Ümidsizlik, insanı uçuruma aparan bəla

Hədislərdə ümidsizlik hər baxımdan insan həyatında durğunluğa səbəb olduğu üçün Allah insanları bu cür düşüncələrdən çəkindirmişdi. Ancaq çox təəssüf ki, insan həyatında müxtəlif səbəblər əl-ələ verərək bu böyük günahın yaşamasına kömək edirlər.
 
Halbuki Allah Quranda buyurur: 
Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər! (Yusif surəsi, ayə 87).
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!). Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!) (Şərh surəsi, ayə 5-6)
İmam Sadiq (ə) buyurur: “Allaha ümidsizliyin soyuğu şiddətli şaxtadan da sərtdir.”
 
İslamın əsl və həqiqi mədəniyyətinin cəmiyyətimizə tam sirayət etmədiyindən bəzən ümidsizlik bəlasına düçar oluruq. Bunun isə açı nəticələrini hamılıqla müşahidə edirik. Baş verən intiharlar, ölümlər buna bariz nümunədir.
 
Əgər bəzi tədbirlərlə bu bəlanın qarşısını almasaq, fəlakət gənclərimizin yaxasına yapışacaq. Bu məqsədlə hamımız xüsusilə hər vasitədən istifadə edib dəqiq, əsaslı həll yolları olan proqramlar hazırlamalıyıq.
 
Hadisələr və problemlər  
 
Ümidsizlik xəstəliyinin səbəblərindən biri təbi fəlakətlərdir. Bəzən də təbii olmayan, insanın əməllərindən yaranan ümidsizlik. Ancaq insanların çoxu özünü günahsız sayaraq, həyatında baş verən bütün hadisələrdə başqalarını günahlandırır.
 
Şeytan
 
İnsanı ümidsiz edən başqa bir səbəb isə şeytandır. İnsan üçün həmişə pessimist düşüncələri təlqin edər. Quran bu vəsvəsələri şeytanın hiyləsi adlandırır:
- "Bu necə bir dünyadır?"
- "Artıq həyatın bir dəyəri qalmayıb?"
- "Ölmək daha yaxşıdır!"
- "Niyə bu vəziyyətə düşdüm, nə etdim ki?"
- "Hisslərimi, duyğularımı, əhəmiyyət verdiklərimi anlaya biləcək heç  kim yoxdur".
- "Bundan sonra hara qədər səbir edim?"
- "Artıq mən bu hadisələrə dözə bilmirəm."
Beləcə şeytan, o həlak edici planlarını insanların üzərində tətbiq edər.
Bu mərhələdən sonra şeytan artıq insanı tərk edər. Çünki hiyləgər planını tətbiq etmişdir. İnsan elə bir vəziyyətə gəlir ki dinindən heç bir əsər-əlamət qalmır. Dünyada əldə etdiyi rahatçılıq əlindən çıxır. Nəticədə şeytan sevinir Allah isə qəzəblənir.
 
Zəif düşüncə
 
Quran, axirət həyatının daha yaxşı və əbədi olduğunu söyləyir. Ancaq bəziləri məhdud şeylərlə kifayətlənərək özlərini axirətin səmərələrindən məhrum edirlər. Zəif düşüncəli insanlar salehlərin, təqvalıların, yeri olan cənnətin yüksək məqamına çata bilməzlər. Çünki, düşüncələri məhdud çərçivədədir. Düşüncəsi kef və əyləncə olan biri, əlli yaşına çatsa da əbədi həyat üçün hər hansı bir əməl etməz. Halbuki səfər nə qədər uzun, əhəmiyyətli və faydalıdırsa, ona hazırlıqda bir qədər ciddi olmalıdır.
İnsanların bu cür zəif düşüncəyə sahib olması ümidsizliyə səbəb olur. Sadə bir örnəklə bunu açıqlayaq:
Məktəbə gedən bir şagird, yüksək qiymət almaq üçün uzun çox çalışar. İmtahana gedərkən ailəvi bir problemə görə atası onu döyər. Bu şagird də atasından küsdüynə görə, imtahana getməz və məktəb uzaqlaşar. Bu vəziyyətdə şagird qınanmalıdırmı? Ya da uzun müddətdir topladığı təcrübə və biliyi bir anda yox etməsi zəif düşüncəli olmaq deyilmi? Bir problemə görə, insanın hər şeydən küsməsi məntiqli rəftar deyil.
 
