O kəslər ki, (nəhayət) öz Rəbblərinə qovuşacaqlarını və mütləq Ona tərəf qayıdacaqlarını bilirlər.
Ey İsrail övladları, sizə bəxş etdiyim nemətlərimi və sizi (öz zamanınızda) aləmdəkilərdən üstün etməyimi yadınıza salın. ("Bəqərə" surəsi 46-47)

Həzrət Əli (ə) buyurur:
“Başqalarında eyb axtarmaq ən pis eyb və ən pis günahdır.”



Meysəm TƏMMAR – müqavİmət nümunəsİ

14 sentyabr – 23 zilhiccə - Meysəm Təmmarın şəhadət günüdür.

Tarix : 13-09-2017 08:54

Peyğəmbərin (s) səhabələrindən olan Meysəm Təmmarın atasının adı Yəhyadır. Onlar İraqın Nəhrəvan məntəqəsindən idilər. Meysəmə Əbu-Salim də deyirdilər.
Meysəm əvvəlcə Bəni-Əsəd tayfasından olan bir qadının qulamı idi. İmam Əli (ə) onu həmin qadından alıb azad etdi. O, Kufədə xurma satdığı üçün ona “Təmmar”, yəni “xurmasatan” ləqəbi verilmişdi.
 
ŞƏHADƏT XƏBƏRİ
 
Meysəm öz şəhadət xəbərini mövlası imam Əlidən (ə) eşitmişdi. İmam (ə) Meysəmə demişdi: “Bir gün Bəni-Üməyyənin çirkin oğlu Übeydullah ibn Ziyad mənə lənət söyləməyini tələb edəndə nə edəcəksən?” Meysəm dedi: “And olsun Allaha, heç vaxt belə etmərəm!” İmam (ə) buyurdu: “Bu halda səni dardan asıb öldürəcəklər.” Meysəm ərz etdi: “Səbir edərəm. Allah yolunda bu əziyyət çətin deyil.”
 
İmam Əli (ə) bu barədə Meysəm Təmmara bir neçə dəfə xəbər vermişdi. Meysəm də öz növbəsində vəd olunmuş qırmızı milada hazırlaşırdı. Meysəmin öz şəhadətinin incəlikləri haqda da bilməsi onun ruhunun əzəmətindən, böyük tutumundan, dərin imanından danışır.
 
İmam Əlinin (ə) fəzilətlərindən danışmaq günah hesab edildiyi bir dövrdə Meysəm o həzrətin məqamından danışar, onun buyruqlarını xalqa çatdırardı. Meysəm yaxşı bilirdi ki, mövlasının şəhadətindən sonra onu xurma ağacından asacaqlar. Həzrət (ə) ona bu ağacı da göstərmişdi. Bəzən bu ağacın yanından keçərkən Həzrət ona buyurardı: “Ey Meysəm! Sənin sonralar bu ağacla macəran olacaq. Bu xurma ağacını dörd yerə bölüb dördüncü hissəsindən səni asacaqlar.” Meysəm tez-tez bu ağacın yanına gəlib, onun kənarında namaz qılar və deyərdi: “Mübarək olsun, ey xurma! Məni sənin üçün yaradıblar, sən mənim üçün göyərirsən.” Meysəm daim bu ağaca tamaşa edərdi. (“Əl-irşad”, c.1, s.324.)
 
İMAM HÜSEYNİN (Ə) SORAĞINDA
 
Meysəm imam Hüseynin (ə) Məkkəyə doğru hərəkəti xəbərini eşitdi. Həmin il ümrə həcci məqsədi ilə Məkkəyə üz tutmaq qərarına gəldi. Amma Məkkədə İmamla (ə) görüşə bilmədi. Həcdən sonra Mədinəyə getdi. Peyğəmbərin (s) zövcəsi Ümmü-Sələmə ilə görüşüb ondan imam Hüseyn (ə) haqqında soruşdu. Ümmü-Sələmə dedi: “Mədinə ətrafındadır. O da daim səni soruşurdu.” Meysəm dedi: “Mən daim o böyük insan haqqında düşünürəm. Bu gün onunla görüşə bilmədim. Ona deyərsən ki, görüşünün həsrətindəyəm.” (“Əyanüş-şiə”, c.10, s.198.)
 
