Mühüm sürüşmə sahələrinin vəziyyəti açıqlanıb

Mühüm sürüşmə sahələrinin vəziyyəti açıqlanıb

 
 Respublika ərazisində mühüm sürüşmə obyektlərinin vəziyyəti haqqında avqust ayına olan vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Bayıl, Badamdar, Əhmədli-1, Əhmədli-2, Əhmədli-Günəşli arası, Qaraçuxur, Nərimanov dairəsi, Nərimanov döngəsi sürüşmə sahələrində ay ərzində aktivlik müşahidə edilməyib: “Zığ-1 və Masazır sürüşmə sahələrində isə nisbi aktivlik qeydə alınıb”.
 
Onun sözlərinə görə, Astara rayonunun Kijəbə sürüşmə sahəsində nisbi aktivləşmə müşahidə olunub: “Astarada Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu kilometrliklərində sürüşmə sahələrində ay ərzində stabillik müşahidə olunub. Rayondakı Miki sürüşmə sahəsində ay ərzində nisbi aktivlik qeydə alınıb”.
 
O bildirib ki, Lerikdə Veri-Əliabad sürüşmə sahəsinin kütləsi üzərində mövcud çatlarda aktivlik qeydə alınıb: “Eyni zamanda, Lənkəran-Lerik yolunun 27-29-cu, 45-47-ci kilometrliklərində aparılan bərpa-tikinti işlərinin nəticəsində və atmosfer yağıntılarının təsirindən sürüşmə sahələrində aktivləşmə müşahidə edilib. Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyi sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən aktivlik qeydə alınıb. Lənkəranda Horavenç və Gəgiran sürüşmə sahələrində də aktivlik müşahidə olunub”.
 
Ekspedisiya rəisi əlavə edib ki, Gədəbəydə Pirdağ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunub: “Siyəzən rayonunun Sədan sürüşmə sahəsində uzun müddətdir stabillik davam edirdi. Lakin bu ay ərzində sahədə ciddi aktivlik qeydə alınıb. Quba-Xınalıq yolunun 37-46-cı, Quba-Qonaqkənd yolunun 37-40-cı kilometrliyində olan sürüşmə sahələrində də nisbi aktivləşmə var. Qusar rayonunda, Qusar-Sudur yolunun 37-ci kilometrliyində sürüşmə sahəsindəki müşahidə reperlərində dəyişiklik qeydə alınıb”.    
 
Ə. Qaralov bildirib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü hadisəsi müşahidə olunub: “Bakı-Ağsu magistral yolunun 132-156-cı kilometrliyindəki sürüşmə sahəsində proses aktivləşib, nəticədə uçqun-töküntü hadisəsi qeydə alınıb. Eyni zamanda, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində yolboyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmə sahələrində mövcud çatlar genişlənib”. /

Google+ WhatsApp ok.ru