Mirvari Qəhrəmanlı: “KİV-lər BP-də qəza verdikdə açıqlama tələb etmir”

Mirvari Qəhrəmanlı: “KİV-lər BP-də qəza verdikdə açıqlama tələb etmir”

Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin cəsədi Dərinsulu Günəşli platforması yaxınlığında sudan çıxarılıb. Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən məlumat verilib. “Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkəti dərin təəssüf hissi ilə bildirir ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən insan cəsədi çıxarılıb. Meyid sahilə gətirilib və müvafiq hüquq mühafizə orqanlarına təhvil verilib”, - deyə məlumatda vurğulanıb.
 
Neftçilərin Hüquqlarının Müdafisəi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Deyerler.org-la bağlı fikirlərini bölüşərkən deyib ki, hadisəyə məsuliyyəti BP şirkəti daşıyır: “BP açıqlama yaydı və bildirdi ki, Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda istismar olunan “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısı KCA Deutag şirkətinin bir işçisi itkin düşüb və onun axtarışına başlanılıb. Lakin BP şirkəti qeyri-müəyyən səbəblərdən işçinin hansı səbəbdən, hansı şəraitdə itkin düşdüyü haqqında ictimaiyyəti məlumatlandırmadı və hələ də məlumatlandırmır. İtkin düşən podratçı şirkətin işçisi olsa da, həmin işçi üçün də təhlükəsiz iş şəraitinin yaradılması BP tərəfindən təmin olunmalıdır. Hadisəyə məsuliyyəti də BP şirkəti daşıyır. Təəcüblü odur ki, SOCAR-da belə hadisə baş verəndə mətbuat təkidlə açıqlama tələb edir, ancaq BP-dən yox! Niyə? Bu yaxınlarda AQŞ (Azərbaycan Qazma Şirkəti)-nin də bir işçisi iş yerində həlak oldu və şirkət açıqlama vermədi. İşçi iş yerində həlak olub, insan ölümü var, bunun üçün də şirkət cəmiyyət qarşısında hesabat verməlidir. İlin sonuna təşkilatımız bununla əlaqədar xüsusi hesabat hazırlayıb, həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çatdıracaq. Təbii ki, cəzasızlıq və biganəlik burda da özünü göstərəcək. Amma qeyd etdiyim kimi, yayacağımız hesabat elə onlar üçün cəzanın bir növü olacaq”.
 

Google+ WhatsApp ok.ru