Müxalif qüvvələr siyasi məhbuslara azadlıq tələb etdi

Müxalif Milli Şuranın Bakıda, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı stadionda keçirilən mitinqi başa çatıb. “Media forum” saytı xəbər verir ki, saat 15-dən 17-dək çəkən aksiyada repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsi tələb olunub.
 
AXCP sədrinin müavini Əbülfəz Qurbanlının aparıcılıq etdiyi aksiyada Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Əli Kərimli, Eldəniz Quliyev, Gültəkin Hacıbəyli, Rövşən Əhmədli, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı çıxış ediblər.
 
“Azadliq” qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzinin atası Məşğul Həziyev siyasi məhbus ailələrinin adından söz deyib.
 
Aksiyada son çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, 1 il öncə Azərbaycanda 10-15 siyasi məhbus vardısa, indi onların sayə 110-115 nəfərə çatıb: “Ancaq diktator rejimləri öz xalqı ilə belə rəftar edə bilər. 1937-ci illərin repressiyalarından sonra hətta bəyənmədiyimiz avtoritar rejim olan sovet rejimi belə ailəvi həbslərə getmirdi. Azərbaycanda isə ailəvi həbslər aparılır”.
 
Cəmil Həsənli ayrı-ayrı məhbusların adını çəkərək onların haqq işi uğrunda mübarizə apardıqları üçün zindanlara atıldığını vurğulayıb: “Hədəfimiz, məramımız birdir: siyasi məhbuslar, vicdan məhbuslar dərhal və qeyd-şərtsiz azad olunmalıdır”.
 
Mitinqin qətnaməsini məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin oğlu Nəcmin Əliyev oxuyub. Qətnamədə siyasi məhbusları azadlığa buraxmaq, repressiyaları dayandırmaq, azad mətbuata, demokratik təsisatlara basqılara dayandırmaq, seçki islahatları aparmaq. Avropa İttifaqı ilə inteqrasiyanı dərinləşdirmək tələb olunur.
 
Aksiyada bir neçə nəfərin təxribat məqsədilə terrorçu İŞİD təşkilatının bayrağını qaldırdığı, polis həmin şəxsləri tutduğu xəbər verilir. Media forum /

Google+ WhatsApp ok.ru