Müxalifətdən mitinq hazırlıqları anonsu

Bəzi partiyalarda kütləvi aksiyalar məsələsinə fərqli münasibət var

Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin son toplantısında ölkədəki mövcud durumdan irəli gələrək qarşıdakı həftələrdə kütləvi aksiyaların keçiriləcəyi anonsu verilib. AXCP sədri Əli Kərimli bildirib ki, bir neçə həftədir təmsil etdiyi partiyada mitinqlərlə bağlı ciddi müzakirələr gedir. Əli Kərimli Milli Şurada da bu istiqamətdə müzakirələrə başlandığını deyib.

Milli Şuranın və AXCP-nin mitinqlərə oktyabrın ortalarında start verəcəyi bildirilir.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Azadlıq” qəzetinə deyib ki, AXCP Rəyasət Heyətinin bir müddət əvvəl mitinq müzakirələrinə başlamaqla bağlı qərarı var. İndiyə qədər partiyanın yerli təşkilatlarında keçirilən görüşlər onu göstərir ki, cəbhəçilər aksiyalara başlamağı zəruri hesab edirlər:

“Mitinq keçirilməsinin zərurətə çevrilməsi təkcə AXCP-nin, Milli Şuranın istəyi deyil. Bu artıq cəmiyyətin tələbidir. Çünki ölkədəki durum bu zərurəti vacib edir. Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə birmənalı olaraq göstərdi ki, Avropa Azərbaycanda insan haqları və demokratiya məsələsinə öncüllük verir. Enerji maraqları fonunda demokratiya, insan haqları məsələsi ikinci dərəcəli prioritet hesab olunmur.

Avropa Parlamenti eyni zamanda Azərbaycanda siyasi məhbuslar məsələsini gündəmə gətirdi. Siyasi repressiyaların dayandırılması Avropa Birliyi ilə əməkdaşlıq üçün bir şərt kimi irəli sürüldü. Nəticədə Azərbaycana qarşı sanksiyalar məsələsi gündəmə gətirildi. Belə olan halda da Azərbaycan cəmiyyəti siyasi məhbusların azad olunması, Azərbaycanın assosiasiya sazişinə qoşulması ilə bağlı öz mövqeyini ifadə etməlidir. Əgər beynəlxalq birlik Azərbaycandan insan haqlarına hörmət etməyi, siyasi məhbusların azad olunmasını tələb edirsə, cəmiyyət öz probleminə sahib çıxmalıdır, öz etirazını ifadə etməlidir.

Beynəlxalq birlik öz üzərinə düşən məsuliyyətə uyğun olaraq Azərbaycanda baş verənlərə münasibət ifadə edir, demokratiyaya öncüllük verir. Belə olan halda biz cəmiyyət olaraq baş verənləri oturub müşahidə etməli deyilik. Bu ölkədə baş verənlər, siyasi məhbusların olması, repressiyaların hələ də davam etməsi cəmiyyəti cərəyan edən proseslərə reaksiya verməsini zəruri edir. Dünya görməlidir ki, Azərbaycan cəmiyyəti yalnız kənardan olan tənqidləri dinləmir. Cəmiyyət ölkəsində baş verənlərlə bağlı narazılığını, tələblərini ifadə edir.

Belə olan halda Azərbaycana demokratik dəyişikliklər istiqamətində verilən beynəlxalq dəstək daha da arta, ölkəmizlə bağlı məsələlərə daha fəal reaksiya verilə bilər. Ona görə bu məqamda aksiyaların keçirilməsinə zərurət var”.

Digər müxalif təşkilatların mitinqlərə başlamaq məsələsinə münasibətinə gəlincə, ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, cəmiyyət mitinqlərə həvəs göstərmədiyi, mitinq tələb eləmədiyi vaxtda mitinq keçirmək məsələsinin hansısa siyasi qüvvə tərəfindən gündəmə gətirilməsi sadəcə gündəmdə qalmaq üçündür:

“Təcrübə sübut edib ki, kütləvi aksiyalar ictimai tələb olmadan, gündəmdə qalmaq xatirinə keçiriləndə müsbət nəticəsi olmur. Əksinə, mənfi nəticələri olur. Cəmiyyətdən tələb, sosial sifariş olmadan keçirilən aksiyaların belə demək mümkündürsə, astarı üzündən baha olur. Biz bunu və dünyada gedən prosesləri, beynəlxalq konyukturanı nəzərə almalıyıq. Bölgəmizdə hansı proseslər gedir, dünyada nə baş verir, bunun Azərbaycana hansı təsirləri ola bilər. Bu kimi məsələləri analiz etmədən kor-koranə mitinq keçirmək nəyə lazımdır. Bu mənim yanaşmamdır. Kimlərsə mitinq qərarı veribsə və ya vermək istəyirsə, bu da onların hüququdur. Öz hüquqlarından istifadə edə bilərlər. Ancaq bilməlidirlər ki, müsbət nəticəsi olmayan aksiyalar keçirmək qərarı verirlər. Bu gün Azərbaycan cəmiyyətində mitinqə çıxmaq ab-havası yoxdur. Ona görə də belə vəziyyətdə keçirilən aksiyalarda yalnız partiyaların ən aktiv üzvləri iştirak edir. Bu cür mitinqlərin isə siyasi nəticəsi olmur. Odur ki, mitinq məsələsində bir az gözləmək lazımdır, zərurət yaranmalıdır. Ən vacibi keçmiş SSRİ məkanında baş verən hadisələri nəzərə alıb davranmaq lazımdır”.

Müsavat Partiyası başqanının sabiq müavini Gülağa Aslanlı isə bildirdi ki, mitinq məsələsi hələlik partiya strukturlarında müzakirə olunmayıb:

“Bilirsiniz ki, Müsavat Partiyası oktyabrın 11-nə Məclisin sessiyasını müəyyənləşdirib. Bütün bu kimi məsələlər barəsində müzakirələr, eyni zamanda AXCP ilə Milli Şuranın mitinqlərə başlamaq barədə müzakirələrə başlaması, Müsavatın da mitinq keçirib keçirməməsi haqda qərar da yəqin ki, Məclisin iclasında veriləcək. Biz Azərbaycanda demokratiyanın gəlişməsi, insan hüquqlarının qorunması istiqamətində keçirilən bütün tədbirlərdə həmişə iştirak etmişik. Bundan sonra belə tədbirlərə qoşulacağıq. Mitinq keçirmək barədə qərar veriləcəksə, Müsavat Partiyası da müvafiq qərarın verilməsinə yardımçı olacaq”. /musavat/

Google+ WhatsApp ok.ru