MƏSCİDİN PƏNAHINDA RUHİ-PSİXOLOJİ ARAMLIQ

MƏSCİDİN PƏNAHINDA RUHİ-PSİXOLOJİ ARAMLIQ

Ruhi-psixoloji aramlıq və sağlamlıq bəşərin ən böyük və ən mühüm istəklərindəndir. Ruhi-psixoloji xəstəliklərə ayrılan və bu sahədə istifadə olunan dərmanların miqdarından bu xəstəliyə tutulanların, rahatlıq və aramlıqlarını itirənlərin sayının çox olduğu anlaşılır; süstlük, tənbəllik, güşənişinlik, iztirab, depressiya, əsəbilik, yalançılıq, fırıldaqçılıq, səbatsızlıq, küskünlük və s. xəstəliklər ruhi-psixoloji xəstəliklər qısminə aiddir. Qurani-Kərimdə qısa, eyni zamanda dərinmənalı bir cümlə ilə ruhi aramlıq Allahın adı və yadı ilə əlaqələndirilir və buyurulur:

اَلَا بِذِکْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

“Agah olun ki, qəlblər yalnız Allahın zikri ilə aramlıq tapar.” (“Rəd” surəsi, ayə 28.)

Başqa bir ayədə isə möminlərin qəlblərinə aramlığın bəxş edilməsi Allaha məxsus işlərdən hesab edilir və buyurulur:

هُوَ الَّذِی أَنْزَلَ السَّکِینَةَ فِی قُلُوبِ الْمُؤْمِنِینَ

Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq (rahatlıq) göndərən Odur (Allahdır)...” (“Fəth” surəsi, ayə 4.)

Allahın adı və yadı qəlblərə aramlıq və rahatlıq bəxş etdiyi və bu işin Allah məxsus olduğunu nəzərə alaraq, ruhi-psixoloji aramlıq və rahatlığın əldə olunmasında böyük rol oynayan ən önəmli mərkəzlərdən biri də Allahın evi məsciddir.

Məlum olduğu kimi, hər bir kəs bu dünyada çətinliklərə, uğursuzluqlara və sıxıntılara məruz qalır və nəticədə, ruhi-psixoloji xəstəliklərə zəmin yaranır. İmam Sadiq (ə) bir hədisdə bu xəstəliklərdən amanda qalmaq və sıxıntılarla mübarizə aparmağın yolu ilə bağlı belə buyurur:

مَا یَمْنَعُ أَحَدَکُمْ إِذَا دَخَلَ عَلَیْهِ غَمٌّ مِنْ غُمُومِ الدُّنْیَا أَنْ یَتَوَضَّأَ ثُمَّ یَدْخُلَ الْمَسْجِدَ فَیَرْکَعَ رَکْعَتَیْنِ یَدْعُو اللَّهَ فِیهِمَا أَمَا سَمِعْتَ اللَّهَ یَقُولُ: وَ اسْتَعِینُوا بِالصَّبْرِ وَ الصَّلاةِ

“Sizə dünya qəmlərindən biri üz gətirdikdə, nə olardı ki, dəstəmaz alıb məscidə daxil olaraq, iki rükət namaz qılardı, Allahı çağırıb dua edərdi! Allahın belə buyurduğunu eşitməyibsiniz?: “Səbir və namazla yardım diləyin.” (“Məcməul-bəyan”, Əllamə Təbərsi, 1-ci cild, səh.217.)

Hədisdə göstərildiyi kimi, məscidlə rabitə ruhi-psixoloji xəstəliklərlə mübarizə yoludur. Elə bir xəstəliklər ki, cəmiyyətin böyük hissəsinə hakim kəsilib!

MƏSCİD – DÜNYA VƏ AXİRƏT SƏADƏTİ

Bütün ilahi təlimlər axirət səadətini və xoşbəxtliyini təmin etdiyi kimi, dünya aramlığını və xoşbəxtliyini də ərməğan gətirir. Məscid də ibadət və bəndəçilik mərkəzi olaraq bu qanundan istisna deyil və məscidə gediş-gəlişin sayəsində insan dünya və axirət səadətini qazanmış olur. Peyğəmbəri-Əkrəm (s) şərif bir hədisdə belə buyurur:

مَنْ كانَتِ الْمَساجِدُ بَيتَهُ ضَمِنَ اللهُ لَهُ الرَّوحَ وَ الرّاحَةَ وَ الْجَوازَ عَلَي الصّراط

“Allah-Taala, evi məscid olan kəsin (daim məscidə gediş-gəliş edən kəsin) aramlıq və rahatlığa yetməsinə, “Sirat körpüsü”ndən keçməsinə zamindir.” (“Müstədrəkül-vəsail”, 3-cü cild, səh.363.)

