Müxalifətçi deputatlar Ermənistan parlamentinin iclasını tərk ediblər

Erməni Millli Konqresinin fraksiyası Ermənistan parlamentinin iclasını tərk edib.
 
Bununla müxalifətçi deputatlar İrəvanda polisin dağıtdığı etiraz aksiyasının iştirakçıları ilə həmrəy olduqlarını nümayiş etdiriblər.
 
Parlamentin iclas zalını ardıcıllıqla fraksiyanın katibi Aram Manukyan, deputatlar Stepan Dəmirçyan, Qaqik Cangiryan və Lyudmila Sarkisyan tərk ediblər.
 
Qeyd edək ki, İrəvanda keçirilən etiraz aksiyasının 237 iştirakçısı saxlanılıb. Paytaxtdakı polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb. Aksiya iştirakçıları ölkədə elektrik enerjisi tariflərinin artırılmasına etiraz ediblər.
 
Aksiya dağıdılarkən jurnalistlər polis zorakılığına məruz qalıblar. Nəticədə 1in.am-ın operatorları Karen Çilinqaryan, Ovsep Ovsepyan və Qor Ovannisyan müxtəlif bədən xəsarətləri alıblar. Q. Ovannisyanın videokamerası və canlı yayım avadanlığı sındırılıb.

Google+ WhatsApp ok.ru