MEYSƏMİN HƏBSİ
 
Meysəm Kufədə xüsusi hörmət sahibi idi. Onun güclü ictimai mövqeyi vardı. O, həcdən qayıdıb Kufəyə çatmamış İbn Ziyad onun həbsinə göstəriş verdi. Bu həmin vaxt idi ki, Müslüm ibn Əqil Kufədə şəhadətə yetirilmiş, tanınmış şiə simalar təqibə məruz qalmışdılar.
 
Meysəmin Kufəyə daxil olmamış həbs olunması göstərişi Üreyf adlı birinə tapşırılmışdı. Onu yüz nəfər məmur müşayiət edirdi. İbn Ziyad Üreyfi hədələmişdi ki, əgər Meysəmi tuta bilməsə, özü edam olunacaq. O, Hirədə öz ətrafındakılarla birlikdə Meysəmi gözləməyə başladı. Nəhayət, Meysəmi həbs etdilər. Meysəm məmurlara gələcəkdə baş verəcək hadisələrdən, öz şəhadətindən danışırdı.
 
Meysəm həmin vaxt qoca olsa da, onun iman gücü, möhkəm iradəsi və iti danışığı İbn Ziyadı qorxuya salmışdı. Ona görə də, onun həbs olunması üçün yüz qüvvəli məmur göndərmişdi.
 
Məmurlar Meysəmi Kufəyə gətirdilər. Meysəmin tutulması xəbəri İbn Ziyada çatdırıldı. İbn Ziyada Meysəmi belə tanıtdırmışdılar ki, o, həzrət Əlinin (ə) ən yaxın adamlarındandır. İbn Ziyadın göstərişi ilə Meysəmi onun hüzuruna gətirdilər. İbn Ziyad Meysəmin əhval-ruhiyyəsini yoxlamaq üçün ona dedi: “Allahın haradadır?” Meysəm dedi: “Allahım zalımların yolunu gözləyir və həmin zalımlardan biri də sənsən.” İbn Ziyad dedi: “Əcəm olmağına baxmayaraq, mənimlə bu cür danışırsan?! Mənə deyiblər ki, sən Əli (ə) ilə çox yaxınsan.” Meysəm cavab verdi: “Bəli, düz deyiblər.” İbn Ziyad dedi: “Əgər Əlini lənətləməsən, əllərin və ayaqların kəsiləcək, dara çəkiləcəksən.” Meysəm İbn Ziyadın hədələrinə belə cavab verdi: “Əli (ə) dara çəkiləcəyimi mənə xəbər verib.” İbn Ziyad bu xoşagəlməz vəziyyətdən çıxmaq üçün dedi: “Vay olsun sənə! Əlinin dediyinin əksinə hərəkət edəcəyəm!” Meysəm dedi: “Axı necə? Axı bu xəbəri Əli (ə) Peyğəmbərdən (s), Peyğəmbər (s) Cəbraildən, Cəbrail isə Allahdan eşitmişdir. And olsun Allaha! Hətta dara çəkiləcəyim yeri də bilirəm. Mən ilk müsəlmanam ki, İslam yolunda ağzıma cilov taxılacaq.” İbn Ziyad Meysəmin sözlərindən heyrətə gəlib dedi: “And olsun Allaha! Əl-ayağını kəsəcək, dilini isə kəsməyəcəyəm ki, həm mövlanın, həm də sənin yalanların üzə çıxsın.” Sonra İbn Ziyad göstəriş verdi ki, Meysəmin əl-ayağını kəssinlər və dar ağacından assınlar. (“Biharul-ənvar”, c.42, s.124.)
 
