Millət vəkili də Azərbaycanın bərbad reklamlarından danışdı

Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin bu gün keçirilən iclasında Komitə sədri Ziyad Səmədzadə Azərbaycanda reklamların vəziyyətindən narazlığını ifadə edib. 
“Qafqazinfo” xəbər verir ki, millət vəkili xüsusilə, reklamların dilinə diqqət çəkib: "Kimlərsə az qala moda xatirinə Azərbaycan dilini unutdurmağa çalışırlar. Bu, düzgün deyil. Telekanallarda Azərbaycan dilində Azərbaycan məhsullarının, xüsusilə, yerli brend məhsulların reklamına da rast gəlmək olmur. Bu baxımdan hesab edirəm ki, "Reklam haqqında" yeni qanunun qəbulu çox əhəmiyyətlidir". 
 
O həmçinin əlavə edib ki, "Reklam haqqında" yeni qanun layihəsi parlamentin İqtisadi siyasət komitəsinin 2014-cü il payız sessiyası ilə bağlı qanunvericilik işləri planına daxil edilib: “Adıçəkilən qanun layihəsi komitə üzvləri- deputatlar Əli Məsimli və Vahid Əhmədov tərəfindən hazırlanıb. Həmin sənədin artıq parlament rəhbərliyi tərəfindən qanunvericilik işləri planına daxil edilməsi məqsədəuyğun sayılıb”. 
 
Sözügedən qanun layihəsinin müəlliflərindən olan Vahid Əhmədov çıxışında bildirib ki, "Reklam haqqında" qanunun qəbulundan təxminən 15 il keçib: “Həmin vaxtdan bu yana ölkənin iqtisadi-siyasi həyatında, reklam bazarında xeyli dəyişikliklər baş verib. Bizim hazırladığımız yeni qanun layihəsində də xeyli yeniliklər, əlavələr var. Demək olar ki, mövcud qanunun 70 faizi dəyişdirilib. Bir daha hesab edirəm ki, dövrün reallıqları və tələbləri baxımından yeni qanunun qəbuluna çox böyük ehtiyac var və bu baxımdan, çox güman ki, biz onu payız sessiyasında müzakirələrə çıxarıb qəbul edə biləcəyik". 
 
Qanun layihəsinin digər müəllifi Əli Məsimli də qeyd edib ki, Azərbaycanda reklamların vəziyyəti olduqca bərbaddır: "Küçəyə çıxıb 15 dəqiqə gəzib dolaşıb baxmaq kifayətdir ki, reklamların nə vəziyyətdə olduğunu biləsən. Ona görə hesab edirəm ki, belə bir qanunun qəbulu çox vacibdir". 

Google+ WhatsApp ok.ru