Mehriban Zeynalova: “Ölkə ənənəsinə görə boşanmalar sayı SOS siqnalını verməyi zəruri edir”

Dövlət Statistika Komitəsindən verilən məlumata görə bu il Azərbaycanda nigahların sayında artımlar baş verib. Belə ki, əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb. Bu ilin yanvar ayından başlayaraq may ayının sonunadək Azərbaycanda rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halı qeydə alınıb.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, ailə dəyərlərində ciddi aşınmalar baş verir: “Bu il nigahların sayının artması iki tendensiya ilə bağlı ola bilər. Həmin dövrdə doğulan uşaqlarının sayının çoxluğu bu nəticənin yaranmasına təkan verə bilər. Digər tərəfdən şəxslər artıq qeyri-rəsmi nigahın fəsadları ilə tanış olduqda rəsmi nigaha meyillənir. Ola bilsin ki, bu müvəqqəti bir hal olsun. Amma zaman keçdikcə bu tendensiyanın artması müşahidə ediləcək. Çünki qeyri-rəsmi nigahların fəsadları və onların fəsadlarından sonra çəkilən əziyyətlər, uşaqların taleyi məsələsi hər kəsi düşündürməyə başlayıb. Həm də bu barədə müəyyən məlumatlandırma gedir. Ola bilsin ki, bu göstəricilər indiki halda müvəqqəti bir görüntü olsun. Amma gələcəkdə rəsmi nigahların artması ehtimalı  çoxala bilər. Yalnız bir məsələ buna əngəl törədəcək. O da məcburi tibbi müayinədən keçməklə bağlı olan qaydadır. İnsanlar bunun mahiyyətini anlayana qədər dinamikanın aşağı düşməsi müşahidə oluna bilər.
Nigaha girənlərlə boşananları müqayisə etdikdə, bu o qədər də yüksək göstərici kimi görünmür. Amma Ölkə ənənəsinə görə  boşanmalar sayı SOS siqnalını verməyi zəruri edir. Qeyri-rəsmi nigahlarda da boşanmaların sayını nəzərə alsaq bu göstəricini ikiyə vurmalı olacağıq. Artıq ailə dəyərlərində ciddi aşınmalar baş verir. Amma zamanla insanlar normal ailə modelini tapacaqlar və ailə sutunları cəmiyyətdə möhkəmlənəcək”. /

Google+ WhatsApp ok.ru