DAR AĞACINDA
 
Meysəm haqq danışdığı, sazişə getmədiyi və haqqı himayə etdiyi üçün dara çəkildi.O, öz ölümünü o qədər adi qarşıladı ki, düşmənin qəzəbi daha da artdı. O, hətta ölüm ayağında ikən uca səslə xalqa islami həqiqətlərdən və imam Əlinin (ə) əsrarəngiz hədislərindən danışırdı. O vaxtlar insanı boğazından yox, çiyinləri və sinəsindən dara çəkər və boğmaqla yox, sıxıntı və aclıqla öldürərdilər. Meysəm deyirdi: “Hər kəs imam Əlinin (ə) dəyərli bir hədisini eşitmək istəyirsə, mən ölməmiş yaxına gəlsin. Mən sizə gələcəyin hadisələrindən xəbər verərəm.” Xalq onun ətrafına toplaşmışdı. Meysəm Əhli-beytin, imam Əlinin (ə) fəzilətlərindən danışır, Bəni-Üməyyənin xəyanətlərini ifşa edirdi. Bu son anlarda Meysəmin dar ağacından həqiqətləri bəyan etməsi olduqca təsirli idi. İbn Ziyada xəbər verdilər ki, bu adam sizi rüsvay etdi. İbn Ziyad dedi: “Ağzına cilov taxın.” Daha sonra onun qılıncdan iti olan dilini kəsdilər. Onun dilini kəsmək tapşırığı almış məmur Meysəmə dedi: “Nə istəyirsənsə de, əmir sənin dilinin kəsilməsini əmr edib.” Meysəm dedi: “Günahkar qadının oğlu Übeydullah ibn Ziyad elə düşünür ki, məni və mövlamı yalançı kimi tanıtdıra bilər. Budur mənim dilim.” Sonra həmin muzdur Meysəmin dilini kəsdi...
 
ŞƏHİDİN MƏZARI
 
Şəhadətindən sonra Meysəmin pak vücudu bir müddət dar ağacında qaldı. İbn Ziyad onu daha çox təhqir etmək üçün torpağa tapşırılmasını yubadırdı. Eləcə də, bu səhnə ilə xalqın gözünü qorxutmağa çalışırdı. O, hamıya anlatmaq istəyirdi ki, Əli (ə) müdafiəçilərini hansı aqibət gözləyir. Amma İbn Ziyad unudurdu ki, şəhidlər öz ölümlərindən sonra da insanlara doğru yol göstərir, onları ilhamlandırır və ümid verirlər. Onlar hər zaman zalım hakimlər üçün qorxu mənbəyidir.
 
Meysəmin xurmasatan yoldaşlarından yeddi qeyrətli müsəlman bu vəziyyətə dözə bilməyib, onun cənazəsini torpağa tapşırmaq qərarına gəldi. Onlar cəsədin keşiyini çəkən məmurları yayındırmaq üçün yaxınlıqda bir tonqal qaladılar. Keşikçilər qızınmaq üçün tonqalın başına yığışdılar. Fürsətdən istifadə edən müsəlmanlar Meysəmin cəsədini dardan düşürüb, onu suyu qurumuş bir gölməçədə – Nəcəflə Kufə arasında dəfn etdilər.
 
Səhər açıldı. Məmurlar dar ağacını boş gördülər. Xəbər İbn Ziyada çatdı. İbn Ziyad güman edirdi ki, Meysəmi imam Əlinin (ə) tərəfdarları dəfn olunan yerdə basdırarlar. O, Meysəmin cənazəsinin tapılması üçün axtarışlara başladı. Amma nə qədər axtardılarsa da, Meysəmin dəfn olunduğu yeri tapa bilmədilər. (“Ricali-Kəşşi”, s.83.)
Allahın, mələklərin və pakların salamı olsun Meysəm Təmmara! O, indi də insaniyyət yolunun parlaq çırağıdır.
 
Rza Şükürlü
 
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:39
06:59
12:25
18:04
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.