Misir, İordaniya və İraq üçtərəfli əməkdaşlığı inkişaf etdirir

Misir, İordaniya və İraq üçtərəfli əməkdaşlığı inkişaf etdirir

Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, İordaniya Kralı II Abdulla və İraqın Baş naziri Adel Əbdül-Mehdinin iştirakı ilə üçtərəfli sammit keçirilib.
 
Maide.Az xarici KİV-ə istindadla xəbər verir ki, danışıqlarda müxtəlif sahələrdə üçtərəfli əməkdaşlığın inkişafı yolları, bu ölkələri birləşdirən tarixi münasibətlər çərçivəsində əlaqələndirmə və inteqrasiya məsələləri müzakirə olunub.
 
Sammitin yekunlarına dair birgə Bəyannamə qəbul edilib. Sənəddə bildirilir ki, üç ölkənin liderləri regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar və regional sabitliyin bərqərar olması üçün öz aralarında, həmçinin bütün ərəb ölkələri ilə böhranların və problemlərin həlli yollarının axtarılması üzrə əməkdaşlığı gücləndirməklə bağlı qəti mövqelərini vurğulayıblar. Onlar ümidvar olduqlarını bildiriblər ki, martın sonunda Tunisdə keçiriləcək Ərəb Dövlətləri Liqasının sammiti region ölkələri arasında həmrəyliyin və birgə fəaliyyətin möhkəmlənməsinə töhfə olacaq.
 
Birgə Bəyannamədə terrorçuluğa qarşı mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi də vurğulanıb, İraqın bərpası və qaçqınların qaytarılması istiqamətində Bağdada dəstək ifadə olunub.
 
Sammitdə iqtisadiyyat, siyasət, təhlükəsizlik, mədəniyyət və digər sahələrdə əməkdaşlığı əlaqləndirmək məqsədilə üçtərəfli işçi qrupunun yaradılması barədə razılıq əldə edilib.
 

Google+ WhatsApp ok.ru