Metrostansiyalarda qəzet satışı bərpa oluna bilər - FOTOLAR

Metro stansiyalarında ticarət köşklərinin, reklam lövhələrinin yenidən bərpa edilməsi qəzet satışının da bərpa oluna biləcəyinə ümid yaradır. 2013-cü ilin sonundan Bakı Metropolitenində qəzet satışına qadağa qoyulub. 2014-cü ilin fevral ayından isə metroploitendə ticarətə və reklama qadağa qoyuldu.
 
Lakin bu ilin əvvəlindən ticarət köşkləri və reklam lövhələri ilə bağlı qoyulan qadağalar aradan qalxdı. Yeni ticarət köşklərində hələ ki, kitab və gül satılır. Ticarət köşklərinin aptek kimi fəaliyyət göstərməsi də mümkün hesab olunur. 
 
Bəs, metro keçidlərində qəzet satışı bərpa oluna bilərmi? 
 
Bu sula cavab almaq üçün “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevə müraciət etdik. “Bakı Metropoliteni” QSC-nin rəsmisi musavat.com-a açıqlamasında bildirdi ki, sahibkarlardan bu məsələ ilə bağlı təklif olmayıb.
 
N.Paşayev sahibkarların təkliflərinin “Bakı Metropoliteni” QSC tərəfindən müzakirə olunacağını dedi:“Əgər, bu təklif sərnişinlərin rahatlığına, hərəkətinə, təhlükəsizliyinə mane olmursa, dəyərləndirilir və müzakirə olunur. Əsas olan sərnişinlərin rahatçılığıdır”.
 
Metropliten rəsmisi heç bir sahibkarın belə bir təklif irəli sürmədiyini əlavə edərək, onu da bildirdi ki, istənilən sahibkar ticarətlə məşğul olmaq üçün müraciət edə bilər. Bu zaman sahibkarla “Bakı Metropoliteni” QSC arasında razılıq əldə olunarsa, daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin icazəsi də lazım olacaq. Komitə tərfindən veriləcək razılıqdan sonra sahibkar fəaliyyətə başlaya bilər.
 
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Bakı Metropoliteni”ndə qəzet satışının qadağan olunmasının qəzetlər üçün böyük itki olduğunu qeyd etdi: “Təəssüflə qeyd etməliyəm ki, bizim israrlı çabalarımıza baxmayaraq, “Bakı Metropoliteni” ərazisində qəzet satışını bərpa edə bilmirik. Bu qadağa qoyulmamışdan əvvəl 2 min nüsxə “Yeni Müsavat” qəzeti satırdıq. Bu ayda 60 min nüsxə deməkdir. Nominal hesablama ilə isə bu, 24 min manat pul deməkdir. Bu, qəzetlər və bizim üçün böyük itkidir. Təəssüf ki, bunu geri qaytara bilmirik”.
 
R.Arifoğlu Nəsimi Paşayevin qəzet satışının bərpa edilə biləcəyi haqda dediyi fikirlərə də münasibət bildirib. Baş redaktor “Bakı Metropoliteni” rəsmisinin bu açıqlamasının onlarda ümidlər yaratdığını və buna görə də “Yeni Müsavat” qəzeti adından rəsmi müraciət edəcəklərini bildirdi: “Yayım sektorunda olan dostlara da deyəcəyik ki, rəsmi müraciətlər etsinlər. “Bakı Metropliteni” ərazilərində qəzet satışının bərpa olunması həm ölkənin mədəni görünüşü, həm medianın əlavə gəlir mənbəyi, həm də Azərbaycan oxucusunun informasiyaya rahat çatması üçün mühim amildir”.
 
Xatırladaq ki, metro keçidlərindəki bu qadağa qəzet satışına yaradılan ilk əngəl deyil. 2014-cü ilin yanvar ayından başlayaraq, Bakıda küçə ticarəti, qəzet və jurnalların səyyar satışı qadağan olundu. Bu zaman da qəzet çapı böyük zərbə aldı. 
 
Müəyyən müddət sonra paytaxtın müxtəlif yerlərində quraşdırlan müasir köşklərdə qəzet satışı bərpa olundu. Lakin qəzetin əsas satış nöqtələrindən biri hesab olunan “Bakı Metropoliteni” ərazisində isə bu qadağa hələ də öz qüvvəsində qalmaqdadır.
 
Onu da əlavə edək ki, hazırda metro keçidlərində quraşdırılan yeni mağazaların əksəriyyəti boşdur. Bir neçə mağazada isə yalnız gül, aksessuar və uşaq oyuncaqları satılır. Metronun “Koroğlu” və “İçərişəhər” stansiyalarının çıxışında isə kitab mağazaları var./
 
 





Google+ WhatsApp ok.ru