Mirvari Qəhrəmanlı: “Dəm qazından zəhərlənmə hallarına “Azəriqaz” cavabdehdir”

Havalar soyumağa başladıqdan sonra əhali arasında dəm qazından zəhərlənmə halları yenidən artmağa başladı. Zəhərlənmə hallarının olmasını əhalinin təhlükəsizlik qaydalarına riayət etməmələri göstərilir. Ölkənin müxtəlif bölgələrindən gələn mütəmadi xəbərlər prosesin çox ciddi bir hal aldığını göstərir. Bəzi ekspertlərin fikrincə bu tək təhlükəsizlik qaydalarına riayət etməməklə deyil, eyni zamanda əhaliyə verilən qazın tərkibi ilə də bağlı problemlərin mövcudluğuna dəlalət edir.
Mövzu ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Deyerler.org-la fikirlərini bölüşərkən bildirib ki, bu “Azəriqaz” İB tərəfindən müharibə olmayan şəraitdə ölkə əhalisinə qarşı müharibə aparmaqdır: “Ölkədə dəm qazından ölmə və zəhərlənmə halları bir neçə ildir ki, kütləvi şəkildə davam edir. Bu qədər ölüm halları ilə bağlı nə izahat verilir, nə də kimlərsə həbs edilir. Ötən illərdə İranda istehsal olunan sobaları standartlara cavab vermədiyini iddia edirdilər. Amma şəxsən mən özüm həyət evində 10 ilə yaxın bu sobadandən istifadə etmişəm. Həmin sobanın hər hansı bir təhlükəsi ilə rastlaşmamışam. Bu sadəcə bir bəhanə idi. Daha sonra qeyd etdilər ki, əhali təhlükəsizlik qaydaların riayət etmir.
 
Bəs bu qədər maliyyə ayrılan “Azirəqaz” İB nə işə xidmət edir? Gündə bir struktur dəyişikliyi edir, bir departament dəyişikliyi edir. İnsan taleyinə qarşı olan bu məsuliyyətsizliyə məhz “Azəriqaz” cavabdehdir. Çox təəccüblü bir haldır ki, bu qədər dəm qazından ölüm hallarına görə “Azəriqaz” İB rəhbərliyi hər hansısa bir formada tənqid olunmayıb. Əgər həqiqətən də istehlakçının günahı üzündən qaz sızması baş verirsə, bu yenə də “Azəriqaz” İB işçilərinin səhvinə görədir, pul alıb göz yummaq olmaz, insan taleyinə qarşı biganə olmaq olmaz. Əgər hesab aparılsa Bakıda dəm qazından ölənlərin sayı cəbhə bölgəsində olan ölüm sayından daha çox olduğu ortaya çıxar”.
 
M.Qəhrəmanlı əahliyə verilən qazın tərkibi ilə bağlı yayılan iddiaların da doğru olduğunu qeyd edərək deyib ki, qazın tərkibinin satandartlara cavab verməməsi ilə bağlı söylənilən iddialar əsaslıdır: “Kütləvi surətdə zəhərlənmələr olduqda cəmiyyətə birmənalı şəkildə açıqlamalar verilmədi. Düşünürəm ki, qazın tərkibi ilə bağlı araşdırmalar aparılsa aydın olar ki, hər şey qaydasında deyil. Savadsız, qohumbaz insanları məhz bu sahəyə cəlb etməyin nəticəsi belə olur. Qazın tərkibinə nə üçün nəzarət edilməməsi ilə bağlı sualları cavablandıran şəxslər olmalıdır. Üzümüzə gələn soyuq havalarda dəm qazından zəhərlənmələr daha da çox olacaq. Günahı yenə əhalinin üzərinə atacaqlar. Mən tam məsuliyyəti ilə deyirəm ki, bu məsələdə əhali günahkar deyil”.deyerler /
 

Google+ WhatsApp ok.ru