MEHRİBAN ALLAHDAN NƏ ÜÇÜN QORXMALIYIQ?

MEHRİBAN ALLAHDAN NƏ ÜÇÜN QORXMALIYIQ?

Ayə və rəvayətlərə əsasən, mömin şəxs Allahdan qorxmalıdır.

إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءهُ فَلاَ تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ

Sizi yalnız o Şeytan öz dostlarından qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun! (“Ali-İmran” surəsi, ayə 175.)

Məsumların (ə) dua və münacatlarında daim Allah qorxusu yad edilir. Hətta imam Səccadın (ə) bir münacatı “Munacatul-xaifin” – “Qorxanların münacatı” adlanır. Peyğəmbər (s) və imamların (ə) bütün hərəkətlərində Allah qorxusu müşahidə edilir. Hətta tarixdə göstərilir ki, bəziləri Allah qorxusundan huşlarını itirirmişlər.

Allahdan qorxmaq nə deməkdir? İnsan qorxduğu mövcudu sevə bilərmi? Qorxudan qılınan namazdan necə ləzzət almaq olar?

Qeyd etməliyik ki, ayə və rəvayətlər Allah qorxusunu müsbət hal kimi tanıtdırırlar. Amma bu məsələyə şübhə ilə yanaşanlar da var. Bəziləri iddia edirlər ki, Allah mərhəmətlidir və Ondan qorxmağa dəyməz. Əslində isə Allahdan qorxan öz əməllərinə görə qorxmalıdır. Allah-Taalanın varlıq aləmində hökm sürən qanunlarına görə günah cəza ilə nəticələnir. Qiyamət günü insan Allahın yox, öz günahlarının cəzasına çatacaq. Təsəvvür edin ki, bir şəxs öz bağına çəkdiyi dəmir hasara cərəyan buraxaraq xəbərdarlıq işarəsi qoyub. Əgər bir kəs xəbərdarlığa məhəl qoymadan hasara toxunub ölərsə, bu hadisənin səbəbkarı bağ sahibi deyil.

Bu qorxu insanda təvazökarlıq halı yaradır və onu müxtəlif günahlardan çəkindirir. Amma qəlbində Allah qorxusu olmayanlar min bir cinayətə əl ataraq, nəhayətdə cəhənnəm əzabına düçar olurlar. Demək, Allah qorxusu insan üçün çox faydalıdır və hər bir insan özündə bu halı yaratmağa çalışmalıdır.

ALLAH QORXUSUNUN DƏRƏCƏLƏRİ

Allah qorxusunun dərəcəsi insanın iman mərtəbəsindən asılıdır. Adi insanlarla övliyaların qorxusu arasında çox fərq var. Övliyalar üçün dünya təhlükələri heç bir qorxu törətmir. “Yunis” surəsinin 62-ci ayəsində oxuyuruq:

أَلا إِنَّ أَوْلِيَاء اللّهِ لاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

Bilin ki, Allahın dostları üçün heç bir qorxu yoxdur onlar kədərlənməzlər. Övliyalar zalım rəhbərdən, qaçaq quldurdan və digər dünyəvi təhlükələrdən yox, yalnız Allahdan qorxarlar.

