövcud olan neqativ halların həllində istifadə etməlidir”.

 
APA – nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yazıb.
 
M. Qurbanlı təəssüflə qeyd edib ki, artıq bütün dünyanı ağuşuna alan dini zəmində düşmənçilik dalğası da məhz yeni dünya düzəninin ikili standartlarının təzahürləri, birqütblü dünyaya transformasiyaının süni şəkildə ortaya atdığı avantüradır: “Açıq etiraf etməliyik, Qərbin məlum dairələrinin "Böyük Orta Şərq layihəsi" deyilən planında radikal islamçı qrupları səhnəyə daha qabarıq çıxarmaq niyyəti aydın görünür. Onların hərbi hazırlığı, silahlandırılması, maliyyələşməsi və istiqamətləndirilməsi prosesində Qərb emissarlarının birbaşa iştirak etməsi barədə yüzlərlə fakt var. Dünyadakı mövcud münaqişə ocaqları içərisində hazırda yalnız 12-si dini zəmində baş verən savaşlardır. Maraqlı məqam odur ki, həmin münaqişələr konfessiyalar arasında deyil, məhz islam dünyası daxilində baş verir, təriqətlərarası savaşa çevrilir. Qərbin bu son intriqası nəticəsində "Allahu əkbər" sədası ilə müsəlman müsəlmanı qətlə yetirir. Sünni şiənin məscidini partladır, şiə də sünnilərə eyni cavabı verir, vəhabilər isə hər ikisinin kəndlərini dağıdır. Acı gerçəklik odur ki, xaç yürüşləri bu gün də davam edir, amma onu XXI əsrdə müsəlmanı müsəlmana qırdırmaqla həyata keçirirlər”.
 
M. Qurbanlı bildirir ki, son aylarda Azərbaycanı demək olar ki, qarış-qarış gəzib və bölgələrdə müxtəlif dinlərə etiqad edən icmalarla görüşlər keçirib: “İslami təriqətlərin nümayəndələri ilə sıx əməkdaşlıq edirik. Onları dinləyirik, problemlərini öyrənirik, çətinliklərini həll edirik, normal fəaliyyət göstərmələri üçün şərait yaradırıq. Müşahidələrim onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycanda dini durumu gərginləşdirmək üçün kənar qüvvələrin təsiri hələ tam kəsilməyib. Bu cəhdlər var. Azərbaycanda da icmalar arasında süni yollarla gərginlik yaratmağa, Yaxın Şərqdəki vəziyyəti ölkəmizə ixrac etməyə məlum şəbəkə tərəfindən təşəbbüslər göstərilir, buna böyük vəsaitlər ayrılır. Ancaq bütün bu cəhdlər uğursuzluğa düçar olur. Əvvəla, ona görə ki, Azərbaycanda düzgün dini siyasət həyata keçirilir. Dövlətlə ruhani kəsim arasında qarşılıqlı anlaşma və etimad mühiti bərqərar olub. Hər bir konfessiya, dini icma daşıdığı hüquqi, mənəvi öhdəliyini dərk edir  və buna əməl edir. Digər tərəfdən, aparılan düzgün maarifləndirmə işi dini icmalar arasında yarana biləcək hər hansı bir anlaşılmazlığı aradan qaldırır. Vurğulamağı zəruri saydığım bir məsələ də budur ki, dini icmalarla birgə əməkdaşlığımız nəticəsində bu sahədə mövcud olan "beşinci kolon"ları da iflasa uğrada bilmişik. Eyni zamanda, Azərbaycanda dini zəmində hansısa ixtilaf yaratmaq cəhdinin qarşısını almaq gücündə olan mükəmməl hüquq-mühafizə sistemi var. Bu baxımdan, tam əminliklə deyə bilərəm ki, Azərbaycanda siyasi yönümdə gərginlik yarada bilməyən məlum anti-azərbaycançı şəbəkə dini yönümdə də arzuladığı və planladığı təfriqələri həyata keçirə bilməyəcək”./

Google+ WhatsApp ok.ru