Nəsimi rayonunda növbəti vandalizm – FOTO

Nəsimi rayonu, Cavadxan 19-un sakinləri ayağa qalxdı

Paytaxt rayonlarında «yaşıl soyqırım»ın həyata keçirilməsi ilə bağlı yayılan xəbərlər səngimək bilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq şöbələri tərəfindən ağacları məhv edənlərə qarşı cəza tədbirləri görülsə də, bu istiqamətdə olan problemlər azalmır ki, azalmır. Qeyd edək ki, Bakının Xətai, Xəzər və Nəsimi rayonları ərazisində daha çox ağacların qırılması halına rast gəlinir. Müxtəlif media qurumlarında bu barədə tənqidi materiallar dərc olunsa da, aidiyyətli orqanların rəsmiləri biganəlik nümayiş etdirirlər. Nəsimi rayonunda son vaxtlar aparılan «yaşıl soyqırım» daha intensiv xarakter alıb desək, yanılmarıq.

Qeyd edək ki, paytaxtın ən böyük rayonlarından biri də Nəsimidir. 1969-cu ildə yaradılan bu rayonu şəhərin giriş qapısı da adlandırırlar. Rəsmi məlumatlara əsasən hazırda rayon ərazisində 217900 nəfər qeydiyyatdadır. Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) rəhbəri isə Nəsib Məhəməliyevdir. Məlumat üçün bildirək ki, o, 2006-cı ildən bu vəzifəni daşıyır. Amma rayon sakinləri başçının 9 illik fəaliyyətindən o qədər də məmnun deyillər. Belə ki, sözügedən məmur vəzifədə təmsil olunduğu müddətdə rayonun sosial-iqtisadi inkişafı üçün yox, şəxsi maliyyə imkanlarının yaxşılaşdırılması istiqamətində tədbirlər görüb.

Nəsib Məhəməliyevin fəaliyyətindəki nöqsanlar, onun vətəndaşlarla normal münasibət qurmaması və Nəsimidə törədilən «yaşıl soyqırım»la bağlı müxtəlif media qurumlarında, o cümlədən «Gündəlik Bakı» qəzetində dəfələrlə məlumat verilib. Lakin buna baxmayaraq, icra başçısı qeyri-qanuni əməllərinə son qoymaq əvəzinə daha ciddi qanunsuzluqlar törədir. Sakinlərin xahişini nəzərə alıb dünən Nəsimi rayonundan reportaj hazırlamaq qərarına gəldik. Hazırladıq ki, aidiyyəti instansiyaların rəhbərləri rayonun torpaqlarının qarış-qarış satılmasından və digər sosial problemlərdən xəbər tutsunlar. Və bunun əsasında icra başçısının barəsində müvafiq ölçü götürsünlər.

IMG-20150820-WA007

İcra başçısı yaxınları üçün şərait yaradır

Min-bir zəhmət hesabına yetişdirilmiş yaşıllıqlar daha çox paytaxtın Nəsimi rayonunda məmur işgəncələrinə məruz qalıb məhv edilir. Neçə ildi Nəsimi rayonunun sakinləri haray çəkir. Lakin məmurlar bu harayı sükutla qarşılayır, sanki eşidilmir. Baltaçıya tuş gəlmiş qiymətli ağac növlərinin dilsiz zilləti diqqəti çətin ki, cəlb etsin. İcra başçısı Nəsib Məhəməliyev son bir neçə ildə rəhbəri olduğu rayona vurduğu ziyanın miqyasını gənclərimiz təsəvvür də edə bilməzlər. Lakin Hacıbala müəllimin Bakısının 5-6 onillik öncə mövcud olmuş saysız-hesabsız xəritələrinin dilində bu ziyan milyonları artıq bəlkə də bir neçə dəfə ötüb keçib. Rayonun icra başçısı isə özünə ağacqıran imici qazandırıb. Elə bilirsiniz, Nəsib müəllim təbiətə qarşı bu özbaşınalığın əzabına düçar olmayacaq? Bu dünyada hər kəs əməlinə görə gec-tez cavab verməli olur. Bakı Nəsib Məhəməliyev kimi ağacqırana qucaq açıb, onun bir vaxtlar bəlkə də heç ağlına gətirmədiyi icra başçılığına indiyəcən dözür də. Nəsiminin icra başçısı kəsilən ağacların yerinə yeni yaşıllıqlar salınmasına qol qoysaydı, bunu hardasa başa düşmək olardı. Lakin məhv edilən ağacların duruş gətirib söykəndiyi torpaq  hansısa bir tikinti obyektinə məkan seçilir. Özü də bu seçimin qiyməti tamahı artırır. Bu yazını yazmağa başlamazdan öncə hansısa bir məqamda Nəsib Məhəməliyev bioqrafiyasına nəzər salmaq zərurəti hiss elədim. Düşündüm ki, bir baxım, təbiətə qarşı icra başçısının dövlət məmuruna yaraşmayan tərzdə sərgilədiyi mənfi münasibətin mənfəət kökündə görüm hansı məntiq tapa bilirəm. Maraqlıdır ki, icra başçısı yaşıllıqların qırılmasında təkcə ayrı-ayrı sahibkarlara deyil, hətta öz doğmalarına da güzəştə gedir. Necəliyini aşağıda oxuya bilərsiniz…