Əhli-beytdən (ə) nəql olunmuş dualara nəzər salsaq, faydalı qorxunu tanıya bilərik. “Kumeyl” duasında imam Əli (ə) Allaha müraciətlə belə ərz edir: Tutaq ki, əzabına səbir edə bildim, bəs Səndən uzaqlığa necə dözəcəyəm?!” Övliyaların qorxusu biz düşündüyümüz qorxu deyil. Onlar Allahın əzabını bizdən çox dərk etdikləri üçün, Allahın narazılığından qorxurlar. Gəlin etiraf edək ki, bu hissləri anlamaq bir o qədər də asan deyil. Deyilənləri anlamaq üçün məhəbbət bağlılığına nəzər salaq. Aşiqin ən böyük ehtiyacı məşuqun diqqətini cəlb edib ona qovuşmaqdır. Vüsalın ziddi fəraqdır. Aşiq öz məşuqunun fəraqından nalə çəkir. Allahın fərağından nalə çəkənlər də var. Əgər ilahi eşqi dərk etmiriksə, bunun səbəbi mərifətimizin azlığıdır. İlahi eşqdə də vüsal var. Əgər imam Əli (ə) şirin vüsalı dadmasaydı, acı fəraqdan qorxmazdı. Vüsalın şirinliyi məhəbbətin mərtəbəsindən asılıdır. Övliyaların duyduğu ləzzət misilsizdir və bu halla tanış olmaq üçün münacatları mütaliə etmək lazımdır. Bu mütaliələrdən sonra məsumların (ə) ilahi məhəbbətinə heyran qalmamaq olmur.

Hər halda, ilahi məhəbbəti dadanlar üçün ikinci ləzzətli şey yoxdur. İmam Səccad (ə) “Minacatul-muhibbin” duasında Allaha belə müraciət edir: Pərvərdigara Sənin məhəbbətinin şirinliyini dadan Səndən üz döndərərmi?!” Bu şirinliyi dadanlar üçün ən böyük qorxu vüsaldan məhrum olmaqdır. Bəli, Allah qorxusunun belə bir mərtəbəsi var.

ALLAHIN NƏZƏRİNDƏN MƏHRUMLUQ QORXUSU

Qorxunun digər bir dərəcəsi axirət nemətlərindən məhrum olmaq qorxusudur. İlahi nemətlər isə iki qismdir: maddi nemətlər və mənəvi nemətlər. Kamil mərifət sahibləri üçün mənəvi nemətlər hər şeydən üstündür və onlar bu nemətləri itirməkdən qorxurlar. Quran ayələrindən məlum olur ki, ən böyük cəza mənəvi cəzadır: “Ali-İmran” surəsinin 77-ci ayəsində buyurulur:

إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللّهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلاً أُوْلَـئِكَ لاَ خَلاَقَ لَهُمْ فِي الآخِرَةِ وَلاَ يُكَلِّمُهُمُ اللّهُ وَلاَ يَنظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ وَلاَ يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!

Bəli, bəzilərinin insanlıq şəxsiyyəti o qədər alçalar ki, Allahın nəzərindən məhrum olarlar. Məhəbbət haqqında təsəvvürü olanlar gözəl anlayırlar ki, məhbubun baxışından məhrum olmaq necə böyük dərddir. Körpə üçün ən böyük narahatlıq ananın nəzərindən məhrum olmaqdır. Mərifət əhli üçünsə ən böyük əzab Allahın onlardan üz döndərməsidir. Körpəsindən incimiş ana ondan üz çevirdikdə uşaq ananın ətəyindən yapışır, özünü çox narahat hiss edir. Allah kafirlərə və günahkarlara bu sayaq biganəlik göstərir. Ona görə də bir çox imanlı insanlar Allahın nəzərindən məhrum olmaqdan qorxurlar. Avam insanlar isə elə başa düşürlər ki, Allah onları sevir və onlardan razıdır.

Mərifət əhli üçün ən dəyərli nemət Allahın diqqətidir. Onlar öz “ya Allah” çağırışlarına Allahdan cavab gözləyir və bəzən də buna nail olurlar. Məsum İmamların (ə) münacatlarında Allahdan cavab eşitmək arzusu önəmli yer tutur. “Biharul-ənvar” kitabının 90-cı cildində belə bir münacat bəyan olunur: Pərvərdigara! Səni çağırdığım zaman səsimi eşit, dua edərkən məndən üz çevirmə!” Demək, Allahın insandan üz çevirməsi daha dərin mənaya malikdir. Əgər Allah hər şeyi eşidəndirsə, necə ola bilər ki, kiminsə çağırışını eşitməsin? Demək, “nəzər salmaq”, “eşitmək” tamam başqa mənadadır.