Mühitin təsirləri
 
Ümidsizliyə səbəb olan başqa bir amil isə qonşularla, qohumlarla və dostlarla düzgün qurulmayan dialoqdur. Bəzən insanlar gözləmədikləri davranışla qarşılaşarlar. Bu pis mühit, özlərində olan xəstəlikləri müxtəlif yollarla qarşılarındakı insanlara ötürərlər. Problemin əsas mənbəyi də elə bu faktordur. İctimaiyyətin korlanması, ünsiyyət problemi və pis işlərə meyillilik.
 
İman və nəfsin zəifliyi
 
-Yabanı ağacları görmüsünüz?
-Səhradakı güllər diqqətinizi çəkib?
-Və ya yaz çiçəkləri?
-Tez yetişən meyvələrlə, zamanla yetişən meyvələri müqayisə etmisiniz? 
-Üzüm, albalı və əriyi, alma, qoz və badam kimi meyvələrlə müqayisə etmisiniz? 
-Yabanı çiçəkləri evdə yetişdirilən çiçəklərlə müqayisə etmisiniz? 
-Yabanı güllər ümumiyyətlə su, gübrə və kimi şeylərdən məhrumdurlar. Evdəki güllər sulanar, gübrələnər və bir uşaq kimi qulluq olunar. Yaxşı bəs niyə yabanı güllər daha möhkəm və uzun ömürlüdürlər? Evdəki güllər isə tez solar?
-Görəsən illərlə elm-təhsil alan şəxslə həyatını zövq və səfa ilə keçirənlər eyni tərəzidədirlər?
Bu iki tip insanı müqayisə edən hamı elm öyrənənləri təqdir edəcək. Eyni şəkildə yuxarıdakı çiçəkləri, meyvələri və gülləri də müqayisə etdiyimiz zaman çətin şərtlərlə və təbii yetişənlərin sürətli və süni yetişənlərdən daha möhkəm və uzun ömürlü olduqlarını görəcəyik. Yəni, zamana səbirlə müqavimət göstərmək, möhkəm addımlarla addımlamaq  uzun və mənalı yaşamağa səbəb olacaq. Necə ki Allah buyurur:
"Biz imanları güclü olanlara daha çox dəyər verərik".
Güclü iman sahibi olmağın bəhrəsi ümidsizliyə qapılmamaqdır. Çünki onların şüarı bu ayədir:
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!). Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbrlə dözmək lazımdır!) (Şərh surəsi, ayə 5-6)
 
Ümidsizlikdə bir çox ümid var.
Qapqara gecənin sonunda işıqlıq var.
Xəzinəyə zəhmət çəkmədən çatmaq olmaz.
İmam Sadiq (ə.s) buyurur:
"Mömin dağ kimi sarsılmazdır, bəla və müsibətlərə qarşı süst olmaz".
Mənəvi əlaqənin kəsilməsi
Allah-təala Qurani-Kərimdə buyurur:
Qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar (Rəd surəsi, ayə 23).
Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! (Bəqərə surəsi, ayə 256).
Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın! (Bəqərə surəsi, ayə 152).
İnsanın çox gözəl tanıyan Allah ümidsizlikdən xilas olmaq üçün ona sığınmağımızı istəyir. Beləcə çətinliklərdən azad olaraq və həyatın eniş-çıxışlarında özümüzü itirməyək.
O, insanı yaradarkən, ümidsizliklə mübarizə aparmaq üçün insana bu proqramı verib. Allaha təvəkkül etmək və Ona bağlanmaq insanı çətinliklərə qarşı sığortalayır.
Demək Allahla davamlı bir əlaqə yaradılmalıdır. Hər zaman onu xatırlamalı və yad etməliyik.
Yuxarıda ümidsizliyin bəzi səbəbləri qeyd edildi. Ancaq bu mövzu geniş mövzudur.

Google+ WhatsApp ok.ru