Mövsüm Səmədov Azərbaycan xalqına bayram təbriki göndərib

Dünən ailə üzvləri Qobustan həbsxanasında AİP lideri Mövsüm Səmədovla görüşüblər. Ailəsinin FaktXəbər-ə verdiyi məlumata görə, M.Səmədovun səhhətində problemlər var: “Ciddi müalicəyə ehtiyacı var və təbii ki, bu da həbsxana şəraitində mümkün deyil. Başqa bir bir problem isə onun ətraf mühitdən xəbərsiz olmasıdır. Heç bir mətbu orqanla təmin olunmur. Buna görə də ölkədə və dünyada gedən proseslərdən xəbərsizdir. Həbsxanada M.Səmədov kimi dini, mənəvi dəyərlərin daşıyıcılarına hörmətli yanaşma olsa da, bəzi hallarda müstəsna məhdudiyyətlər tətbiq olunur ki, bu da hər kəs kimi bizi də narahat edir.”
 
Görüş zamanı Dr.Səmədov milli-mənəvi, zəngin tarixi mədəniyyətimizə, adət-ənənəmizə, təməl dəyərimizə çevrilən Novruz  bayramı münasibətilə Azərbaycan xalqına təbrik mesajını çatdırmağı xahiş edib. Məktubda deyilir: “Əziz, qonaqpərvər, gözəl milli ənənələrinə, dini dəyərlərinə bağlı və sadiq olan Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Xalqıma öz şərəfli tarixini möhkəmıləndirib qorumağı, milli-mənəvi, İslami dəyərlərinə həmişə sahib çıxıb, onu hər şeydən üstün tutmağı, düşmənlərimizin də bu ləyaqətimizi, şəhadət kimi yüksək İslami mədəniyyətimizi tanımasına, qəbul etməsinə nail olmağı arzulayıram.
 
Xalqıma bu əziz gündə mövcud çətinliklərin, ona gələcəkdə daha ağır bəlalar gətirə biləcək addımların qarşısını almaq üçün birlikdə olmağı, vəhdət yaratmağı arzu edirəm. 
 
Bir daha  bayramınız mübarək, evləriniz ruzili, süfrələriniz halal bərəkətli olsun!”

Google+ WhatsApp ok.ru