Metronun  ‘Xətai’ stansiyasının nə vaxt açılacağı məlum olub

Metronun ‘Xətai’ stansiyasının nə vaxt açılacağı məlum olub

Ötən ilin sentyabrın 27-də təmirə bağlanmış Bakı Metropoliteninin "Xətai" stansiyasının açılacağı vaxt müəyyənləşib.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun ONA-ya verdiyi məlumata görə, stansiyada təmir işləri avqust ayında başa çatacaq.
 
B. Məmmədovun sözlərinə görə, stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb, əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılır. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülür.
 
Qurum rəsmisi əlavə edib ki, "Xətai" stansiyasında eskalatorların yenilənməsi ilə yanaşı, vestibülün əsaslı təmiri də aparılır və stansiyanın memarlıq kompozisiyası yaradılır: “Həmçinin stansiyanın istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənir, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunur. Bunlarla yanaşı, "Xətai" stansiyasının 2-ci baş yolunun və "Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da avqusta qədər başa çatdırılacaq”.
 

Google+ WhatsApp ok.ru