MTN generallarına hökm oxundu

MTN generallarına hökm oxundu

-- MTN-çilərin üzərinə həbs qoyulmuş əmlakları müsadirə olunub.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində həbs olunmuş şəxslərdən qalan 10 nəfərin, o cümlədən üç generalın məhkəməsi yekunlaşıb. Bir ildən artıq davam edən məhkəmə nəticəsində generallardan MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanov 14 il, nazirliyin Monitorinq Mərkəzinin rəhbəri olmuş Teymur Quliyev 12 il, Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş Natəvan Mürvətovaya isə 5 il həbs cəzası kəsilib. 
 
Maide.Az "azadliq.org" -a istinadən xəbər verir ki, N.Mürvətovaya münasibətdə CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. İstintaq və məhkəmə dövründə polis nəzarətində olan general xanım hökmdən sonra da həbs olunmayıb.
 
Hökmdən öncə jurnalistlər N.Mürvətovanın gözləntiləri barədə fikrini soruşsalar da, o, heç nə danışmayacağını bildirib.
 
Bakı Hərbi Məhkəməsinin sədri və iki hakiminin çıxardığı, amma Sabunçu Rayon Məhkəməsinin binasında oxunan hökmün elanı 8 saatdan çox çəkib. Hökmə əsasən, digər təqsirləndirilən şəxslərdən S.Qurbanovun müavini olmuş Füzuli Əliyev də sabiq rəisi kimi 14 il, Zaur Məmmədov və Natiq Alıyevin hər biri 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyev isə 3 il azadlıqdan məhrum edilib.
 
Təqsirləndirilən şəxslərdən Fərhad Atayev, Elşad Əzizov həbsdən buraxılıb. Onlara şərti cəza verilib.
 
Keçmiş MTN-çilərə həbslə yanaşı, başqa cəzalar da verilib. Hökmə əsasən, S.Qurbanov, T.Quliyev və N.Mürvətovanın general, F.Əliyevin polkovnik və digər təqsirləndirilən şəxslərin sahib olduqları rütbələrin alınması üçün uyğun qurumlara təqdimat göndəriləcək.
 
Keçmiş MTN-çilərə verilən ittihamlar arasında büdcədən agentura və əməliyyatlar üçün ayrılan vəsaitlərin mənimsənilməsi məsələsi də olduğundan Dövlət Təhlükəsizliyi Xidməti bu təqsirləndirilən şəxslərə qarşı 1 milyon manatlıq mülki iddia qaldırmışdı. Məhkəmə DTX-nın mülki iddiasını təmin edib.
 
Təqsirləndirilən sabiq MTN-çilərin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub.(APA)
 

Google+ WhatsApp ok.ru