Misirdə gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilib

Maide.az-ın məlumata görə, noyabrın 28-də Qahirədə etiraz aksiyaları keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, ölkədə misilsiz təhlükəsizlik tədbirləri görülüb. Misirin təhlükəsizlik qüvvələri, xüsusi təyinatlı bölmələr və çevik polis dəstələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
 
Yerli KİV-lərin verdiyi məlumata görə, zirehli texnika ilə gücləndirilmiş polis və ordu kordonları polis bölmələrinin, dəmir yol və metro stansiyalarının, dövlət bankının filiallarının, elektrik stansiyalarının, habelə Qahirədəki teleradio yayım kompleksinin və digər mühüm obyektlərin yaxınlığında cəmləşdirilib. Paytaxtın Təhrir, Ən-Nətta, Rabaa əl-Ədauiyyə və digər mühüm meydanlarına gediş-gəliş yolları bağlanacaq. Süveyş kanalı rayonu və onun ətrafındakı ərazilər xüsusi müdafiə olunur.
 
Misirdəki sələfi qruplaşmalarından birinin - “Sələfi cəbhəsi”nin liderləri müsəlman gənclərə müraciətlə onları kütləvi etiraz aksiyalarına çıxmağa çağırıblar. Maraqlıdır ki, “Müsəlman qardaşlar” hakimiyyətdən kənarlaşdırılan vaxt neytral mövqe tutmuş ən iri sələfi partiyası “Ən-Nur” öz tərəfdarlarına müraciət edərək onları cümə günü keçiriləcək etiraz aksiyalara qoşulmamağa çağırıb.
 
Bu ərəfədə Misirin daxili işlər naziri Məhəmməd İbrahim hökumətin iclasında bildirib ki, təhlükəsizlik orqanları ölkədə vəziyyətin sabitliyini pozmağa yönəlmiş hər hansı cəhdlərin qarşısını sərt şəkildə alacaqlar.

Google+ WhatsApp ok.ru