Mərkəzi Bankın yeni qərarı işə yarayacaq?

Ötən ilin martında bank öhdəliklərinin məcburi ehtiyat normasını azaldan Mərkəzi Bank (MB) həmin normanı yenidən artırıb. MB-dən verilən məlumata görə, İdarə Heyətinin 3 mart tarixli qərarı ilə bankların xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat norması 0.5%-dən 1%-ə yüksəldilib. Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat norması isə 0.5%-dən 0%-ə endirilib. Milli valyutada, eləcə də qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat norması dəyişməyib (0.5%).
 
MB dollarlaşma səviyyəsinin azalmaq, bank sektorunda maliyyə sabitliyini gücləndirmək üçün bu addımı atdığını bildirib.
 
Banklar 2016-cı ilin mayından məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib etməli və iyun ayından başlayaraq məcburi ehtiyatlarını yeni normaya uyğun saxlamalıdırlar.
 
MƏCBURİ EHTİYAT NORMASI NƏ DEMƏKDİR?
 
Məcburi ehtiyat norması kommersiya banklarının cəlb etdiyi depozitlərin MB-də məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir. Bundan başqa məcburi ehtiyatlar bankların müştərilər qarşısında öhdəliklərinin yerinə yetirilməsində «sığortalayıcı» vəzifə də görür.
 
Baş bank məcburi ehtiyat norması ilə bağlı qərarını dollarlaşma səviyyəsinin azaldılması üçün atdığını deyir. Bəs bu addım yetərlidirmi?
 
«EFFEKTLİ ADDIM SAYILA BİLMƏZ»
 
İqtisadçı-alim Vüqar Bayramovun fikrincə, ehtiyat normasının 0.5 faizdən 1 faizədək yüksəlməsi dollarlaşmanın önünü kəsməyə yetməyəcək: «MB pul bazarında dollar dövriyyəsinə təsir etməklə tələbi tənzimləməyə çalışır. Amma bu manata inamın kəskin azaldığı dövrdə effektli addım sayıla bilməz. Çünki ehtiyat normaları daha çox dolayı vasitələrdir və bu kommersiya banklarının xarici valyuta təklifinə təsir göstərir».
 
Ekspert vurğulayır ki, milli valyutaya güvənin artırılması üçün MB-nin öz fəaliyyətini gücləndirməsini çox önəmli sayır: «Valyutada olan əmanətlərin indeksasiyası hələ də həyata keçirilməyib və nəticədə artıq əmanət portfelində manatla depozitlərin payı birrəqəmli həddə yaxınlaşır. Bu baxımdan MB bu istiqamətdə kompleks tədbirlər həyata keçirməsə, ehtiyat normasının dəyişdirilməsi yığımlara təsir göstərməyəcək».

Google+ WhatsApp ok.ru