Nəqliyyat nazirinin obyekti yanan həmkəndlisi yoxa çıxıb

Ötən həftə Sumqayıtda “Karvan” Ticarət Mərkəzində növbəti dəfə yanğın hadisəsi baş verdi. Bu, ticarət mərkəzində baş verən ilk yanğın deyildi, bir il öncə - oktyabrın 19-da ticarət mərkəzində güclü yanğın olmuşdu. Hadisə nəticəsində “Karvan”da icarəçi olan obyekt sahiblərinə külli miqdarda ziyan dəymişdi. 
 
Bu dəfə baş verən yanğın isə ticarət mərkəzinin əks tərəfində qeydə alınıb. Burada daha çox ayaqqabı satılan mağazalara ziyan dəyib. Yanğın binanın aşağı hissəsində yerləşən “Garda” və “Ustop” mağazalarında başlayıb və 4-cü mərtəbəyədək yüksəlib. Hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Azvision.az-ın məlumatına görə, ikinci yanğın zamanı 15 sahibkara maddi ziyan dəyib. Bəziləri 50 min manata yaxın malının yandığını iddia edir. Ticarət mərkəzinə dəyən ziyanla bağlı hələ ki rəsmi məlumat açıqlanmayıb. Yanğından sonra ziyan çəkən şəxslər siyahıya alınıb. Onlara kompensasiya veriləcəyi bildirilib. Sahibkarlar isə bu vədlərə inanmadıqlarını deyirlər. Belə ki, “Karvan” Ticarət Mərkəzinin 19 oktyabr 2013-cü ildə yanan hissəsində maddi ziyan çəkənlərə heç bir kompensasiya ödənilməyib. Onlar yalnız 1 il müddətinə yer pulundan azad olunublar.
 
Bu dəfə necə, mağazası yananlara yardım ediləcəkmi?
 
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat almaq istədik. İcra hakimiyyətindən bununla bağlı açıqlama vermək istəmədilər. Bildirilib ki, belə yanğın hallarında insanlara dəyən maddi ziyanı sığorta şirkətləri ödəyir.  Amma bu ticarət mərkəzində çalışanların əksəriyyəti öz satdığı malları sığorta etməyib. Bu baxımdan onların ümidi buranın rəhbərliyinə qalır. Amma onlarında kiməsə yardım edəcəyini, yalnız ümid etmək olar. 
 
Xatırladaq ki, növbəti dəfə yanan “Karvan” Ticarət Mərkəzi Ağamirzə Əhədova məxsusdur. Ucar rayonundan olan Ağamirzə Əhədov nəqliyyat naziri Ziya Məmmədovun həmkəndlisidir. Yayılan məlumatlara görə, iş adamı hadisə baş verəndən sonra ticarət mərkəzinə bir dəfə də olsa baş çəkməyib. Sahibkarlar onunla görüşmək istəsələr belə Ağamirzə Əhədovu gördüm deyən olmayıb. Hazırda onun harada olduğu dəqiq bilinmir. 

Google+ WhatsApp ok.ru