Müflis olan bankdan reportaj - FOTO

Əmanətçilər “Bank Technique”nin qarşısına toplaşıb pullarını tələb edir

"Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC) ciddi maliyyə problemləri ilə üzləşməsi səbəbindən müflis olmaq təhlükəsi qarşısındadır. Hazırda bankda bütün əməliyyatlar dayandırılıb, kartlar bloklanıb, əhalinin depozitləri isə qaytarılmır. Həmçinin, Dövlət İpoteka Fondunun bu banka ayırdığı vəsaitin idarə olunması alınaraq "Caspian Devlopmant" bankına həvalə olunub.
Əldə etdiyimiz məlumata görə, bankda əhalinin 200 milyon manatdan artıq əmanəti var. Onların bir hissəsi qorunmayan, yəni sığortalanmayan vəsaitlərdir. Bankın öz öhdəliklərini yerinə yetirə bilməməsi həmin əmanətlərin taleyini də sual altında qoyub.
 
İlin əvvəlinə qədər maliyyə göstəriciləri kifayət qədər yaxşı olan  "Bank Technique" reytinqinə görə birinci onluqda qərarlaşmışdı. Manatın devalvasiyasından sonra dollar üzrə öhdəlikləri kifayət qədər yüksək olan bankın maliyyə durumu pisləşməyə başladı. Həmin ərəfədə beynəlxalq reytinq agentlikləri "Bank Technique"nin maliyyə durumunun ağır olduğu, səhmdarların təcili müdaxilə etməzsə, mülfis olacağı barədə xəbərdarlıq etmişdi.  
 
Artıq bankda depozitləri olan vətəndaşlar hər gün filialların qarşısına toplaşaraq pullarını tələb etməyə başlayıb. Dünən bankın metronun "Gənclik" stansiyası yaxınlığında, Atatürk prospekti 89 ünvanında yerləşən "Proqress" filialında və metronun "Xətai" stansiyasının yaxınlığında, Nəcəfqulu Rəfiyev küçəsi 82 ünvanında yerləşən Baş ofisində olduq. 
 
Gözləmə zalında olan şəxslərlə söhbət zamanı məlum oldu ki, adını 3 dəfə dəyişən bankda ciddi problemlər var. Belə ki, 1994-1998-ci illərdə "Rəşadbank", 1998-2012-ci illərdə "Texnika Bank" və 2012-ci ildən "Bank Technique" adlandırılan bu bankda işçilər ixtisar olunur və bank əməliyyatlarının aparılması məhdudlaşdırılıb.
 
Bank əməkdaşı mənə bildirdi ki, bir ay öncəyə qədər "Bank Technique"də 700 nəfərdən artıq işçi Baş ofis və 29 filialda  çalışıb. İşçilərin bir qrupu həbs olunub, bir qrupunun isə bank fəaliyyətinə son qoyulub. İxtisar olunacaq bank əməkdaşlarının sayının artacağı gözlənilir. İxtisarlar əsasən notariat kontorları və "Bakı Metropoliteni" QSC ilə əməkdaşlığın dayandırılması nəticəsində baş verib.   
"Bankın muflisləşməsinə artıq inanmağa başlayıram. Mənə xidmət göstərməli olan filialda müəyyən çətinliklərin olduğunu etiraf edirlər, mən də gəlmişəm məsələni aydınlaşdırım. Müştəri kimi bankın müqəddəratından narahatam. İxtisarların olması və bank əməliyyatının həyata keçirilməsində yaranan problemlə bağlı baş ofisə gəlmişəm ki, mənə hesab versinlər. Baş verə biləcək hər bir arzuolunmaz haldan özümü müdafiə etmək istəyirəm. Maaş almaqda, əmanəti çıxartmaqda narahatlıqlar yaşanır.  Mənə dedilər ki, avqustun 31-də bankın Müşahidə Şurasının yığıncağı olacaq. Biz, sadə insanlar banka inanıb depozit yatırmışıq, əmanət qoymuşuq. Bank rəhbərliyi müştərilərin qarşısına çıxıb hesabat verməlidir",-deyə adının çəkilməsini istəməyən müştəri bildirdi. 
Söhbətimizə qoşulan digər müştəri isə dedi ki, hesabdakı vəsaiti bankomatlardan çıxarmaq üçün limit qoyulub. Belə ki, 200 manatdan artıq vəsaiti hesabdan çıxartmaq olmur. Müştərilərin müraciətlərinə isə cavab verilmir. Hətta paytaxtın Xaqani və Nizami küçəsində yerləşən bankomatlarda ümumiyyətlə pulun olmadığı bildirildi. Müştərilər xidmət göstərilmədiyindən şikayət etdilər. 
 
Bankın əməkdaşlarına özümü təqdim edib, gəlişimin səbəbini bildirdim. Onlar məni Elşad adlı şəxsin yanına gətirdilər. Ona müştərilərin dediklərini bildirərək, deyilənlərə bankdan münasibət öyrənmək istədiyimi qeyd etdim. O da rəhbərliklə, bankın idarə heyətinin sədri Cəmil Hacıyevlə danışıb gəlişimin səbəbini bildirəcəyini dedi. Mən onun otağının qarşısında gözlədim. Yarım saatdan sonra bankın mühafizə xidmətinin əməkdaşı mənə bildirdi ki, açıqlama verəcək, hüquqşünas Lamiyə xanım ofisdə yoxdur. Ona görə də mən bankın baş ofisini tərk etməliyəm.
 
Qeyd edək ki, 2008-ci ildə "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədərək 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Zal Yusifovun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, ötən ay azadlığa buraxılıb. 
Bizim Yol

Google+ WhatsApp ok.ru