Milli orduda oruc qadağası

“Nazirlikdən xüsusi tapşırıq var”

Azərbaycanda hərbi xidmətdə olan əsgərlərə namaz qılmaqla yanaşı Ramazan ayında Oruc tutmaq da qadağan edilib.
 
Maide.az Azvision.az-a istinadən xəbər verir ki, Ramazan ayı başlayandan nazirliyin tapşırığı ilə hərbi hissələrdə əsgərlərin oruc tutmasına icazə verilmir. Faktı hərbi xidməti yenicə başa vuran əsgərlər təsdiq ediblər.
 
Bildirirlər ki, hərbi hissə komandirləri oruc tutmağa cəhd edən əsgərləri toplayaraq onlara hərbi xidmət müddətində dini ibadətlə məşğul olmamaq haqda tapşırıqlar verib.
 
“Bəzi əsgər yoldaşlarımzı oruc tutmaq istəsələr də onlar hərbi hissə komandirləri, bölük komandirləri icazə vermədilər. Bildirdilər ki, nazirlikdən xüsusi tapşırıq var ki, namaz qılmaq, oruc tutmaq olmaz”-deyə təxris olunan hərbçilər qeyd ediblər.
 
Məsələ ilə bağlı sayt Müdafiə Nazirliyinin mətbuat xidmətinə sorğu göndərsə də hələlik heç bir açıqlama verilməyib.
 
Xatırladaq ki, sayt hərbi hissələrdə namaza qadağa qoyulması haqda məlumat vermişdi. Nazirlik faktı təsdiq edərək dini ibadətlərin qadağan edilməsinin səbəbini belə izah etmişdi: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir. İlk olaraq qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə ölkəmizdə din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği də qadağandır.
 
Azərbaycan Respublikası çoxkonfessiyalı dövlət olduğu kimi, Silahlı Qüvvələrimizdə də müxtəlif dini əqidəyə malik vətəndaşlarımız hərbi xidmət keçirlər. Bununla belə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir”.

Google+ WhatsApp ok.ru