Məcburi köçkünlər prospekti bağlayıb

Məcburi köçkünlər prospekti bağlayıb

Bu gün, sentyabrın 11-də bir qrup məcburi köçkün Bakıda Tbilisi prospektini bağlayıblar.
 
Aksiya iştirakçılarının sözlərinə görə, bu addımın atılmasına səbəb ev problemlərinin həll olunmamasıdır.
 
Səhər saatlarından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin önünə yığışdıqlarını deyən məcburi köçkünlərin vurğulamasına görə, onlardan bir nəfəri belə qəbul etməyiblər.
 
«Bundan qəzəblənən məcburi köçkünlərdən biri öz şəxsi avtomobili ilə prospekti bağladı və bir çox məcburi köçkün də onu dəstəklədilər», - deyə köçkünlərdən biri söyləyib.
 
Verilən məlumata görə, polis əməkdaşları həmin köçkün sürücüdən yolu açmağı tələb ediblər, amma o bundan imtina edib. Daha sonra polislərin məcburi qaydada onu avtomobildən düşürüb apardıqları bildirilir.
 
Köçkünlərin sözlərinə görə, buna baxmayaraq, bir qrup köçkün qadın yolu bağlamaqda davam edib.
 
Hadisə yerinə gələn Çevik Polis Alayı əməkdaşlarının daha bir qadını saxladıqları deyilib. Ancaq sonradan onun sərbəst buraxıldığı bildirilib.
 
«Bizim müvəqqəti yaşadığımız evi 9 ay bundan qabaq söküblər. Bizi vədlərlə aldadıblar. Ev vermirlər, heç olmasa, sığınacaq versinlər, başımız üstündə tavan olsun», - yolu kəsən qadınlardan biri vurğulayıb.
 
Etirazlardan sonra hadisə yerinə gələn məmurlarla aksiya iştirakçıları arasında dialoq başlayıb.
 
Prospektin bağlandığı müddətdə avtomobillərin tıxacı yaranıb.
 
Hələlik, baş verənlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Daxili İşlər Nazirliyinin münasibətini almaq mümkün olmayıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru