Mirvari Qəhrəmanlı: “İtkin düşən neftçilərin ailələri təzminatdan imtina ediblər”

Mirvari Qəhrəmanlı: “İtkin düşən neftçilərin ailələri təzminatdan imtina ediblər”

“Neft daşları”nda baş verən hadisədən 11 gün ötür. Həyatını itirən 10 neftçidən indiyə qədər yalnız birinin cəsədi tapılıb, 9 neftçinin isə axtarışları davam edir. Ekspertlərin fikrincə axtarışların müsbət nəticə verməsi ehtimalı çox aşağıdır.
 
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, itkin düşənlərin ailə üzvləri proseslə bağlı normal məlumat almaqda çətinlik çəkirlər: “Biz intensiv şəkildə “Neft daşları”nda baş verən qəzada həyatlarını itirmiş işçilərin ailələri ilə əlaqə saxlayırıq. Dekabr ayının 27-də də onların bəziləri ilə telefon əlaqəsi saxlamışıq. Çox təəccüblüdür ki, ötən dəfə qəzada xəsarət alanların ailələrinə edilən diqqəti bu dəfə görə bilmirik. Bizim qurumun hüquqşünası görüşüb və müəyyən qeydlər aparıb: “Neftçilərin ailə üzvlərinə yalnız 100 manat pul təklif edilib. Amma bu puldan ailə üzvlərinin əksəriyyəti imtina edib”. Bunu hüquqşünasımız zərərçəkənlərin ailə üzvləri ilə görüşdə qeydə alıb. Ümumiyyətlə cavabdeh qurumlarla xəsarət alanların ailə üzvləri arasında əlaqə çox zəifdir. Ailə üzvləri proseslə bağlı normal məlumat almaqda çətinlik çəkirlər. Bu günə qədər o ailələrə Respublika Konfederasiyalar İttifaqı tərəfindən heç bir maddi və ya mənəvi yardım göstərilməyib. Ailə üzvlərinə N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsi, “Azneft” İB, SOCAR və digər dövlət orqanları tərəfindən heç bir yardım göstərilməyib. Eyni zamanda bu istiqamətdə aparılan işlərdə şəffaflıq təmin edilmir.
 
Aparılan axtarışlar çox səriştəsiz səviyyədə həyata keçirilir. Bu nəticələrdən də aydın şəkildə bilnir. Heç bir neftçinin cənazəsinin tapılmaması bu işlə peşəkarların məşğul olmadığını tam şəkildə ortaya qoyur”. /

Google+ WhatsApp ok.ru