Mübariz Qurbanlı DİN-in Sumqayıt əməliyyatından danışıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gün Daxili İşlər Nazirliyi tərəfindən Sumqayıtda keçirilən əməliyyata, “vəhhabilər”in liderinin tutulmasına münasibət bildirib.
 
APA-nın məlumatına görə, M.Qurbanlı bildirib ki, DİN-in apardığı əməliyyat tamamilə qanunauyğun və vacib idi.
 
O qeyd edib ki, DİN-in ötən gün Sumqayıtda keçirdiyi əməliyyat başqa ərazilərdə də həyata keçiriləcək: “Hüquq-mühafizə orqanları Azərbaycanda ictimai sabitliyi qorumaq üçün nə lazımdırsa, edirlər. Eyni zamanda ölkədə dini zəmində kimlərinsə bu kimi hallara yol verməsi halları aşkar ediləcəksə, qarşısı qətiyyətlə alınacaq”.
 
Ötən gün keçirilən əməliyyatdan danışan komitə sədri deyib ki, burada söhbət yalnız dindən getmir: “Bu adamlar faktiki olaraq terror şəbəkəsi kimi bir qurumu yaratmağa cəhd edirdilər. Bütün normal ölkələrdə bu cür hərəkətlərin qarşısı necə alınırdısa, bizdə də elə qətiyyətlə alındı. İctimaiyyət də hüquq-mühafizə orqanlarımızın dini radikallara qarşı mübarizəsini müdafiə edir. Bizim komitənin də əsas vəzifələrindən biri bu cür zərərli radikalların ideoloji kökünü kəsmək, təmizləməkdir. İşimizi təbliğat və təşviqat yolu ilə gücləndiririk. Sumqayıtda olanda da oradakı insanlara fikrimizi çatdırmışdım ki, kimlərsə Azərbaycanda qarışıqlıq yaratmağa cəhd edəcəklərsə, qarşısı alınacaq”. /

Google+ WhatsApp ok.ru