Mütəxəssis: ‘Bakıda kanalizasiya sistemi qurulmasa, fəlakət qaçılmazdır’

Mütəxəssis: ‘Bakıda kanalizasiya sistemi qurulmasa, fəlakət qaçılmazdır’

Əzim Məsimov yolların çökməsini Bakıda kanalizasiya sisteminin bərbad olması ilə izah edir

Ötən ilin dekabr ayında istifadəyə verilən “Babək” prospektinin bir hissəsində çökmə baş verib.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Yeni Müsavat”a hadisə ilə bağlı açıqlama verib ki, çökmə 2-3 metrlik hissədə baş vermişdi və dərhal da bərpa olundu: “1980-ci illərdə yol çəkilən zaman neft tullantıları ərazisinin üzəri ilə salınıb. İndi də həmin faktor müəyyən qədər təsir edir. Elə bir ciddi problem yox idi. Çökən ərazidə hərəkət bir neçə saat sonra bərpa olundu”.
 
Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə “Babək” prospektinin yenidənqurma işlərinə 2018-ci ilin dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılmışdı.
 
“Yeni Müsavat”a danışan Bakı Tikinti İdarəsinin rəisi olmuş, ekspert Əzim Məsimov bu kimi çökmələrin əsas səbəbi kimi Bakıda kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasını əsas gətirib. O bildirib ki, əgər kanalizasiya sistemi qurulmasa, böyük fəlakətlər yaşana bilər: "Əvvəllər “Babək” prospekti və ətrafı zavod ərazisi, sənaye zonası olub. Həmin zavodlar köçürüldükdən sonra prospekt salındı. Yol salınan zaman hansı geoloji işlərin aparıldığını isə indi söyləmək çətindir. Əvvəllər müvafiq institutlar var idi ki, onların tərkibində geoloji kəşflər şöbəsi fəaliyyət göstərirdi. Hazırda həmin institutların əksəriyyəti ləğv olunub. Simvolik olaraq Bakı Dövlət Layihə İnstitutu qalıb ki, orada da yalnız bir neçə nəfər mütəxəssis işləyir. Vaxtında mütəxəssisləri qiymətləndirmədilər və əlaqə pozuldu. İşi bilənlər birdən-birə yoxa çıxdı, yeni heyət gəldi. Onlar da yalnız kompüter üzərindən layihələnmə aparırlar. Şəhərsalma kompüter üzərindən aparıla bilməz. Burada peşəkar mühəndis araşdırmaları aparılmalıdır. Bakı daş üstündə yerləşir. Bu daş isə monolit deyil, parçalanmalar var. Vaxtilə axmaz göllər yaradılmışdı ki, indi həmin göllərin suları daşların arası ilə süzülür. Getdikcə bu sular özünə yol tapır və əhatəsi genişlənir. İndi həmin çökmənin bu su axmaları ilə nə qədər əlaqəsi varsa, bunu aparılan işlərdən bilmək olar. Bakıda əsas problem kanalizasiya ilə bağlıdır. İçməli su verilir, kanalizasiya isə yoxdur. Nəticədə bu sular Abşeron ərazisinə çökür".
 
Ekspert bildirib ki, kanalizasiyaların iki növü var ki, Bakıda ikisində də problem var: “Birincisi, məişət sularının axıdılması, ikincisi isə yağış sularının axıdılması üçün istifadə olunur. Bunlar gərək elə tikilsin ki, hər ikisi suyu daşımaq gücündə olsun. Birincisi məişət sularını tutmaq gücündə olmalıdır, ikincisi isə yağış sularını. Bunlar dəqiq yerinə yetirilməyib. Məlumatlara görə, Bakıda kanalizasiya sisteminin qurulması üçün layihə smetası müəyyənləşib. Bütün sistemi qurmaq üçün 13 milyard avro pul lazımdır. Bu, təbii ki, böyük məbləğdir. Ona görə də kanalizasiya sistemini birdən-birə qurmaq mümkün deyil. İndi proqram hazırlanarsa, 20-30 ilə sistem tamamilə tikilə bilər. Yəni problem çox dərindir və dərin olduğu qədər də vəsait tələb edir. Bu işi anlayan mütəxəssislər bir yerə cəlb edilib, işə başlanılmalıdır. Əgər bu gün işə başlanılmasa, fəsadlar get-gedə artacaq. Suyun əmələ gəlmə mexanizmi öyrənilməli, bunun əsasında qərarlar qəbul edilməlidir. Mən də şəhəri gəzərək, yaradılan gözəlliklərə tamaşa edirəm. Görürəm ki, şəhərdə xeyli quruculuq işləri aparılıb, uca binalar tikilir. Ancaq baxırsan ki, iki binanın arasından su çıxır. Ola bilər ki, bu binalar çöksün. Yollara, həmin binalara milyonlarla vəsait xərclənib. Eyni zamanda həmin binalarda iş, yaşayış var. Yol çökürsə, əvvəl-axır bina da çökə bilər. Kanalizasiya sistemi qurulmasa, fəlakət qapıdadır. Vaxtilə Bakının rəhbəri olmuş şəxslər üzərilərinə düşən işi görməyiblər. Onların səriştəsizliyi üzündən bu gün hər kəs əziyyət çəkir, yol çəkən qurumlar pis vəziyyətdə qalır. Çünki vaxtilə Bakını plansız tikiblər. Planla tikilən zaman kommunikasiya xətləri birinci çəkilir, əsas yollar salınır və yalnız bundan sonra tikinti aparılır. Bakının rəhbəri olan şəxslər isə milyardları alıb, harada gəldi tikintiyə icazə verdilər. Nə yol salındı, nə kommunikasiya xətləri çəkildi. Onlar oğurladılar, indi hökumət 13 milyard pul ödəməlidir. Yəni oğurlanan pulları axırda xalq ödəyir. Bakıya hər gün milyon kubmetr su gəlir ki, onun da 40 faizi torpağa buraxılır. Təbii ki, belə olan halda sürüşmə də olar, çökmə də...” 

Google+ WhatsApp ok.ru