Hədisdə buyurulduğu kimi, məscidlə rabitə ilk mərhələdə dünyəvi aramlığı, növbəti mərhələdə isə axirət savabını qazandırır. Məscidlə rabitə möminin həyatında dirilik rolunu ifa edir, məsciddən ayrılıq isə həlakət səbəbi kimi göstərilir. Dini ədəbiyyatda hədis kimi məşhur olan belə bir kəlam gözə dəyir:

المؤمن فی المسجد کالسمک فی الماء؛

“Mömin məsciddə ikən suda olan balıq kimidir.” (“Kəşful-xəfa”, Əcəluni, 2-ci cild, səh.295.) Balıq sudan ayrı düşdüyü zaman hansı axır-aqibətə düçar olacağı bəllidir. Mömin də məscidlə müqayisədə bu qəbildəndir.

Peyğəmbəri-Əkrəm (s) buyurur:

مَا جَلَسَ قَوْمٌ فِی مَجْلِسٍ مِنْ مَسَاجِدِ اللَّهِ تَعَالَى یَتْلُونَ کِتَابَ اللَّهِ وَ یَتَدَارَسُونَهُ بَیْنَهُمْ إِلَّا تَنَزَّلَتْ عَلَیْهِمُ السَّکِینَةُ وَ غَشِیَتْهُمُ الرَّحْمَةُ وَ ذَکَرَهُمُ اللَّهُ فِیمَنْ عِنْدَهُ

“Quran tilavət etmək və öyrənmək üçün Allahın məscidlərində əyləşən elə bir dəstə olmaz ki, aramlığa çatmasın və ilahi rəhmətə şamil olmasın.” (“Müstədrəkül-vəsail”, 3-cü cild, səh.364.)

Məscid ilahi dostların toplaşdığı bir ocaqdır. Onlar sıxıntı zamanı Allaha təvəkkül etməklə yanaşı, bir-birinə qayğı göstərir, hisslərini və qəmlərini bölüşür, bir-birinin dərdinə şərik olur, bir-birinə mənəvi dayaq olduğu kimi, maddi yardım məsələsində bir-birini unutmurlar. Elə ruhi-psixoloji sarsıntıların əksəriyyəti insanların bir-birinə diqqətsizliyi və qayğısızlığından nəşət tapır.

Məscidə gediş-gəliş edən, camaat namazlarında, dini münasibətlərdə və dua mərasimlərində iştirak edən insan saleh əməllərin savabından bəhrələndiyi kimi, böyük feyzə də nail olur; həyatını ilahi rəngə boyayır, çətinliklər zamanı onun nuraniliyindən istifadə edir, yardım alır.

Bütün bunlara rəğmən, məscid dini məsələlər və hökmlərin təbliğ olunduğu bir məkandır. İslamın ilk dönəmlərində məscidlər təkcə ibadət etmək, namaz qılmaq üçün və dini mərasimlər keçirmək üçün inşa edilmirdi. Məscidlərdən həm təlim-tərbiyə ocağı, həm informasiya agentliyi, həm də məhkəmə zalı kimi istifadə olunurdu. Dövlət idarəçiliyi ilə bağlı məsələlər məscidlərdə müzakirə edilir, alınan qərarlar xalqa məscidlərdə elan edilir və diplomatik görüşlər məscidlərdə həyata keçirilirdi. Məscidlərdən ordular yola salınırdı, bir sözlə, bir problem ortaya çıxdıqda, onun müzakirəsi və həlli üçün camaat məscidə toplaşırdı.

Ümid edirik ki, çağdaş dünyamızda da məscidlər çoxfunksiylı ellik binalara çevriləcək, müsəlmanlar onun hərtərəfli bərəkətlərindən bəhrələnəcəklər!

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru