'Mülkiyyət sahibləri torpaqlarını itirə bilər'

'Mülkiyyət sahibləri torpaqlarını itirə bilər'

«Konstitusiyanın 29-cu maddəsinə təklif olunan əlavələr qəbul edilərsə, bir çoxları torpaqlarını, kapitallarını və mülklərini itirə bilər».
 
İqtisadçı-ekspert Qubad İbadoğlu bunu öz Facebook səhifəsində yazıb.
 
Ekspertin fikrincə, Ana Qanunun mülkiyyət hüququnu təsbit edən maddəsinə dəyişiklik olunsa, yeni normanın tətbiqi prosesində hüquqi və qeyri-hüquqi müstəvidə yeni mübahisələr yaranacaq.
 
«Bu dəyişiklik (mülkiyyət hüququ ilə bağlı təklif -AR) Azərbaycanın üzv olduğu və imzaladığı beynəlxalq öhdəliklərə, o sıradan İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyaya ziddir. Xüsusi mülkiyyətin sosial öhdəliklər yaratması ilə bağlı təklif çox təzadlı səslənir. Burda söhbət özəl sahibkarın sosial öhdəliyindən deyil, korporativ sosial məsuliyyətindən gedə bilər. Bunun üçün də Konstitusiyaya əlavələr etməyə ehtiyac qalmır», - ekspert qeyd edib.
Sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dəyişiklərlə bağlı referendum keçiriləcək. Referendum Aktının layihəsi 29 maddədən ibarətdir.
 
Layihədə ifadə azadlığı və mülkiyyət haqları ilə bağlı bir sıra məqamlar var. Bundan başqa, orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Üstəlik, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.
 
Referendum Aktında Konstitusiyanın 29-cu maddəsinə belə dəyişiklik təklif edilir.
 
«Aşağıdakı məzmunda V və VI hissələr əlavə edilsin:
 
V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
 
VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər». (azadliq.org)

 

Google+ WhatsApp ok.ru