IMG-20150820-WA002

Məmur iştahası o qədər güclü olur ki…

Dəfələrlə şahidi olmuşuq ki, paytaxtda hansısa yaşıllıq ərazi əvvəlcə dəmir lövhələrlə hasarlanıb, daha sonra isə oradakı iri gövdəli ağaclar kəsilərək yerin`də müxtəlif obyektlər tikilib. Düzdür, bəzən həmin ərazidə yaşayan sakinlərin ciddi narazılığı ilə üzləşən ağackəsənlər baltalarını yerə ataraq qaçıblar. Amma bir çox hallarda bu belə olmur. Məmur iştahası o qədər güclü olur ki, sakinlərin narazılığına da əhəmiyyət verilmir. Nəsimi rayonu, 5-ci mikrarayon, Cavadxan 19 ünvanında yerləşən yaşıllıq massivi də məmur iştahasına qurban getmək üzrədir. Metronun Memar Əcəmi stansiyasına yaxın ərazidə yerləşən bu ünvan yaşayış binasının həyətindədir. Daha dəqiqi isə, bina sakinlərinin istirahət etdiyi məkandır. Amma bu, Nəsimi rayon icra başçısını heç maraqlandırmır. Çünki belə olmasaydı, qeyd olunan ünvandakı yaşıllığın qırılaraq məhv edilməsinə razılıq verməzdi. Bildirək ki, bir neçə gün öncə iş icraçıları ilə bərabər fəhlələr əraziyə gələrək yaşıllığın qırılması üçün tədbir görüblər. Əraziyə dəmir dirəklər basdıraraq gediblər. Gediblər deyəndə ki, sakinlərin ciddi narazılığını gördükdə işlərini yarım-yarımçıq qoyaraq ərazini tərk ediblər. Vətənaşların redaksiyamıza etdikləri müraciət əsasında qeyd olunan ünvanda olarkən öyrəndik ki, əraziyə elçi düşən rayon icra başçısı Nəsib Məhəməliyevin qardaşıdır. Sakinlər icra başçısının bu addımını etirazla qarşılamaqla yanaşı sona kimi mübarizə aparacaqlarını, həyətlərindəki yaşıllığın qorunması üçün Bakı Şəhər İcra Hakimiyyətinə, Prezident Administrasiyasın müraciət edəcəklərini bildirdilər.

IMG-20150820-WA001

“İmkan verməyəcəyik ki, həyətimizdəki ağaclar kəsilsin”

Sakinlərlə söhbət zamanı onlar bildirdilər ki, heç cür imkan verməyəcəklər ki, bu vaxta  kimi kölgəsində istirahət etdikləri ağacları kəsərək yerində bina ucaltsınlar: “Gördüyünüz bu ərazidəki ağacların yaşı çoxdur. İcra başçısı yeni ağaclar əkdirmək əvəzinə olub-qalan yaşıllıqları məhv etdirir. Belə şey olar?”

Digər sakin də, yaşıllığın qorunması üçün lazımi dövlət idarələrinə xəbər verəcəkərini bildirdilər: “Bir neçə dəfə gəlib əraziyə baxıb getdilər. Sonuncu dəfə isə gələrək, dəmir dirəkləri yerə basdırdılar. Çalışırlar ki, yaşıllığı dəmir lövhələrlə hasarlayıb kəssinlər. Amma binanın sakinləri olaraq qoymayacağıq ki, gözümüz görə-görə ağacları qırsınlar. Axı bu ağacları bizlər əkmişik. Necə razı ola bilərik ki, vaxilə əkdiyimiz ağaclar hansısa məmurun gəlir mənbəyinə çevrilsin”.

Başqa bir etiraz edən sakin isə, bu işdə icra başçısının günahkar olduğunu bildirdi: “Öyrənmişik ki, bu işləri təşkil edən icra başçısının qardaşıdır. Razılığı isə, əlbəttə ki Nəsib müəllim verib. Amma onların bu xoşagəlməz addımına qarşı sakinlər canlı sipər olacaq. İmkan verməyəcəyik ki, həyətimizdəki ağaclar kəsilsin. Ekologiya Nazirliyi hara baxır? Gərək ölkə başçısı bu məsələyə diqqət yetirsin, ondan sonra əlaqədar qurumlar hərəkətə keçsin? Belə narazılıq yaratmaq olmaz. Biz sakinlər sona kimi mübarizə aparacağıq”.

IMG-20150820-WA006 IMG-20150820-WA004 IMG-20150820-WA003 IMG-20150820-WA001

Google+ WhatsApp ok.ru