Musavat qəzeti: Masallıda tanınmış Şeyxin müəmmalı həbsi

Musavat qəzeti: Masallıda tanınmış Şeyxin müəmmalı həbsi

Nüfuzlu ilahiyyatçı Şeyx Sərdar Hacıhəsənlinin icra başçısının sifarişi əsasında saxlandığı deyilir...

Fevralın 22-də Masallıda nüfuzlu ruhani Şeyx Sərdar Hacıhəsənli (Babayev) həbs olunub. Artıq ruhani barəsində həbs-qətimkan tədbiri seçilib və onun Bakı İstintaq Təcridxanasına gətiriləcəyi haqda yaxınları tərəfindən məlumat verilib. 
 
Qeyd edək ki, Hacı Sərdarla birlikdə bir neçə yerli dindar fəal, o cümlədən cənubnews saytının redaktoru Mirələm Həşimov da saxlanılıb. Ancaq onlar daha sonra azad ediliblər. Ruhaninin vəkili Cavad Cavadov özünün facebook hesabından yazıb ki, ilahiyyatçı barədə bir ay əvvəl Masallı Rayon İcra Hakimiyyəti başçısının şikayəti əsasında araşdırmalar başladılıb. Onun sözlərinə görə, Hacı Sərdara qarşı Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə ittiham verilib. Həmin maddə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaya görə məsuliyyəti nəzərdə tutur. 168-1.1. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması - iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 168-1.2. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması - bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 168-1.3. Bu məcəllənin 168-1.1-ci və 168-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər.
 
 
Ancaq yaxınlarının bildirdiyinə görə, Şeyx Sərdarın elə bir problemi olmayıb. Şeyx İranda dini təhsil alsa da, Azərbaycanda da dini təhsili olub. Bundan başqa, onun məsciddə imamlıq etməsi qanunsuz olmayıb, əksinə, savadlı din xadimi olması və xalqın ona böyük hörməti olması səbəbindən QMİ-nin bölgə nümayəndəliyi Şeyx Sərdarı məsciddə imamlıq etməyə dəvət edib.
 
 
Sərdar Hacıhəsənli İranda ilahiyyat təhsili alıb və daha sonra Qazaxıstanda bir müddət universitetdə müəllim kimi fəaliyyət göstərib. Bir neçə il əvvəl Azərbaycana qayıdaraq dini fəaliyyətlə məşğul olub, maide.az saytını təsis edib. Dindarların hüquqlarının qorunması ilə bağlı həmrəylik təşəbbüsləri istisna olmaqla, hansısa ictimai-siyasi fəaliyyəti olmayıb, dini maarifçilik işləri görüb. Bundan başqa, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü olub.
 
 
Maraqlıdır ki, vəkilin açıqlamasında da qeyd olunduğu kimi, S.Hacıhəsənlinin barəsində cinayət işi açılması tələbini məhz Masallı rayon icra başçısı Rafil Hüseynov irəli sürüb. Başçının tanınmış ruhaninin həbsini tələb etməsinin motivi aydın deyil. Çünki məntiqlə İH rəhbərliyi polisə müraciət etməmişdən əvvəl rəsmi qaydada Şeyx Sərdara məsciddə imamlıq etməyi qadağan edə və ya məscidə imam təyinatına cavabdeh olan QMİ-yə müraciət edərək Şeyx Sərdarın məsciddən uzaqlaşdırılmasını tələb edə bilərdi. Ancaq başçı bunu etməyib və daha sərt yola baş vuraraq, onu həbs etdirib.
 
 
Nüfuzlu din xadiminin müəmmalı şəkildə həbsi dini camiədə narahatlıq yaradıb, müxtəlif şayiələrə səbəb olub. Artıq məsələ ilə bağlı Azərbaycan Ruhanilər Məclisi, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi (DEVAMM), Azərbaycan İslam Partiyası, Moskvada yaşayan ruhanilər və dindarlar bəyanat yayaraq ruhaniyə azadlıq tələb ediblər.
 
 
Bu hadisə son illərdə Azərbaycandakı şiə ruhanilərə qarşı aparılan silsilə həbslərin növbəti dalğası kimi qiymətləndirilir. Faktiki olaraq heç bir hüquq pozuntusuna yol verməyən, yalnız dini fəaliyyətlə məşğul olan nüfuzlu ilahiyyatçının məsciddə namaz qıldırdığı üçün həbs olunması hadisənin sifariş olması ilə bağlı şübhələrə səbəb olur. (Kənan / musavat.com)
 

Google+ WhatsApp ok.ru