Mitinqlərə niyə icazə verilmir?-iddialar

Mitinqlərə niyə icazə verilmir?-iddialar

"Yeni Müsavat" qəzetində isə "Meriyanın mitinqlə bağlı 16-cı qərarı nə olacaq?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkədə mitinqlərə qoyulan qadağaları və bunun səbəbləri barədə Aydınlar Partiyasnın sədri Qulamhüseyn Əlibəyli ilə müzakirə aparır.
 
Müəllif deyir ki, bu ilin yanvarından Azərbaycanda mitinq qadağaları davam edir, ən müxtəlif müxalif qurumlar tərəfindən 15 mitinq müraciəti edilib və bunların hər birinə Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab verib.
 
Müəllif vurğulayır ki, sonuncu icazəli aksiya bu il yanvarın 19-da Milli Şura tərəfindən keçirilib.
 
Müəllifin deməsinə görə, bu halın payıza qədər davam edəcəyi yönündə ehtimallar var və səbəb kimi də hakimiyyətin qışa qədər parlament seçkilərinə gedəcəyi, yaxud da Avropa İttifaqı ilə məlum əməkdaşlıq sazişini imzalayacağı göstərilir.
 
Müəllif deyir ki, ölkədəki sabitliyin pozulmaması, təhlükəsizliyin qorunması üçün hökumətin indiki şəraitdə aksiyaları məqsədəuyğun saymadığını düşünənlər də az deyil.
 
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli fərqli düşünür: "Mitinqlərə icazə verilməməsi Azərbaycan hakimiyyətinin qeyri-demokratik ənənələrini davam etdirməsinin nəticələrindən biridir. Mitinqlər azsaylı və ya çoxsaylı insanın iştirak etməsindən asılı olmayaraq, əhalinin müəyyən qrupunun öz fikirlərini ifadəetmə formasıdır. Aksiyalara icazə verilməməsinin səbəblərinə gəlincə, bunun izahını hakimiyyətdə olanlar daha yaxşı verə bilərlər.
 
Amma hesab edirəm ki, 19 yanvar mitinqinin nəticələri iqtidar üçün ola bilsin, gözlənilməz olub. Bunun da nəticəsində iqtidar sonrakı mərhələlərdə bu gözlənilməzliyi nəzərə almağa başladı".
 
Q.Əlibəyli hesab edir ki, mümkündür ki, hakimiyyət mitinqlərdə təxribat ola biləcəyindən ehtiyatlandığı üçün belə edir, təxribat müxalifətin yox, Azərbaycanı istəməyən qüvvələr tərəfindən bunun edilə biləcəyini düşünür.
 
Q.Əlibəyli hesab deyir ki, yaxud iqtidar öz daxilindən kimlərinsə bunu hazırlaya biləcəyindən ehtiyat edə bilər: "Amma istənilən halda 19 yanvar mitinqində yeni iştirakçıların sayının çox olmasının mitinq qadağalarına səbəb olduğunu düşünürəm".
 
Q.Əlibəyli mitinqlərə icazə verilməməsinin Avropa İttifaqı ilə saziş ətrafında gedən danışıqlarla bağlı olması barədə deyilənlərlə razı deyil və hesab edir ki, qadağalar uzandıqca, sadəcə, problemlər çoxala bilər.
 

 

Google+ WhatsApp ok.ru