İnsan bəzən belə sözlər işlədir: “Filankəs, mənə baxmırsan”, “filankəs məni eşitmədi”. Bu cümlələr sözün həqiqi mənasında işlədilməmişdir. Əgər bir rəhbər haqqında deyilərsə ki, “bu rəhbər xalqını eşitmir” və ya “bu rəhbər xalqına baxmır”, aydın məsələdir ki, söhbət adi eşitməkdən, baxmaqdan getmir. Sadəcə, qulaqla eşitmək, gözlə baxmaq ayrı, məhəbbət və mərhəmətlə baxıb-eşitməksə ayrıdır. Məsumlar (ə) Allahdan mərhəmət dolu baxış və sevgi dolu dinləmə arzulamışlar.

Demək, etinasız münasibət möminlərdə qorxu yaradır. Onlar bu münasibəti cəhənnəm əzabından da ağır bilirlər.

GÜNAH QORXUSU

Adi insanlar, adətən, günahlarına görə qorxurlar. Təbii ki, hər bir günah xoşagəlməz sonluqla nəticələnə bilər. Əgər insan günahlarından qorxmaqla Allaha yaxınlaşa bilirsə, bu müsbət bir haldır. Təəssüf ki, mərifət və imanı zəif insan nə qədər günah etsə də narahat olmur. Qurani-Kərimdə yüzlərlə ayə cəhənnəm əzabından danışır. Göstərilir ki, bu əzabın çox böyük və dözülməz olması qeyd olunur. Oxuduğumuz bu ayələr bizə təsir edirmi? Bir şəxs bu ayələri gözəl səslə oxuduğu zaman deyilən sözlərdən xoflanmaq əvəzinə, səsin gözəlliyindən ləzzət alır. Hansı ki, cəhənnəm ayələrini eşidən insan divanəlik həddinə çatmalıdır.

Günahın cəzasından əlavə onun çirkinliyinə, Allaha qarşı qiyam olmasına diqqət yetirmək lazımdır. Necə ola bilər ki, Allahın verdiyi nemətlər müqabilində Ona təşəkkür etmək əvəzində günaha yol verək?

Allah-Taala buyurur ki, mənim göstərişlərimdən çıxan insan özünün və mənim düşmənimi şad edər. Amma biz bilə-bilə Allahın düşmənini sevindiririk. Allahla müxalifət etmək şeytana itaət deməkdir. “Yusuf” surəsinin 5-ci ayəsində oxuyuruq:

إِنَّ الشَّيْطَانَ لِلإِنسَانِ عَدُوٌّ مُّبِينٌ

Həqiqətən şeytan insanın açıq-aşkar düşmənidir. Yaxın dostunun düşməni ilə əməkdaşlıq etmək dosta xəyanət etmək deyilmi?!

Əgər yaxşılıq etdiyiniz adam sizə qarşı çıxsa, ona yenə də yaxşılıq edərsinizmi? Sözsüz ki, qəzəblənib həmin şəxsdən üz döndərərsiniz. Bəs nə üçün insan Allahı qəzəbləndirməkdən qorxmur? Məsumlar isə Allaha belə yalvarır: Pərvərdigara, Səni qəzəbləndirməkdən qorxur, Sənə sığınıram.İnsan yol verdiyi günahların mahiyyətini anlaya bilsə qorxudan tir-tir əsər. O, etdiyi günahların müqabilində qucaq açmış əzablardan xəbərdar olsa, mum tək əriyər.

İmam Əli (ə) kimi əzəmətli bir şəxsiyyət görün necə sızıldayır: Aman azuqənin azlığı səfərin uzaqlığından! (“Allaha doğru”, Ayətullah Misbah Yəzdi, səh.223-230.)

(Maide.az)

Google+ WhatsApp ok.ru