Meyvə-tərəvəz bahalığı

Meyvə-tərəvəz bahalığı

-- Bayramdan sonra bazarda qıtlıq yaşanır

"Yeni Müsavat" qəzetində "Bayramdan sonra bazarda qıtlıq yaşanır, bəzi məhsullar 2 dəfə bahalaşdı" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif Novruz bayramından sonra bazarlarda bəzi kənd təsərrüfatı məhsullarının qıtlığının yaranmasını və kəskin qiymət bahalaşmasını gündəmə daşıyır.
 
Müəllif Bakının "8-ci kilometr bazarı"nda gördüklərinə əsasən bahalaşmanın səbəblərini araşdırmağa səy edir: "Bazarda xiyar-pomidorun da qiymətində kəskin bahalaşma müşahidə etdik, bayramdan öncə 3-4 manata təklif olunan məhsullar bu gün 5-7 manata satılır. Hazırda xiyarın 1 kq.-ı 8-12, bayramdan öncə 70 qəpiyə olan alma isə 1.50-2 manata qalxıb".
 
Yazı müəllifi deyir ki, satıcılar bu bahalığı Novuz tətillərilə bağlı topdansatış obyektlərinin mal gətirməməsilə izah edirlər: "Bu səbəbdən də kimin əlində nə məhsul qalıbsa bazara çıxarıb, qıtlıq yarandığından qiymətlər də bahalaşıb.
 
Alverçilərin başı bayrama qarışıb, istirahətə çəkiliblər. Gördüyünüz kimi, piştaxtaların çoxu boşdur. Bu səbəbdən də xiyar, pomidor, göyərti məhsulları kəskin bahalaşıb. Hazırda bazarda bu məhsullara tələbat həddindən artıq çoxdur".
 
Müəllif satıcılara istinadən bazarda qıtlığın hələ iki gün də davam edəcəyini, yeni mallar bazara gətirildikdən sonra qiymətlərin stabilləşəcyini bildirir.
 
Yazıda vurğulanır ki, cəmi iki yerdə göyərti satışı həyata keçirildiyi üçün əvvəllər 10 dəstəsi 1 manata təklif olunan göyərtinin indi bir bağlaması 20 qəpiyə təklif edilir, tərxunun bir dəstəsi 80 qəpik -1 manata satılır.
 
Müəllif müşahidələrinə əsasən qiymətlərin belə fantastik bahalaşmasının bazara gələn müştəriləri də təəccübləndirdiyini diqqətə çatdırır və alıcılardan biri deyir: "Novruz bayramı öncəsi bahalaşmanı başa düşdük, bəs indiki qiymət artımı nə deməkdir? İndi vəziyyət əksinədir, Novruzdan sonra qoz-fındıq ucuzlaşıb, meyvə-tərəvəz isə bahalaşıb. Sanki bütün satıcılar sözləşib, məhsullara standart qiymət qoyublar, 8 manata xiyar, 7 manata pomidor olar? Həmişə 70-80 qəpiyə aldığımız almalar 1.50-2 manat olub. Hansı satıcıya bunun səbəbini soruşuramsa cavab verir ki, topdan baha satılır".
 
Yazı müəllifi vurğulayır ki, kartof, soğan, kök, kələm, turp və digər bu kimi tərəvəzlərin qiyməti sabit qalıb.
 
Müəllif deyir ki, artıq Novruz bayramı geridə qaldığından qoz-fındıq, quru meyvələr və digər bayramlıq məhsullar ucuzlaşıb, səbəb də budur ki, satıcılar bayram ərəfəsində aldıqları malları satıb qurtara bilmədikləri, bundan sonra bu məhsulların alıcılarının az olacağı üçün qiymətlərə endirim ediblər.(contact.az)
 

Google+ WhatsApp ok.ru