MÜNAFİQLƏRİN HİYLƏSİ ŞEYTANIN KƏLƏYİNƏ BƏNZƏYİR!

MÜNAFİQLƏRİN HİYLƏSİ ŞEYTANIN KƏLƏYİNƏ BƏNZƏYİR!

Allah-Taala Qurani-Kərimin “Həşr” surəsinin 16-17-ci ayələrində buyurur:

كَمَثَلِ الشَّیطَانِ إِذْ قَالَ لِلْإِنْسَانِ اكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّی بَرِیءٌ مِنْكَ إِنِّی أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِینَ. فَكَانَ عَاقِبَتَهُمَا أَنَّهُمَا فِی النَّارِ خَالِدَینِ فِیهَا وَذَلِكَ جَزَاءُ الظَّالِمِینَ

“(Münafiqlərin hiyləsi) Şeytanın (kələyinə) bənzəyir. O, insana “Kafir ol!” – dedi və elə ki, (insan) kafir oldu, dedi: “Doğrusu, mən səndən uzağam, həqiqətən, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” Beləliklə, hər ikisinin (şeytan və kafirin) işinin aqibəti də od içində əbədi qalmaqdır. Budur zalımların cəzası!”

AYƏLƏRİN NAZİLOLMA SƏBƏBİ

Müsəlmanlarla “Bəni-Nəzir” qəbiləsi arasında baş verən çəkişmədə münafiqlərin başçısı Abdullah ibn Übəy “Bəni-Nəzir” qəbiləsinin başçılarına belə xəbər göndərir: “Siz öz mövqeyinizi qoruyun və Mədinəni tərk etməyin. Əgər siz şəhəri tərk etsəniz, biz də sizə qoşulacaq və sizə hücum olunsa, biz də sizə yardım edəcəyik.” (“Həşr” surəsi 11-ci ayə.)

Növbəti ayə onların yalanlarının üstünü açaraq heç vaxt öz əhd-peymanlarına sadiq qalmadıqlarını, nə Mədinəni tərk, nə də onlara kömək edəcəklərini və əgər kömək etsələr də, dərhal döyüş meydanını tərk edəcəklərini bildirir:

لَئِنْ أُخْرِجُوا لَا یخْرُجُونَ مَعَهُمْ وَلَئِنْ قُوتِلُوا لَا ینْصُرُونَهُمْ وَلَئِنْ نَصَرُوهُمْ لَیوَلُّنَّ الْأَدْبَارَ ثُمَّ لَا ینْصَرُونَ

“Şübhəsiz, əgər onlar (kafirlər öz yurdlarından) çıxarılsalar, bunlar (münafiqlər) onlarla birgə çıxmazlar və əgər (möminlər) onlarla vuruşsalar, (münafiqlər) onlara kömək etməzlər və əgər kömək etsələr də, onlara arxa çevirərək qaçarlar, sonra da (o iki dəstədən heç birinə) kömək olunmaz.” (“Həşr” surəsi, ayə 12.)

Tarixə əsasən, münafiqlər “Bəni-Nəzir” qəbiləsinə həssas vaxtlarda vədələr versələr də, heç vaxt onlara kömək etmədilər. Odur ki, Qurani-Kərim münafiqləri şeytan tipli ünsürlər adlandıraraq onların heç vaxt öz vədələrinə sadiq qalmadıqlarını bildirir.

Təfsirçilər nəql edirlər ki, Bəni-İsrail tayfasından Bərsisa adlı bir abid uzun illər Allaha ibadətin nəticəsində elə bir məqama yüksəlir ki, nə vaxt dua etsə, duası qəbul olarmış. Lakin o, ömrünün sonunda bir günaha görə rüsvay olaraq dar ağacından asılır və dünyadan da kafir gedir.

Bərsisanın hədsiz ibadətindən narahat olan İblis onu yolundan çıxarmaq və azğınlığa salmaq üçün hər bir hiyləyə əl atsa da, istəyinə çatmır. Nəhayət, onu zinakarlıq vəsvəsəsi ilə aldatmağı öhdəsinə götürən “Əvər” adlı bir şeytana həvalə edir. Təsadüfən, yaşadığı məmləkətin padşahının qızı iflic olur. Bərsisadan o qıza şəfa vermək məqsədilə padşahın evinə getməsini xahiş etsələr də, o, razılıq vermir. Çıxılmaz vəziyyətdə qalan qızın qardaşları onu bir taxtın üstündə Bərsisanın evinə gətirirlər. Bərsisa deyir: “Qız burada qalmalıdır ki, sübh vaxtı dua edim, şəfa tapsın!” Qızın qardaşları abidin təklifini qəbul edib, geri qayıdırlar. Bərsisa sübh çağı dua edir və o, şəfa tapır. Bu zaman Əvər adlı şeytan fürsətdən istifadə edib abidin yanına gəlir və vəsvəsə edərək qızın eşqini onun ürəyinə salır. Bu iş o yerə gəlib çatır ki, hətta qızla zina edir. O, bu işdən sonra peşman olur və qızın bunu öz qardaşlarına xəbər verəcəyindən qorxub, nə edəcəyi haqda fikirləşməyə başlayır. Bu vaxt şeytan qızı boğub öldürməyi və orada da dəfn etməklə cinayəti ört-basdır etməyi abidin qəlbinə salır. Bərsisa şeytanın vəsvəsəsini gerçəkləşdirərək, qızın cəsədini elə öz evində dəfn edir. Səhər qızın qardaşları gəlib onun harada olduğunu soruşduqda, abid deyir: “Mən dua etdikdən sonra o şəfa tapdı və çıxıb getdi.” Şahzadələr qızı axtarıb tapmadıqda, onun Bərsisanın vasitəsilə qətlə yetirildiyini güman edirlər. Buna görə də abidin yanına qayıdıb diqqətlə hər yeri axtardıqdan sonra, axır, onun öz evindən qızın dəfn olunmuş cəsədini tapırlar.

Padşah əmr edir ki, Bərsisanın boynuna kəndir bağlayıb şəhərə gətirsinlər və camaatı da bundan xəbərdar etsinlər. Camaat bir yerə toplaşdıqda, abidin rüsvayçılığı daha da artır. Nəhayət, onu dara çəkib kəndiri boynuna salırlar. Bu zaman şeytan onun gözü önündə aşkar olub deyir: “Bu müsibət və rüsvayçılığı sənin başına gətirən mənəm! Əgər qurtulmaq istəyirsənsə, yenə mənim sözümə qulaq asmalısan.” Abid soruşur: “Nə etməliyəm?” Şeytan deyir: Mənə səcdə et!” Abid deyir: “Dar ağacından asıldığım halda, sənə necə səcdə edim?” Şeytan deyir: “Bir an başını tərpətməklə mənə səcdə etsən də kifayətdir.” Bədbəxt abid başını tərpətdikdə, şeytan qəhqəhə ilə gülüb, onun yanından uzaqlaşır və o, kafir olaraq dünyadan gedir! (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 52-ci məsəl.)

NƏTİCƏ

Münafiq xislətli kəslərin vədəsi şeytanın abidə verdiyi vədəyə bənzəyir və hər ikisi qarşı tərəfi aldadar və heç vaxt vədələrinə əməl etməzlər.

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru