Meyvələrin “od tutan” qiymətləri - Nazirlik bahalığı necə İZAH EDİR...

Meyvələrin “od tutan” qiymətləri - Nazirlik bahalığı necə İZAH EDİR...

Meyvə-tərəvəz mövsümü olmasına baxmayaraq, necə deyərlər hər şeyə tamarzı qalmışıq.  Gilasa, gilənara, əriyə baxıb köks ötürməkdən başqa çıxış yolumuz yoxdur. 
 
Tərəvəzlərin də ucuzlaşmaqla işi yoxdur.  Keçən ilin bu dövründə 3 kiloqramı 1 manata olan pomidorun indi 1 kiloqramını 1 manata almalı oluruq...
 
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə  bahalığa aydınlıq gətirməyə çalışıb.
 
Şöbə müdirinin açıqlamasından ilkin olaraq gəldiyim nəticə budur ki, biz keçən il “niyə ucuzluqdur” deyə problemin kökünü axtarmamışıq....
 
Əlqərəz, F.Fikrətzadə bildirib ki, qiymət monitorinq sisteminin məlumatına görə, builki mövsümlə keçən ilki qiymət fərqi əsasən pomidor və xiyarda, qərzəkli meyvələrdən gilas və ərikdədir:
 
Keçən il niyə ucuzluq idi?
 
“İki qrupa daxil olan məhsulun qiyməti ötən ilki mövsümə nisbətən yüksəkdir. Amma nəzərinizə çatdırım ki, hər ikisinin də səbəbləri fərqlidir.
 
Konkret olaraq pomidor və xiyarın ötən mövsümə nisbətdə baha olmasının səbəbi budur ki, keçən il Rusiyada rublun kəskin devalvasiyasından sonra ixrac səmərəsiz olduğundan istehsal edilən pomidor və xiyarın ixracı kəskin şəkildə aşağı düşmüşdü. Buna görə də daxili bazarda məhsul artıqlığı yaranmışdı.
 
Normal olmayan keçən il “8-ci kilometr bazarı”nda Şəmkir pomidorunun topdansatış qiymətinin 40, Göyçay pomidorunun topdansatış qiymətinin 50 qəpik olması idi.
 
İndiki halda iyun ayında topdansatışda Şəmkir və Göyçay pomidorunun satılması normaldır. Keçən il “melit” sortundan olan xiyarın topdansatış qiyməti 25 qəpik idisə, bu il 50 qəpikdir. Normal olmayan ötən ilki qiymətlər idi. Çünki, fermerlərin məhsulu əlində qalmışdı. Dəyər-dəyməzinə satmağa çalışırdılar. Təklif tələbi üstələdiyindən qiymətlərə təzyiq edərək, fermerlər üçün əlverişsiz şərait yaradırdı.
 
Bu il nə istehsalda, nə də ixracda problem var, ona görə də qiymətlər tarazlıq səviyyəsindədir. Əgər hesab olunsa ki, mövsümün bu dövründə Azərbaycanda pomidorun topdansatış qiymətinin 1 manat olması bahadır, dünyanın istənilən yerindən –elə Türkiyədən məhsulu sürətlə bura gətirərdilər. Türkiyədə 1 kiloqram pomidorun ixracı 1 dollardan aşağı deyil. Nəzərə almaq lazımdır ki, hələ kütləvi sahələrdən məhsul yığımı başlamayıb, hələ də istixanaların istehsalı olan məhsullar satışdadır.
 
Ötən il Cəlilabadın təzə kartofu 27 qəpik idi. Çünki Rusiyaya ixrac kəskin azaldığından daxili bazarda təklif tələbi üstələmişdi. Hansı ki, Rusiyanın kartof bazarını Azərbaycanın faraş kartofu müəyyənləşdirirdi. Bu il isə faraş kartofun topdansatış qiyməti 47 qəpikdir. Bu da mövsüm üçün çox normaldır. Regionda ən ucuz kartof istehsal edən Rusiya və İrandır. Onların da təklif etdiyi kartofun qiyməti 45-50 qəpikdən aşağı deyil.
 
Bir daha deyirəm ki, pomidor, xiyar, kartofun qiyməti indiki halda tam normaldır”.
 
Qərzəkli mevələri bahalaşdıran səbəb...
 
 Nazirlik rəsmisi istisna hal kimi qərzəkli meyvələrin baha olmasını təsdiqləyib:
 
“Burda yalnız istisna qərzəkli meyvələrin qiymətindədir. Bu da təbii faktorlara bağlı məsələdir. Bu il ərik və gilasın çiçəklənmə, tozlanma dövründə hava əlverişsiz olduğundan məhsuldarlıq aşağıdır. Bu nöqteyi-nəzərdən Azərbaycan bazarında hər iki məhsulun qiyməti keçən ilə nisbətən yüksəkdir. Yenə də, məsələn, Türkiyədə bu məhsullar ucuz olsaydı, onlar çox rahat şəkildə gətirib məhsullarını burda satardılar. Bilirsiniz ki, hazırda gömrükdə də tam sərbəstlikdir.
 
Biz gilas və ərik istehsal edən ölkə olduğumuzdan həmişə bu məhsullar ucuz olub. İndi isə təbii şəraitə görə yaranan problemdir.
 
Əvəzində ən gözəl sortlardan keçən il 1 manat 50 qəpiyə olan qırmızı alçanın bu ilki qiyməti 70-80 qəpikdir.
Mən hesab edirəm ki, “ötən il niyə həddən artıq ucuzluq idi” deyə düşünməliyik.
 
Bu il lobyanın topdansatış qiyməti 20-40 qəpikdir. Keçən illə müqayisədə lobya 60-65 faiz aşağı düşüb. Yaşıl bibərin topdansatış qiyməti 13 faiz ucuzlaşaraq topdansatış qiyməti 70 qəpiyə olub. Qazax lobyasının pərakəndə satışı 60 qəpik, Ağdaş kələmi 30 qəpik, Göyçay pomidoru 1,50 qəpik, Şəmkir pomidoru 1,40 qəpik, Bakı pomidoru 1,30 qəpik, Şəmkir xiyarı 70 qəpik, “melit” xiyarı 70, “patron” xiyarı 90 qəpik, “yelpənək” xiyarı 60 qəpiyədir.
 
Ağdam soğanı (sarı) 70 qəpiyə, yaşıl bibər 80 qəpik, Masallı badımcanı 40 qəpik, Bərdə yerköküsü 60 qəpik, Bərdə çuğunduru 80 qəpik, göyərti 0,15 qəpik, yaşıl yay alması 1,10 qəpik, “semerinka”  alması keçən il 2,75 qəpiyə idisə, indi 1 manata təklif edilir.
 
Sabirabad qarpızı 50 qəpik, yemiş 70 qəpik, Xaçmaz gilası 4,50 qəpik, Quba gilası 1,90 qəpik, “qırmızıyanaq” ərik 4 manat, çiyələk 1,80 qəpikdir, qarğıdalı 40 qəpik, Gədəbəy kartofu 60 qəpikdir.
 
Ümumilikdə, topdansatış qiymətində badımcan 77 faiz, bibər 13 faiz, yerkökü 29 faiz, armud 7 faiz, alma 64 faiz, Misir portağalı  30 faiz ucuzlaşıb. Çuğundur və qarğıdalı eyni səviyyədə qalıb”.  (Modern.az)  /

Google+ WhatsApp ok.ru