Müsavatın mitinq keçirəcəyi stadion polisin əhatəsində- Fotolar

 
Müsavat Partiyasının mitinq keçirəcəyi stadion polis nəzarətindədir. Müsavat.com-un əməkdaşının verdiyi xəbərə görə, “İnşaatçılar” metrostansiyasından Məhsul stadionuna qədər ərazi çoxsaylı polis əməkdaşları ilə əhatələnib. Həmçinin metronun giriş-çıxışında da onlarla polis dayanıb. 
 
Yollar isə yol-polisi maşınları və əməkdaşları ilə bağlanıb. Yollardan avtomobillər yığışdrılır. Polislə birgə ərazidə mülkigeyimlilər də var. Stadiona girişə də icazə verilmir. Girişdə dayanan polislər insanların saat 15.00-da stadiona buraxılacağını bildirirlər.  
 
Xatırladaq ki, Müsavat Partiyası Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə “Siyasi məhbuslara azadlıq!” şüarı altında bu gün mitinq keçirməyi planlaşdırır. 
 
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının 14 dekabra təyin etdiyi mitinqin keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab verib. Belə ki, BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun Müsavata göndərdiyi məktubda partiyanın müraciətinin araşdırıldığı və mitinqə razılıq verildiyi bildirilib. 
 
Mitinq 14 dekabrda, yəni bu gün saat 15:00-dan 17:00-a qədər “İnşaatçılar” metrostansiyasının yanındakı keçmiş “Məhsul” stadionunda keçiriləcək./
 





Google+ WhatsApp ok.ru