NƏHRƏVAN DÖYÜŞÜ

İmam Əli (ə) “Siffeyn” döyüşündə öz qoşunundan bir dəstənin israrı ilə “həkəmiyyət” məsələsinə – Əbu Musa Əşəri ilə Əmr Asın danışıqlarına ikrahla razılığını bildirdikdən sonra, öz ordusu ilə Müaviyənin ordusu arasında döyüşə son qoydu. Danışıqlardan bir neçə gün sonra “mariqin” (yolunu azmışlar) və yaxud “xəvaric adı ilə məşhurlaşan həmin dəstə öz işlərindən (həkəmiyyət məsələsinə isrardan) peşman olub, imam Əlidən (ə) danışıqların nəticəsi ilə razılaşmamasını istədi. Amma imam Əli (ə) elə bir şəxs deyildi ki, öz əhdinə vəfasız çıxsın, əhd-peymanını pozsun. Onlar işi belə görüb imam Əlidən (ə) ayrıldılar və Şəbib ibn Rəbi Təmiminin rəhbərliyi ilə o həzrətə qarşı çıxıb, Kufənin Hərura adlı kəndində sakin saldılar. Elə bu səbəbdən, “xəvaric” zümrəsinə “Həruriyyə” də deyilir. Ondan sonra Mədain şəhərinə gedib, imam Əlinin (ə) həmin şəhərə təyin etdiyi hakimi – Abdullah ibn Xubabı, hamilə zövcəsini və bir neçə qadını da qətlə yetirdilər.

İmam Əli (ə) bu xəbəri eşitcək, onlarla döyüşmək üçün otuz beş min nəfərdən ibarət bir ordu ilə Kufədən yola düşdü. İmamın (ə) Bəsrədəki valisi İbn Abbas da İmama (ə) kömək məqsədilə on min qoşun göndərdi. İmam (ə) öz qoşunlarının bir yerə toplanması üçün Ənbar şəhərində gözləməli oldu.

Qoşunlar bir yerə toplaşdıqdan sonra imam Əli (ə) səhabələrinə buyurdu: “Xəvariclə müharibə etmək üçün hərəkət edin. Allaha and olsun ki, bu döyüşdə sizdən on nəfərdən çoxu ölməz...”

İmam Əli (ə) öz ordusu ilə birgə yola düşdü və Nəhrəvan məntəqəsində iki ordu üz-üzə dayandı. İmam Əli (ə) irəli çıxıb, qarşı tərəfi inadkarlıqdan əl çəkib tövbəyə, vəhdət və birliyə dəvət etsə də, onlar o həzrətin ordusuna tərəf ox atmağa başladılar. Nəhayət, iki ordu arasında döyüş başlandı və imam Əlinin (ə) öncədən xəbər verdiyi kimi, öz ordusundan cəmi doqquz nəfər şəhid oldu.

Döyüşdən sonra imam Əli (ə) öz səhabələrinə buyurdu: “Baxın görün, xəvaricdən ölənlərin içində Müxdəc Zussüdəyyə var, ya yox?” Səhabələr nə qədər axtardılarsa, onun cənazəsini tapa bilmədilər. Sonra İmam (ə) özü axtarmağa başladı və nəhayət, Zussüdəyyənin cəsədini görcək: “Allahu-əkbər! Allahın Rəsulu (s) mənə düz buyurmuşdur!” – deyə söyləyib, şükür səcdəsi yerinə yetirdi. Zussüdəyyənin əli qısa, eyni zamanda sümüksüz idi və qolunda artıq ət var idi. Bunu Peyğəmbəri-Əkrəm (s) imam Əəliyə (ə) xəbər vermişdi. (“Мүруҹуз-зәһәб”, 2-ҹи ҹилд, сәһ. 451-452.)

“Nəhrəvan” döyüşü 38-ci hicri-qəməri ilinin Səfər ayının 9-da baş vermişdir. (“Tətimmətül-müntəha”, Şeyx Abbas Qummi, səh. 19-21.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru