Məhkəmə Şeyx Sərdar Hacıhəsənlini həbsdə saxladı - FOTO

Məhkəmə Şeyx Sərdar Hacıhəsənlini həbsdə saxladı - FOTO

Xəbər verdiyimiz kimi bu gün həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin apellyasiya şikayətinə baxılıb
 
Maide.Az xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib və Şeyx Sərdar Hacıhənəlini həbsdə saxlayıb. Bu barədə “İslaminSesi”nə vəkil Cavad Cavadov məlumat verib.
 
Vəkil bildirib ki, məhkəmənin önündə xidməti polis avtomobillərindən ibarət sədlər qurulub və Daxili Qoşunların əməkdaşları prosesin keçirildiyi inzibati binanın ətrafına cəlb edilib: “Məhkəməyə heç kimi, hətta vəkil olaraq məni də buraxmaq istəmirdilər. Lakin sonradan mən prosesin keçirildiyi zala daxil oldum. Məhkəmədə Şeyx Sərdar Hacıhəsənli çıxış etdi. Mən də vəkili olaraq 1-ci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu əsaslandırdım. Lakin təəssüflər olsun ki, məhkəmə Şeyx Sərdar Hacıhəsənlini həbsdə saxladı”.
 
Cavad Cavadov qeyd edib ki, bu qərardan Ali məhkəməyə şikayət verməyəcəklər: “Məqsədimiz Avropa Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməkdir. Digər hüquqi müdafiə tədbirlərimiz də davam etdiriləcək”.
 
Vəkil Sərdar Babayevin mütəmadi olaraq istintaqa gəldiyini və daimi yaşayış yerinin olduğunu məhkəmədəki çıxışı zamanı hakimin nəzərinə çatdırdığını vurğulayıb: “Sərdar Babayev ali təhsilli ruhanidir. Onun ittiham edildiyi 168-1 maddəsi Şeyx Sərdar Hacıhəsənliyə aid deyil. Bu maddə qüvvəyə mindikdən sonra xaricdə təhsil alıb ölkəyə qayıdanlara şamil edilir. Bundan əlavə həmin maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Prezidentin bir müddət öncə imzaladığı fərmana əsasən, az ağır cinayətlərlə bağlı həbs qərarı verilərkən, alternativ cəza mexanizmlərinin (həbslə əlaqəli olmayan tədbirlər) tətbiqi tövsiyyə olunur. Bütün bunları çıxışımızda əsaslandırdıq. Sərdar Babayev də çıxışında bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Mirqiyas Təhməzovun dəvəti ilə Masallı məscidinə dəvət alıb və 2009-cu ildən cümə namazlarına rəhbərlik edib. Ona bu fəaliyyətini dayandırması üçün heç kim tərəfindən xəbərdarlıq edilməyib”.
 
Qeyd edək ki, bundan öncəki Apellyasiya məhkəməsi mart ayının 10-da Nizami Rayon Məhkəməsində baş tutmuşdu. Məhkəmə işə növbəti baxış üçün vaxt təyin etmişdi.
 
Xatırladaq ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin həbsi ölkədə və xaricdə yaşayan inanclılar tərəfindən narazılıq və etirazla qarşılanıb.
 
 
 
 

Google+ WhatsApp ok.ru