Münaqişə danışıqlar yolu ilə nizamlanmasa, Azərbaycan ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 70-ci sessiyasının ümumi müzakirələrində çıxış edib. O çıxışında bir daha Ermənistanı beynəlxalq normalara əhəmiyyət verməməkdə günahlandırıb.
APA-nın Xarici İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, Azərbaycanın xarici işlər naziri bildirib: “Mənim ölkəm 15 ildən artıq müddət ərzində BMT-nin mandatı əsasında regional təşkilatlar və ya ayrı-ayrı üzv dövlətlərin komandanlığı altında Kosovo, İraq və Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib. Biz hazırda Azərbaycanda təlim obyektlərini də təmin etməklə, BMT-nin sülhməramlı əməliyyatlarına dəstək verməkdə maraqlıyıq.
Elmar Məmmədyarov vurğulayıb ki, Ermənistanın BMT Nizamnaməsi və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə məhəl qoymur.
Nazir bildirib: Azərbaycan ərazilərinin hərbi yolla işğalı həll yolu deyil və heç vaxt Ermənistan tərəfindən arzu olunan siyasi nəticə verməyəcək.
Məmmədyarov qeyd edib: Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında ən maraqlı tərəfdir. Buna baxmayaraq, danışıqlar yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq. /

Google+ WhatsApp ok.ru