MTN-nin şərinə düşən daha bir vətəndaş danışdı

Məhkum Alik Rəhimxanov “Azadlıq” qəzetinə müraciət edib. O, 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. O, Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddələri ilə məhkum olunub.
 
Lakin Alik Rəhimxanovun sözlərinə görə, onun heç bir təqsiri yoxdur. Məhkum bildirir ki, Milli Təhlükəsizlik Nazirliyinin Qusar şöbəsinin Novruz adlı rəis müavini tərəfindən şərlənərək həbs olunub: “Bu günə qədər nə ittiham aktını görmüşəm, nə də hökmün surətini. Ittihamı da özləri uydurub, istintaqı da mənsiz aparıblar. Hətta məhkəmə istintaqı belə olmayıb. Mənimlə bağlı hökm ”varanokda” çıxarılıb. Bu proses heç bir neçə dəqiqə çəkib”.
 
Alik Rəhimxanov yazır ki, o, həbs olunan zaman fiziki və mənəvi təzyiqlərə məruz qalıb. “Mənə insan ləyaqətini alçaldan işkəncələr veriblər”,- deyə məhkum bildirir.
 
Alik Rəhimxanov başına gələnlər barədə dəfələrlə müvafiq qurumlara şikayət məktubları yazıb. Lakin indiyə qədər heç bir nəticəsi olmayıb. Nəhayət, məhkum başına gələnləri mətbuat vasitəsilə ictimailəşdirmək qərarına gəlib. “Mətbuatdan xahiş edirəm ki, hüquqlarımın müdafiəsi uğrunda apardığım mübarizədə mənə yardım etsin. Mən sadəcə məmur özbaşınalığının qurbanı olmuşam. Heç bir günahım yoxdur, ali təhsilli, heç bir qanunsuz iş görməyən vətəndaşam. Ümidim sizədir”, – deyə Alik Rəhimxanov yazıb.

Google+ WhatsApp ok.ru