Müsəlman ölkələri Fələstinə böyük dəstək nümayiş etdirdi

Müsəlman ölkələri Fələstinə böyük dəstək nümayiş etdirdi

-- Bütün maneələrə baxmayaraq, “Qüds - İslam Dünyası Gənclər Paytaxtı” proqramı...

Dünən Fələstinin mərkəzi Ramalla şəhərində “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramının təntənəli açılış mərasimi baş tutub.
 
Maide.Az xəbər verir ki,  İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən proqramın açılış tədbirində, İsrail tərəfindən törədilən bəzi süni maneələrə baxmayaraq, 10-u nazir səviyyəsində olmaqla, 30-dan artıq İƏT ölkəsinin rəsmi nümayəndə heyəti iştirak etmişdir. Açılış mərasimində eyni zamanda, “Gənclər Paytaxtı” proqramının 14 İƏT üzv ölkəsinin dövlət başçılarından ibarət Qəyyumlar Şurasının yaradılması elan edilmiş və bu Şuranın ilk işçi iclası keçirilib.
 
Fələstin dövlət başçısının iqamətgahında keçirilən açılış mərasimində Fələstinin Gənclər və İdman Naziri Cibril Racub və İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov Programı rəsmən açıq elan etdilər.
 
Elşad İskəndərov öz çıxışında Qüdsün İslami kimliyininin hədəfə alındigi çətin bir vaxtda, musəlmanların ilk Qibləsi olan bu şəhərin Gənclər Paytaxtı elan edilməsini əməldə İslam Həmrəyliyinə töfhə kimi dəyərləndirdi. Proqram və onun icra edən İƏT Gənclər Forumuna qarşı, bu proqramı saxlamaq üçün törədilən əngəllərdən danışan, bütün bu çətinliklərə rəğmən qurumun Proqramı davam etdirməkdə qərarlı olduğunu vurğulayan E.İskəndərov, İƏT ölkələrini əməldə həmrəylik nümayiş etdirməyə dəvət etdi.
 
Fələstin dövlətinin rəhbəri Mahmud Abbas çıxış edərək, bu layihənin əsas müəllifi olan, Azərbaycan və Türkiyə  hökumətlərinin təşəbbüsü ilə təsis olunmuş İƏT Gənclər Forumunun fəaliyyətlərinə yüksək qiymət vermiş, “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının Qüdsün Fələstin paytaxtı elan edilməsi haqda İƏT Zirvə Toplantısının əməli müstəviyə keçəcəyinin müqəddiməsi olduğuna inamını ifadə etmiş, Qüdsü Fələstindən ayırmaq istəyənlərə layiqli cavab adlandırmış, eləcə də bu il Bakı şəhərində keçiriləcək İƏT Gənclər və İdman Nazirlərinin növbəti sessiyasında “Qüds – Gənclər Paytaxtı” proqramına üzv-ölkələrin daha yüksək səviyyədə dəstək verəcəyinə ümid etdiyini bildirmişdir.
 
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov öz çıxışında keçən ilin Azərbaycanda ölkə başçısı İlham Əliyev tərəfindən İslam Həmrəyliyi ili olunduğu, bu istiqamətdə keçirilmiş tədbirlər haqda məlumat vermiş, Azərbaycanın bu istiqamətdə siyasətini bundan sonra da davam etdirəcəyini qeyd etmiş, Qüds – İƏT Gənclər Paytaxtı proqramının uğurla həyata keçməsi üçün Azərbaycanın lazımi dəstək verəcəyini bildirmişdir.
 
Açılış mərasimində həmçinin, Türkiyə, İordaniya, Kuveyt, Qatar, Pakistan, Bəhreyn, Mərakeş kimi ölkələrin gənclər və idman nazirləri çıxış etmiş, eləcə də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğanın və İƏT-in baş katibi Yusif Əl-Useyminin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubları oxunmuşdur.  
 
Açılış mərasimi çərçivəsində Fələstin tarixində ilk dəfə, İƏT Gənclər Forumunun təşəbbüsü ilə, gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirəcək və milli dialoqa dəstək olacaq Fələstin Gənclərinin Milli Şurasının yaradıldığı da elan olundu. 
 
Qeyd etmək lazımdır ki, “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı İƏT Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə ilk dəfə 2015-ci ildən həyata keçirilməyə başlamış,  2016-cı ildə İstanbul, 2017-ci ildə isə Malayziyanın Putracaya, Mərakeşin Fəs və İranın Şiraz şəhərləri İslam dünyası gənclər paytaxtı elan olunmuşlar.
 
 

Google+ WhatsApp ok.ru