MÜBARƏK RAMAZAN AYININ QƏLBİ

MÜBARƏK RAMAZAN AYININ QƏLBİ

Allah-Taala “Qədr” surəsində buyurur:

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِیمِ‏

إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ

تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ

سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ

Bağışlayan və mehriban Allahın adı ilə!

“Həqiqətən, Biz onu (Quranı) “Qədr” gecəsi nazil etdik.

(Ya Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir!

O gecə mələklər və Ruh (Cəbrail və ya mələklərdən üstün və şərəfli olan başqa bir varlıq) Rəbbinin iznilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və təsbit edilməsin)dən ötrü yerə enərlər.

O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar və (o gecə mələklərin yer üzündəki məsum şəxsi və saleh bəndələri) salamlama gecəsidir.”

“Qədr” gecəsi İslamın ən müqəddəs və mübarək gecəsidir və fəzilətdə ona çatacaq gecə yoxdur.

“Qədr” surəsinin ayələrinə nəzər yetirdikdə, “Qədr” gecəsinin fəzilətləri açıq-aydın başa düşülür:

1. Qurani-Kərim “Qədr” gecəsi nazil olmuşdur;

2. “Qədr” gecəsi yerinə yetirilən “ehya” mərasimi və hər bir ibadət min ayın ibadətinin savabına bərabərdir;

3. İlahi xeyir və bərəkətlər “Qədr” gecəsi göndərilir, insanların bir illik taleyi həll olunur;

4. Allah-Taalanın xas rəhmət və mərhəməti “Qədr” gecəsi bəndələrin halına şamil olur;

5. Mələklər və Ruh “Qədr” gecəsi yer üzünə nazil olur, möminləri salamlayır və imam Zamanın (ə.c) hüzuruna gedərək bəndələr üçün təyin olunmuş müqəddəratı o həzrətə ərz edirlər.

“Qədr” gecəsi qəlb aynasını yuyub təmizləmək, pislikləri yaxşılıqlarla, ixtilaf və təfriqələri səfa-səmimiyyətlə, küslülüyü barışıqla, nifrəti sevgi ilə, zülm və haqsızlığı ehsan və ədalətlə əvəz etmək üçün qızıl fürsətdir. Həmin gecə sədəqə çıxarmaqla axirət evimizi abadlaşdırmaq istiqamətində addım ataq, xeyirxah işlərmizlə savablarımızı qat-qat artıraq! Bağışlayan Allah “Qədr” gecəsi ehya saxlayan, gecəni ibadət, münacat və raz-niyazla keçirən, günahlarını etiraf edib tövbə edən, onların bağışlanmasını peşmançılıqla dilinə gətirənin adını xoşbəxtlər zümrəsində yazır, ona cəhənnəm odunu haram edir! Bundan böyük xoşbəxlik – Allaha yaxın olmaq, səadətə yetmək və cəhənnəm odundan qurtuluş!?

Mehriban Allah bu gecə bəndələrini asan və rahat bağışlayır, tövbələri asanlıqla qəbul edir, rəhmət və məğfirət süfrəsini hərraca qoyur! Günahlar və səhlənkarlıqlarla bağlı hər bir üzrxahlıq və bəhanəni qəbul edir. Hər kəs öz mərifəti, bacarıq və tutumu qədər bu böyük rəhmət və bərəkət dəryasından bəhrə aparır.

İlahi, “yalnız sağlam qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa, mal-dövlət və övladın heç kimə fayda vermədiyi gün – qiyamət günü” – Səndən aman diləyirik!

İlahi bu gecə Qurani-Kərimə sığınırıq, bilirik ki, səsimizi eşidir və cavabımızı da verirsən! Çünki Özün buyurubsan ki, “siz istəyin ki, mən sizi qəbul edərəm!”

Bu gecə Qurani-Kərimi başımız üstə tutub hamılıqla səslənirik:

اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ

(Əllahummə bihəqqi hazəl-Qur`an və bihəqqi mən ərsəltəhu bih və bihəqqi kulli mu`minin mədəhtəhu fih və bihəqqikə ələyhim fəla əhədə ə`rəfu bihəqqikə minkə.)

“İlahi, Səni and veririk bu Quranın haqqına, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqına, Quranda təriflədiyin bütün möminlərin haqqına və Sənin onların üzərindəki Səndən daha yaxşı heç kimin tanımadığı haqqına!”

İlahi, Sənin dərgahında on dörd məsumu özümüzə zamin və şəfaətçi tuturuq ki, günahlarımızı bağışlayasan!

İlahi, bizim hamımız üçün ən gözəl təqdir bəşəriyyət aləminin xilaskarı imam Mehdinin (ə.c) zühurudur! Əllahummə, əccil-livəliyyikəl fərəc! – İlahi Öz höccətinin zühurunu tezləşdir! Amin!

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru