Moskva qasırğasına ölkəmiz nə dərəcədə hazırdır...

Moskva qasırğasına ölkəmiz nə dərəcədə hazırdır...

Gülşad Məmmədova: “Küləyin güclənməsi müşahidə edilsə də...”
 
Rusiyanın paytaxtı Moskvada baş verən qasırğa nəticəsində ölən və yaralananlar var. Rusiya Tədqiqat Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun Rusiya mətbuatına verdiyi məlumata görə, onlara 11 nəfərin paytaxtda, 3 nəfərin isə Moskva vilayətində həlak olması barədə məlumat daxil olub. Moskva Şəhər Səhiyyə Departamentinin rəhbəri Aleksey Xrunov isə TASS-a bildirib ki, təbii fəlakət nəticəsində 168 nəfər xəsarət alıb. Onlardan 146 nəfəri paytaxtın 15 xəstəxanasına hospitalizə edilib. 146 nəfər hələ də xəstəxanadadır. Onlardan 22-si uşaqlardır. Xəsarət alanlara yardım üçün baş mütəxəssislərdən ibarət əlavə tibbi briqadalar təşkil edilib. Qeyd edək ki, qasırğa nəticəsində paytaxt Moskvanın ayrı-ayrı rayonlarında ağaclar aşıb, binaların dam örtüyü uçub. Avtobus dayanacaqları aşıb. Elektrik dirəkləri sınıb. Paytaxtın elektrik enerjisi təchizatında problemlər yaranıb. Hazırda dəyən ziyanın məbləği hesablanır.
 
Azərbaycanın bir sıra rayonlarında da bir neçə gündür ki, güclü külək əsir, dolu yağır. Əhalini maraqlandıran bir sual var ki, qonşu Rusiyada baş verən qasırğa Azərbaycanda da ola bilərmi?
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Azərbaycanda güclü küləyin gözlənilmədiyini dedi: “Mayın 31-i axşam və ayın 1-i gün ərzində şimal küləyinin güclənməsi müşahidə olunacaq. Yəni elə güclü bir proses yoxdur. Rayonlarda da qərb küləyinin güclənməsi və yağışlı hava şəraiti gözlənilir. Küləyin aradabir güclənməsi müşahidə edilsə də, Rusiyadakı kimi qasırğa gözlənilmir”.
 
Ekoloq Telman Zeynalov isə Moskvada baş verən qasırğanın əslində təbii fəlakət olmadığını dedi: “Əgər sinoptiklər Azərbaycanda qasırğanın olmayacağını deyirsə, demək ki, olmayacaq. Bu realdır. Bizim dövlətimizin apardığı ekoloji siyasəti digər kapitalist dövlətlərlə, yəni Amerika, Rusiya ilə müqayisə etmək düz deyil.
 
Rusiyada mənfi - müsbət təzyiqləri havada yaradır və qasırğa əmələ gətirirlər. Bu qasırğa Moskvanın bir hissəsini əhatə edib. Nə qədər insan ölüb, yaralanıb. Bunu ekoloji silahla ediblər. Qasırğa elə-belə əmələ gəlmir. Bu, təbii fəlakət deyil. Ekoloji silahla yaradılmış bir şeydir”. (musavat) /

Google+ WhatsApp ok.ru