`Müşviqabadda inanclılara hücum - birmənalı olaraq fitnədir`

İlqar İbrahimoğlu:`İnsanlarımız ayıq olmalı, düşmən fitnəsinin ayaq açmasına rəvac verməməlidirlər`

Müşviqabad qəsəbəsində inanclıların iftar süfrəsinə hücum edilməsi barədə xəbərlər yayılmışdır. İçərişəhər “Cümə” məscidinin imam-camaatı, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu məsələni şərh etmişdir: “Baş verənlər – acınacaqlı və biabırçı olaylardır. Müşviqabadda inanclılara hücum - birmənalı olaraq fitnədir. Bu, ya cahilliyin, ya da yaxşı təşkil edilmiş təxribatın nəticəsidir. Mümkündür ki, təkfirçi-vəhabi ideolijisinin daşıyıcısı olan İŞİD-in barıt çəlləyini Azərbaycana gətirmək istəyənlər var və bu baxımdan, sələfi təriqətinə mənsub olan qeyri-sabit insanları bu cür qeyri-adekvat hərəkətlərə sövq edirlər. Sirr deyil ki, Ramazan ayında iftar süfrəsi ətrafında inanclılara hücum edilməsi – minlərlə insanı hiddətləndirə biləcək bir provokasiyadır. Ehtimal etmək olar ki, qeyri-sabit şəxsləri bu cür təxribatlara cəlb etmək yolu ilə inanclıların əsəblərini tarıma çəkməklə bağlı kimlərinsə planları mövcuddur. Belə olan şəraitdə insanlarımız ayıq olmalı, düşmən fitnəsinin ayaq açmasına rəvac verməməlidirlər.
Təəssüflər olsun ki, olayların dağıdıcı potensialı barədə ictimaiyyətdə, o cümlədən, dini ictimaiyyətdə kifayət qədər aydın təsəvvür yoxdur. Dağıdıcı ünsürləri durdurmaq, fitnənin qarşısını almaq – sırf inzibati metodlar platformasında görülən işlərə bağlı deyil və ola da bilməz. Burada fitnə qığılcımlarının üzərinə su tökülməlidir - əziz Peyğəmbərimizin (s) və Əhli-Beytinin (ə) mübarək məktəbindən qaynaqlanan bulaqdan götürülmüş bir su. Burada maarifləndirmə, şəfqət, əxlaq konusunda sistemli addımlar atılmalı, ictimaiyyətin proseslərə müsbət müdaxiləsini, dini mövzulara həssaslığı, dini ayinlərin icrasına gözəl şəraitin yaradılmasını ehtiva edən kompleks tədbirlər həyata keçirilməlidir. Vəziyyətin nəzarət altında olmasını təmin etmək lazımdır. Bu fitnələrin qarşısı elliklə alınmalıdır.
 
Allah Təala bizləri axırəz-zəmanın fitnələrindən amanda saxlasın”.

Google+ WhatsApp ok.ru